Neft “ağ günə” çıxır: Pandemiya başlayanda 15, bitməmiş 100 dollar? - TƏHLİL

1-03-2021, 10:44 51 dəfə baxılıb

Yaxın bir neçə ildə "Brent" markalı neftin bir barelinin qiyməti 100 ABŞ dollarınadək arta bilər.

"Bloomberg"in verdiyi məlumata görə, bu cür proqnozları "Bank of America" bankının mütəxəssisləri verib. Proqnoza əsasən, artıq bu ilin ikinci yarısında "Brent"in qiyməti 70 dollaradək yüksələ bilər. Məlumata görə, analitiklərin nikbinliyi fundamental göstəricilərin yaxşılaşması və dünyanın bir sıra ölkəsində həyata keçirilən iqtisadiyyatın stimullaşdırılması proqramlarının həyata keçirilməsinə əsaslanır.

Qeyd edək ki, "SOCAR Trading"in (SOCAR-ın qlobal ticarət qolu) ticarət üzrə baş direktoru Xəyal Əhmədzadə 2021-ci il ərzində neftin bir barelinin qiyməti 80 ABŞ dollarına çata biləcəyini qeyd etmişdir. O, yaz aylarında və ya cari ilin sonunadək neftin bir barelinin qiymətinin 80 dollar, yaxın 18-24 ayda isə 100 dollardan çox olacağı təqdirdə təəccüblənməyəcəyini bildirmişdi.

Pandemiyanın bitmədiyi, hətta "üçüncü dalğa”-nın, yeni ştammların yayılacağı ilə bağlı şayiələr dolaşdığı bir vaxtda neft qiymətlərinin yüksələn xətt götürməsi neft istehsal edən ölkələr - cümlədən də Azərbaycan üçün sevindirici olsa da, onun daha yüksək həddlərə gəlib çatacağı bir qədər şübhə doğurur.

Belə ki, neft qiymətlərinin dəfələrlə aşağı enməsini şərtləndirən səbəb məhz pandemiya, dünya ölkələrinin qapanması olmuşdu. Hazırda hələ ki, dünya ölkələri arasında pandemiyadan əvvəlki münasibətlər bərpa edilməyib, ticarət əlaqələri zəifdir.

Belə olan halda neftin bir barel qiymətinin bu il ərzində 70-80 dolları keçməsi, qarşıdakı illərdə isə 100 dollara çatacağı gözləniləndirmi?

İqtisadçı alim Fuad İbrahimov "Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, pandemiyanın təsiri nəticəsində dünya iqtisadiyyatında makroiqtisadi səviyyədə tarazılıq pozulmuşdu:

"O cümlədən də neftin qiyməti durmadan aşağı enirdi. Bu da tələbatın fundamental şəkildə pozulması nəticəsində baş vermişdi. Bu məsələ ilə bağlı müsbət informasiya daxil olmalı idi ki, tələb sağlam şəkildə bərpa olunsun. Nəhayət vaksinasiya ilə bağlı informasiya bazara daxil oldu və dərhal dünya bazarı ona cavab verdi. Neft amilinin ən çox təsir etdiyi ABŞ-da vaksinasiyanın sürətlə aparılması, ən böyük neft istehlakçısı olan Çinin fevral ayında öz limanlarında 120-130 iri həcmli tankerləri qəbul etməsi neft qiymətlərinə öz təsirlərini göstərmiş oldu”.

Fuad İbrahimov bildirir ki, paralel olaraq OPEC+ formatında hasilatın artmasının qarşısının alınması istiqamətində danışıqlar müsbət nəticə verdi:

"Nəhayət ki, Rusiya ilə Səudiyyə Ərəbistanı arasında hansısa ziddiyyət yaranmadı. Bu göstəricilərin hamısı neftin bir barelinin psixoloji baryer olan 60 dolları keçməsinə şərait yaratdı. Hazırda da neftin bir bareli 60-70 dollar dəhlizində üfüqi dalğalanır. Bir barel neftin 70 dollara çatması proqnozu da həyata keçə bilər. Əgər vaksinasiya prosesi sürətlə həyata keçərsə və bəşəriyyət "üçüncü dalğa” deyilən prosesin qarşısını ala bilsə, neftin hətta 70 dolların üzərində olması da mümkündür”.

Neftin bir barelinin 100 dollara çatacağı ilə bağlı proqnozlara gəlincə isə, iqtisadçı alim bildirir ki, bu da istisna olunmur:

"Əgər dünya bazarlarında tələbat sağlam şəkildə formalaşarsa, əlbəttə ki, bu rəqəmlə da rastlaşa bilərik. Amma hesab edirəm ki, hələlik bu haqda danışmaq tezdir. Ümumiyyətlə indiki vəziyyətdə neft barelinin 60 dolların üzərində olması belə çox kövrək və dayanıqsızdır. Ümid edək ki, dünyada gedən peyvəndləşmə prosesi proqnozlara uyğun gedəcək və neftin qiymətində ancaq dayanıqlılığı müşahidə etmiş olacağıq”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR