Cəbhəyanı bölgələrdə iri obyektlər bağlana bilər - ZƏRURİ...

30-10-2020, 14:12 174 dəfə baxılıb

Ermənilərin Bərdənin mərkəzinə raket atması nəticəsində həlak olan terror qurbanlarının və yaralıların sayı təhlükəsizlik tədbirlərini daha da gücləndirməsini zəruri edir. Bu hazırlıqlar təkcə hava hücumundan müdafiə sistemini daha da yaxşılaşdırmaqdan ibarət olmamalıdır, eyni zamanda əhalinin sıx toplaşdığı məkanlarla bağlı önləyici addımlar atılmalıdır. Əlbəttə, deyilə bilər ki, Gəncəni terror edərkən insanlar yatmışdılar, gecə saatlarıydı, namərdcəsinə yaşayış binalarını hədəf aldılar. Lakin Bərdə hadisəsi göstərdi ki, insanların kütləvi toplaşdığı yerlər var və onların qapadılması, fəaliyyətinə məhdudiyyət qoyulması nəzərdən keçirilə bilər.

“Yeni Müsavat” xatırladır ki, ölkədə müharibə ilə əlaqədar hərbi komendant və pandemiya səbəbindən xüsusi karantin rejimləri olsa da, cəbhəyanı bölgələrdə insanlar çayxanalara toplaşırlar, mağazalarda kütləvi olurlar. Bərdəyə raket hücumu olandan az sonra hadisə yerinə yenə də vətəndaşlar yığışmışdılar. Bu isə əlbəttə ki, çox təhlükəlidir. Təkliflər səslənir ki, hədəf olan bölgələrimizdə iri bazarlar, ticarət mərkəzləri, mağazalar, çayxanalar bağlanmalıdır. Əks halda, arxa cəbhə daha böyük miqyasda zərər görür. Əgər Bərdənin mərkəzində seyrəklik olsaydı, insanlar kütləvi toplaşmasaydılar, bəlkə də 21 mülki şəhid, 70-dən yuxarı yaralımız olmazdı. İstənilən halda, qarşıdakı günlərdə bazarların, iaşə obyektlərinin fəaliyyəti, rayonlardakı nəqliyyatın, insanların küçədə hərəkəti ilə bağlı müvafiq qərarlar qəbul olunmalıdır.

Çünki düşmən Qarabağda ağır zərbələr aldıqca bizə olan nifrətini dinc vətəndaşlarımızdan, azyaşlılardan çıxmağa çalışır. Bir ay ərzində erməni terroru göstərdi ki, onlar 28 ilki xislətlərini dəyişməyiblər. Xocalıda körpələri süngüyə keçirənlər indi də Gəncədə, Bərdədə, Tərtərdə uşaqları bombalayırlar. Hətta onların əlində imkanı olsa, günahsız insanlara acımadan şəhərlərimizi Xirosimaya, Çernobıla çevirməyə hazırdırlar. Fakt budur ki, oktyabrın 29-da diplomatik korpusun nümayəndələri Bərdədə hadisə yerlərinə baxış keçirərkən düşmən yenə rayonu atəşə tutub. Bütün beynəlxalq konvensiyaları, hüquqları pozan işğalçı qüvvədən nə desən gözləmək olar. Odur ki, arxa cəbhə üçün müəyyən tədbirlər planı hazırlanmalıdır.

Bununla bağlı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a söylədi ki, qeyd edilən təkliflərin irəli sürülməsində həqiqət payı və ehtiyac var. Deputatın sözlərinə görə, Gəncə, Bərdə, Tərtər və Ağcabədi düşmən tərəfindən daima hədəfə götürülür: “Bu səbəbdən müəyyən obyektlərin müvəqqəti bağlanması və yaxud bəzi saatlarda işləməsi barədə qərar verilə bilər. Bundan əlavə, həmin müəssisələrin iş qrafikinə müəyyən məhdudiyyətlər tətbiq olunması mümkündür. Hər halda, indiki şəraitdə bu addımlar vətəndaşların təhlükəsizliyi üçün doğru olardı”. Onun fikrincə, dövlət təhlükəsizlik tədbirlərini kompleks şəkildə həyata keçirir, rəşadətli Ordumuz düşmənin döyüş nöqtələrini susdurur, hərbi texnikasını və canlı qüvvəsini məhv edir, amma yuxarıda sadalanan tədbirlərin də təşkili zəruridir.

Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, düşmən cəbhədən uzaq Mingəçeviri, Bərdəni və Ağcabədini atəşə tutur: “Bu məsələ ətrafında ciddi düşünməliyik. Hesab edirəm ki, bunun çarəsi tapılmalıdır. Bizim başımız döyüşə qarışıb, onlar dinc sakinlərimizə xain hücum edirlər. Ona görə insanlarımızı bir az məsafədə saxlamalıyıq. O anlama gəlmir ki, insanlar rayonları tərk etməlidirlər. Sadəcə, itkilərimiz çox olmasın deyə sıx toplaşmaq, kütləvi yığışmaq hallarına yol verməməliyik. Hər kəs Ordumuza kömək göstərməlidir, məsuliyyətini dərk etməlidir”.

Siyasi ekspert Ramiyə Məmmədova təklif edir ki, düşmənin mülki əhalimizi atəşə tutduğu şəhərlərdə insanları panikaya salmadan təhlükəsizlik tədbirləri həyata keçirilə bilər. Onun sözlərinə görə, avtobus və taksi dayanacaqları, restoran-kafelər, geyim mağazaları ilə bağlı addımlar atılmalıdır, seyrəklik təmin olunmalıdır. Ekspertin fikrincə, iş yerlərində, inzibati binalarda, bazarlarda kütləvilik olmamalıdır: “Düşmən fərq qoymadan mülki məntəqələri bombalayır. Amma Gəncə və Bərdə hadisələri əsas verir ki, arxa cəbhə gücləndirilsin. Xüsusən həmin şəhərlərimizdə uşaqların stadionlarda, parklarda oynaması müvəqqəti məhdudlaşdırılmalıdır, valideynləri onları mağazalara, dükanlara özləri ilə aparmamağa çalışmalıdır”.

Qeyd edək ki, sentyabrın 27-dən bu günə kimi 90 dinc sakin erməni terrorunun qurbanı olub. Bunu baş prokuror Kamran Əliyev açıqlayıb. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi bu cür əməllərinə görə cavab verəcək və onlar gec-tez məsuliyyətə cəlb ediləcəklər.
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR