Türkiyə iqtisadiyyatını seçkidən sonra nə gözləyir?

4-04-2019, 11:10 268 dəfə baxılıb

Türkiyə iqtisadiyyatını seçkidən sonra nə gözləyir?


Şahin Cəfərli: “Türkiyə-Qərb gərginliyinin iqtisadiyyata proyeksiyası qaçılmazdır”
Türkiyə neçə aylardır davam edən seçki həyəcanından qurtuldu. Seçimlər başa çatdı və nəzərlər yenidən siyasətdən iqtisadiyyata yönəldi. Hansı ki, seçki marafonuna Türkiyə ciddi iqtisadi problemlərlə girmiş, bu problemlər seçki dartışmaları dövründə daha da dərinləşmişdi...

Yerli ekspertlər Türkiyə iqtisadiyyatındakı geriləmənin iki əsas qaynağını göstərirlər. Bunlar istehlak və sərmayə mənşəli geriləmələrdir. Belə ki, sərmayəçilər ölkədə mövcud olan qeyri-müəyyənlikdən və əsasən də inamsızlıqdan ehtiyatlanaraq hər hansı yatırım etməyə tələsmirlər. Bu etmadsızlıq mühiti davam etdiyi müddətdə Türkiyə iqtisadiyyatına sərmayələrin sürətli azalması prosesinin daha da sürətlənəcəyi şəksizdir. Bu şəraitdə istehlakçılar da gözləmə mövqeyini tutmağa üstünlük verirlər ki, bu da problemləri getdikcə daha da dərinləşdirir. Bu cür ağır iqtisadi şərtlərlə keçən seçkilərdən sonra Türkiyə iqtisadiyyatını nə gözləyir? Bu sahədə hansı proseslər gedə bilər?

Sualları cavablandıran politoloq Şahin Cəfərli bildirir ki, qonşu ölkədə iqtisadi böhran dərinləşməkdə davam edir: “Statistika Qurumunun (TÜİK) mart ayına dair bu gün (3 aprel, 2019) açıqladığı ən yeni rəqəmlər də bunu göstərir. Ötən ay ölkədə meyvə-tərəvəzin qiyməti 9 faiz artıb və illik artım 71 faiz təşkil edib. İstehsalçı qiymət indeksi 1,5 faizdən çox artıb və bu sahədə illik artım 29,6 faiz olub. Dərman 16 faiz bahalaşıb və səhiyyə xidmətlərində bahalaşma 3,8 faiz həcmində qeydə alınıb. Mart ayında inflyasiyada yüksəliş 1 faizdən çox olub və illik inflyasiya 19,7 faiz təşkil edib. Benzin 6 faiz, mazut 4 faiz bahalaşıb və neftin qiymətinin yüksəlməsi Türkiyədə həm neft məhsullarının qiymətinin artmağa davam edəcəyinə, həm də ölkənin xarici ticarət balansında mənfi saldonun yüksələcəyinə işarədir. Qarşıdakı bir il ərzində Türkiyə 174 milyard dollar xarici borc ödəməsi həyata keçirməlidir, Mərkəzi Bankın net valyuta ehtiyatlarının həcmi isə cəmi 21,7 milyard dollar təşkil edir. Ölkə borcu borcla qapatmaq durumundadır. Türkiyənin CDS (Credit Default Swap) indeksi son aylar çox yüksəldiyi, yəni risk böyüdüyü üçün yüksək faizlə borclanma məcburiyyəti yaranıb, bu da ciddi problemdir”.

Türkiyədə hazırda rəsmi işsizlik 13,5 faiz, qeyri-rəsmi işsizlik 19,5 faiz, gənclər arasında işsizlik 24,5 faizdir: “Bunlar son 30 ilin ən yüksək rəqəmlərdir və ölkənin mövcud iqtidar dövründə analoqsuz inkişafına dair təbliğatın və təsəvvürlərin gerçək olmadığını sübut edir. Sadəcə olaraq, Türkiyə 2002-ci ildən üzü bəri əlverişli beynəlxalq siyasi-iqtisadi konyuktura səbəbindən xaricdən həm ucuz borc, həm də kapital cəlb edə bilirdi, banklar daxildə cəlbedici şərtlərlə kreditləşmə həyata keçirirdi, yəni faktiki olaraq əhaliyə aşağı faizlə pul paylanırdı və iqtidar partiyasının ardıcıl seçkiləri qazanmasında bunun rolu böyük idi. İstehlakın genişlənməsinə, tikinti bumuna əsaslanan böyümə modeli seçilmişdi, bu isə dayanıqlı olmadı. Zəruri institutsional islahatlar aparılmadı. 2013-cü ildən sonra Amerika Mərkəzi Bankı (FED) faizləri yüksəltməyə, daha sonra dövriyyədəki dollar kütləsini azaltmağa başladı. Bu, inkişaf etməkdə olan bazarlar kateqoriyasına aid ölkələrə, o cümlədən Türkiyəyə tədricən mənfi təsirlərini göstərməyə başladı, çünki ucuz borclanma dönəmi sona yetdi. Siyasi sahədə isə Qərblə münasibətlərdə problemlərin yaranması, eləcə də siyasi azadlıqların, media azadlığının, məhkəmə müstəqilliyinin məhdudlaşdırılması və sərt mərkəziyyətçi idarəçilik modelinin seçilməsi ölkəyə kapital axınının azalmasına səbəb oldu və əksinə, kapital ölkədən qaçmağa başladı”.

Politoloqun dediyinə görə, Türkiyədəki hazırkı iqtisadi böhranın səbəbləri dərindir və təkcə iqtisadiyyatla əlaqəli deyil: “Burada yanlış daxili siyasət, yanlış iqtisadi böyümə modeli, xarici siyasət problemləri, eləcə də Türkiyədən asılı olmayan qlobal iqtisadi proseslər kimi çoxşaxəli, kompleks məsələlər rol oynayır. Problemin həlli də məhz kompleks yanaşma və yeni viziyon tələb edir. Qısaca desək, mövcud siyasət öz resurslarını tükədib və dəyişməlidir. Prezident Ərdoğan 31 mart gecəsi balkon nitqində institutsional islahatların (yapısal reformlar) həyata keçiriləcəyini bəyan etdi. Bu, yaxşıdır, amma onun institutsional islahatlar deyərkən nəyi nəzərdə tutduğu aydın olmadı. Mən düşünürəm ki, siyasi sahədə yumşalma olmadan, insan hüquq və azadlıqları, media azadlığı, məhkəmə müstəqilliyi təmin edilmədən Türkiyədə iqtisadi inkişafı təmin etmək mümkün olmayacaq. İqtisadi inkişafın yolu daxili və xarici siyasətə ciddi korrektələr edilməsindən keçir. Məsələn, hazırda ABŞ və Türkiyə arasında S-400 məsələsinə görə gərginlik artır. Vaşinqton artıq 5-ci nəsil F-35 hərbi təyyarələrinin istehsalı layihəsində yer alan Ankaraya qarşı sanksiya xarakterli addımlar atmağa başlayıb.

ABŞ-Türkiyə siyasi münasbitlərindəki problemlərin Türkiyə maliyyə bazarına neqativ təsirlərini biz rahib Branson olayında gördük. Türkiyə maliyyə bazarı ABŞ-la və ümumilikdə Qərblə əlaqələrin soyumasına əsəbi reaksiya verir. Bunun çox bəsit səbəbləri var: Türkiyə iqtisadiyyatı qlobal iqtisadiyyata inteqrasiya olunub və Qərb dövlətləri ilə çox sıx kooperasiya mövcuddur. Türkiyənin ixracının 70 faizdən çoxu Avropa Birliyi üzvü olan və olmayan dövlətlərin, ABŞ-ın və Kanadanın, bir sözlə, Qərbin payına düşür. Türkiyə sənayesi üçün əsas ixrac bazarı alternativ qütb olan Rusiya, Çin kimi ölkələr deyil, məhz Qərb ölkələridir. Bu baxımdan siyasi sahədə Türkiyə-Qərb gərginliyinin iqtisadiyyata proyeksiyası qaçılmaz olur. Bu gərginlik maraqların qarşılıqlı qorunması şərti ilə həll olunmalıdır və ölkə daxilində zəruri islahatlar gecikdirilmədən həyata keçirilməlidir. Əks təqdirdə, Türkiyənin gələcəyi qeyri-müəyyən görünür”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR