Sabit manat, artan qiymətlər, çalxalanan neft bazarı - TƏHLİL

10-07-2021, 11:01 149 dəfə baxılıb

Azərbaycan Mərkəzi Bankı şəxsiyyət vəsiqəsi ilə xarici valyuta alışına tətbiq edilən 20 min manatlıq limiti yeniləyib. Bank dairələrindən "Yeni Müsavat”a verilən məlumata görə, limit bu ilin yanvarından yenilənməli olsa da, Mərkəzi Bank bu prosesi 6 aydan sonra həyata keçirib.

Xatırladaq ki, limitin yenilənməməsi son aylarda xaricdə oxuyan övladlarına, yaxud qohumlarına göndərmək üçün xarici valyuta əldə etmək istəyən vətəndaşlara ciddi problemlər yaradırdı. Banklara üz tutan vətəndaşların 2020-ci ilin əvvəlindən bəri tarixçəsinə baxılır, 20 min manatlıq limiti keçənlərdən əlavə sənədlər istənilirdi. Bir çox hallarda hətta əlavə sənədləri gətirənlərə də xarici valyuta, xüsusilə dollar satışından imtina olunurdu. Qeyd edək ki, qanunvericiliyə əsasən ildə 20 min manatlıqdan artıq dollar almaq üçün vətəndaşlar gəlirlər haqqında sənədlər (ev alqı-satqısı müqaviləsi, avtomobil satışının sənədləri və digər rəsmi gəlir sənədləri) təqdim edilməlidir. Təqdim edilən sənədlər Mərkəzi Banka göndərilir, qərar müsbət olarsa bank tərəfindən xarici valyuta satıla bilər.

Əslində bu limit əvvəllər də vardı. Lakin illik yenilənmə müntəzəm olaraq həyata keçirilir, vətəndaşlar müvafiq sənədləri təqdim etməklə limitdən artıq dolları rahatlıqla ala bilirdilər. Lakin 2020-ci ilin martından etibarən limitdən əlavə dollar alınması demək olar ki, mümkün olmurdu. Əldə etdiyimiz məlumata görə, limitin yenilənməsi ilə yanaşı bank şöbələrinə konversasiya əməliyyatları üçün qoyulan vaxt limiti aradan qaldırılıb. Qeyri-rəsmi tətbiq edilən vaxt limitinə görə günorta saat 14.00-dan sonra banklar xarici valyutaların konversasiyasını həyata keçirmirdilər.

Müşahidələr göstərir ki, xarici valyuta alqı-satqısının sərbəstləşdrilməsi ölkənin dollar təminatının yüksəlməsi ilə bağlıdır. Belə ki, yanvar ayından bəri dünya bazarında neftin qiyməti 50 faizdən çox bahalaşıb. Bu, ölkəyə daxil olan valyutanın həcmini artırıb. Digər tərəfdən, idxal əməliyyatlarına, xarici valyutanın hərəkətinə tətbiq edilən qeyri-rəsmi məhdudiyyətlər Azərbaycandan xaricə valyuta çıxışını xeyli azaldıb.

Dövlət Neft Fondunun (ARDNF) məlumatına görə, qurum bu ilin yanvar-iyununda Mərkəzi Bankın hərraclarında 2 milyard 767 milyon dollar məbləğində vəsait satıb ki, bu da 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə təxminən 31 faiz azdır. Ötən il ərzində Neft Fondu valyuta hərraclarında 7 milyard 304 milyard dollar məbləğində vəsait satıb. Bu, 2019-cu illə müqayisədə 11 faiz çoxdur.

Neft Fondunun dollar satışı iyun ayında sürətlənib. Keçən ay fond hərraclarda 463,6 milyon dollar satıb. Bu göstərici cari ilin may ayı ilə müqayisədə 48,2 faiz, ötən ilin iyun ayı ilə müqayisədə isə 24,2 faiz artıb. Qeyd edək ki, aprelin 30-da keçirilən faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirmişdi ki, ARDNF-nin valyuta satışları qrafikdən geri qalır və fond 4 ayda valyuta satışlarını azaldaraq 140 milyon dollara qənaət edib.

Bundan əvvəl ARDNF-dən bildirilib ki, Neft Fondunun dövlət büdcəsində 12,2 milyard manat həcmində büdcə öhdəliyi nəzərdə tutulub və bu öhdəliyin icrası üçün fond tərəfindən il ərzində ümumilikdə 7,17 milyard dollar 12 ay ərzində satışa çıxarılır.

Beləliklə, göründüyü kimi, Azərbaycanda dollar bolluğu var və hökumət bu şəraitdə manatın məzənnəsini sabit saxlamaqda qərarlıdır. Milli valyutanın məzənnəsi sabit olsa da, bazardakı qiymətlər sabit deyil. İlin əvvəlindən bəri Aİ-92 benzini, dizel yanacağı, içməli su və qazın qiyməti artırılıb, eyni zamanda ərzaq məhsulları və tikinti materiallarının qiymətində kəskin bahalaşma gedir. Baxmayaraq ki, BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) məlumatına əsasən iyun ayı ərzində dünya üzrə ərzaq qiymətlərində 2,6 faizlik azalma qeydə alınıb, Azərbaycanda tam əksinə proses gedib.

Hökumətin inflyasiyanın artması fonunda manatın məzənnəsini sabit saxlaması hansı məqsəddən irəli gəlir? Bu, kimin cibinə xeyirdir: əhalinin, yoxsa dövlətin?

İqtisadçı-ekspert Rəşad Həsənovun "Yeni Müsavat”a dediyinə görə, cari konyuktur manatın məzənnəsinin saxlanması üçün kifayət qədər əlverişlidir: "Hazırda biz son günlərin ucuzlaşması nəzərə alındıqda belə, neftin qiymətinin büdcədə götürüləndən 80 faiz yüksək olmasını müşahidə edirik. Digər tərəfdən, əhalinin ölkədən kənara çıxışı pandemiya səbəbindən kəskin məhdudlaşıb - bu, ölkə daxilində xarici valyutaya tələbi azaldan faktorlardan biridir. Eyni zamanda pandemiya üzündən əhalinin alıcılıq qabiliyyəti kəskin azaldığına görə istehlak bazarında məhsulların satışını azaldır. Bu isə idxal prosesinə mənfi təsir göstərir - əhali daha çox ucuz məhsulları almağa üstünlük verir. Bundan əlavə, fiziki şəxslərin xaricdən mal ala biləcəkləri məbləğ keçən ilin sentyabrından kəskin azaldılıb. Başqa bir faktor manatın məzənnəsinə olan güvənin ötən ilin martına nisbətən artmasıdır”.

Ekspertin fikrincə, hazırkı şərtlər uzunmüddətli olmayıb, çox tezliklə dəyişə bilər: "Bütün faktorlara xarici şokların təsirinə qarşı çox həssas olaraq qalır. Bunun da əsas səbəbi qeyri-neft iqtisadiyyatının zəif inkişafıdır. Bu zəif inkişaf ölkəyə neftdənkənar sahələr üzrə valyuta axınını təmin etməyə imkan vermir. Hazırkı şərtlər əhaliyə inflyasiya aspektindən üstünlüklər təmin edir. Əgər manat sabit qalmazsa, devalvasiya olarsa, bu, Azərbaycanı idxal inflyasiyasının ciddi təsirinə məruz qoyar. Çünki ölkədə istehsal və istehlak əhəmiyyətli şəkildə idxaldan asılıdır. Buna görə də manatın məzənnəsindəki sabitlik Azərbaycanda idxal inflyasiyasının təsirlərini azaltmağa imkan verir. Bütün bunlar deməyə əsas verir ki, hazırda hökumətin manatın məzənnəsini sabit saxlamaq siyasəti məqbuldur, çünki əhalinin sosial vəziyyətinin pisləşməsinin qarşısını alır”.

Yeri gəlmişkən, qeyd edək ki, dünya bazarında neftin qiyməti sürətlə aşağı düşməkdədir. İyulun 6-7-də 77 dollar civarında olan qiymətlər bir gün sonra - iyulun 8-də 73 dollardan da aşağı düşüb. Beynəlxalq mərkəzlər bu prosesin iki əsas amillə bağlı olduğu qənaətindədirlər. Bunlardan birincisi OPEK+ ölkələri arasında ziddiyyətlər üzündən avqust ayı üçün hasilat səviyyəsinin müəyyənləşdirilməməsidir. Belə ki, OPEK+ ölkələrinin böyük əksəriyyəti avqust ayında gündəlik hasilatın 400 min barel artırılmasına, hasilatın azaldılmasına dair ümumi razılaşmanın müddətinin isə 2022-ci ilin aprelindən ilin sonuna çəkilməsinə tərəfdardırlar. Lakin iri hasilatçılardan biri olan Birləşmiş Ərəb Əmirlikləri bu varianta şərtlə razılıq vermək istəyir: ölkə hasilatın azaldılması kvotasının onlar üçün fərqli tarixdən hesablanmasını tələb edir. Bu isə BƏƏ-nin hasilatı 1 milyon bareldən yuxarı artırmasına imkan verəcək. Razılaşmanın digər üzvləri, xüsusilə də aparıcı ölkələr olan Rusiya və Səudiyyə Ərəbistanı bununla razılaşmırlar. Bu fikir ayrılığı OPEK+ çərçivəsində həftənin əvvəlindən başlayan müzakirələrin nəticə əldə etmədən yarımçıq saxlanmasına gətirib çıxarıb.

Neft bazarına neqativ təsir göstərən ikinci amil dünyada dolların məzənnəsinin möhkəmlənməsidir. ABŞ-da neft ehtiyatlarının azalmasına dair gözləntilər belə OPEK+ arasındakı ziddiyyətlər və valyuta bazarı da baş verənlər fonunda bazara pozitiv təsir göstərə bilmir.

İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramov bildirir ki, OPEC+ Alyansında müşahidə edilən fikir ayrılıqlarının neftin qiymətinə təsirsiz ötüşməyəcəyi gözlənilən idi: "Bu həftəyə hər bareli üçün 77 dollar qiyməti ilə start verən Brent markalı neftin qiyməti 73 dollaradək azalıb. Bu, neftin qiymətində son 3 gündə 5 faizdən çox azalma deməkdir. Digər tərəfdən, ABŞ dollarının dünya valyuta bazarında möhkəmlənməsi də strateji məhsulların, o cümlədən neftin qiymətinə təsir göstərir. Son 1 ayda dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb. Möhkəm dollar da neft bazarına təsir etməkdədir.

OPEC+ Alyansının gələcək taleyi neftin qiymətinin dəyişməsinə birbaşa təsir edəcək. Doğrudur, qlobal vaksinasiya səviyyəsinin genişlənməsi, yay aylarında inkişaf etmiş ölkələrdə, xüsusən də Birləşmiş Ştatlarda daxili səfərlər səbəbindən benzinə tələbin artması enerji bazarında qiymətlərin xeyirinə işləyən mövsümi faktorlardandır. Amma bütün hallarda neft bazarında volatilliyin davam edəcəyi şübhəsizdir".

Millət vəkili bildirir ki, enerji məhsulları ixrac edən əksər ölkələr, eləcə də Azərbaycan üçün neft bazarındakı stabillik valyuta daxilolmalarının optimallığı baxımdan vacibdir: "Əksər neft ölkələri üçün 1 barel neftin qiymətinin 75-80 dollar intervalında stabilləşməsi iqtisadi baxımdan məqbul hesab olunur. Amma neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı son volatillik bir daha təsdiq edir ki, enerji resursları ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asılılığı minimumlaşdırmaqdır”.
"Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR