“Liviyada qanuni hökuməti dəstəkləyən Ərdoğan Suriyada niyə bunu etmir?”

10-02-2020, 18:52 266 dəfə baxılıb

 “Liviyada qanuni hökuməti dəstəkləyən Ərdoğan Suriyada niyə bunu etmir?”

Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar paytaxt Tripolidən 400 km uzaqda yerləşən Sirtə şəhərini də ələ keçirərək, öz mövqelərini daha da gücləndirib. Bu isə Milli Barışıq Hökumətini dəstəkləyən Türkiyənin Liviyadakı maraqlarına cavab vermir. Görəsən, məlum işğal hadisəsindən sonra Türkiyə-Liviya gərginliyi nə ilə nəticələnə bilər?

“Ovqat”.com-un suallarını cavablandıran politoloq Zərdüşt Əlizadə deyib ki, hərbi güc Haftarın tərəfindədir: “O, ölkə ərazisinin böyük əksəriyyətinə nəzarət edir, beynəlxalq miqyasda da tərəfdarları və hamiləri var. Haftar istəyir ki, Liviyanın ərazi bütövlüyünü bərpa etsin və bunun üçün müəyyən iqtisadi maraqları, xüsusilə qaz sahəsində iqtisadi maraqları olan xarici ölkələrlə əməkdaşlıq edir. Türkiyə isə istəyir ki, qaz sahəsində qaz biznesinə girişsin və bunun üçün də rəqiblərinin çəkəcəyi qaz xəttini əngəlləsin. Həmin çəkiləcək qaz xətti Liviyanın da məhəlli sularından keçir və Liviyanın qanuni, lakin tədricən məğlub olan siyasi rəhbəri Faiz Sərrac elan edib ki, o, bu qaz kəmərinin Liviya ərazisindən çəkilməsini dəstəkləyəcək. Xəlifə Haftar isə deyib ki, o, buna mane olacaq. Beləliklə, bir qaz layihəsi ətrafında ziddiyyət yaranıb. Türkiyə istəyir ki, İsraildən, Livandan, Suriyadan ora qaz kəməri çəkilməsin, Türkiyənin qaz kəməri çəkilsin və bu işdə də Faiz Sərrac hökuməti köməkçi ola bilər. Avropanın bir çox ölkələri və ərəb ölkələrinin başçıları istəyirlər ki, qaz çəkilsin və bu işdə də onlara Sərrac kömək olsun. Amma bəzi ölkələr, o cümlədən Rusiya istəmir ki, belə qaz kəməri çəkilsin. Ona görə onlar xəlifə Haftarı dəstəkləyirlər. Bax, belə bir qaz məsələsi ətrafında ziddiyyət yaranır və bu da daxildə gedən hakimiyyət uğrunda çarpışmaya öz təsirini göstərir”.



Z.Əlizadənin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan vəziyyətdən isitifadə edir: “Faiz Sərracın beynəlxalq miqyasda, o cümlədən BMT tərəfindən tanınmasına istinad edərək deyir ki, mən qanuni hökuməti müdafiə edirəm. Əgər sən bu vətəndaş qarşıdurmasında qanuni hökuməti müdafiə edirsənsə, bəs, Suriyada niyə Bəşər Əsəd hökumətini müdafiə etmirsən? Axı, Suriyada qanuni hökumət Bəşər Əsəddir. Və açıq-açığına deyir ki, mən imkan vermərəm ki, Bəşər Əsəd öz dövlətinin ərazilərinə tam nəzarətini bərpa etsin. İcazə vermərəm ki, İdlibi tutsun, hansı ki, İdlib Suriyanın şəhəridir. Qanuni prezident Bəşər Əsəd İdlibdə terrorçu qrpulaşmaları zərərsizləşdirməyə çalışır. Ərdoğan isə buna mane olur. Yəni bu, Ərdoğanın xarici siyasətində hansısa bir əxlaqi və məntiqi meyarların olmamasının parlaq sübutdur”.

Z.Əlizadə düşünmür ki, Ərdoğan türk ordusunu geniş miqyasda Liviyaya yeridəcək: “Əgər o, bunu etsə, əvvəla, itkilər artacaq. İkincisi, maliyyə xərcləri artacaq, üçüncüsü də Türkiyənin Avropadakı nüfuzuna ciddi ziyan dəyəcək. Buna görə Haftarı dəstəkləyən bir çox ölkələr, o cümlədən Rusiya ilə toqquşmalara sövq ediləcək. Belə bir şəraitdə mən cənab Ərdoğanın hansı siyasi qərar qəbul edəcəyini dəqiq bilmirəm. Məndən olsaydı, Liviyanın işinə qarışmazdım. Bu Liviyanı Qərb dövlətləri dağıtdılar, parçaladılar, xalqı bədbəxt etdilər. Adları oldu ki, demokratiya naminə mübarizə aparırlar, amma, əslində, bu bölgəni məhv etdilər, onlara itaət etməyən sosialist yönümlü bir siyasi lideri məhv etdilər və bununla da özləri üçün külli miqdarda üstünlüklər yaratdılar. Afrikanın kilidli qapısı olan Liviyanın qapıları taybatay açıldı və miqrant axını Avropaya axışmağa başladı və bu da Avropa üçün böyük bir problem yaratdı”.



Nəzakət Məmmədova:“Türkiyə öz milli maraqlarına uyğun olan qüvvələrlə əməkdaşlıq edir”



Politoloq Nəzakət Məmmədova isə diqqətə çatdırdı ki, Türkiyənin Liviyada müdafiə etdiyi tərəf BMT tərəfindən tanınmış qanuni hökumətdir: “Eyni zamanda həmin hökumətin nəzarətində olan təkcə paytaxt Tripolidə ölkə əhalisinin 40 faizi yaşayır. Türkiyəni bir sıra dövlətlər, o cümlədən Liviyanın qonşuları Əlcəzair və Tunis müdafiə edirlər. Bu baxımdan, Türkiyənin Liviya məsələsində beynəlxalq koalisiya yaratmaq imkanları var. Türkiyə Qətərdə olduğu kimi, Liviyada da hərbi baza yarada bilər. Buna həm ikinci güclü NATO üzvü kimi özünün hərbi-texniki imkanları var, həm də Liviyanın adı çəkilən qonşu ölkələri dəstək verə bilərlər. Liviya Türkiyə üçün geosiyasi, hərbi, iqtisadi, enerji əhəmiyyəti olan ölkədir, Afrikaya açılan qapılardan biridir. Türkiyə bunu vaxtilə Misirdə Mursi vasitəsilə etməyə çalışdı, lakin müvəffəq olmadı. Liviya, Sudan, Somali kimi ölkələrlə yaxınlıq Türkiyəyə Afrikaya doğru hərbi, iqtisadi-ticarət sahəsində genişlənmə imkanları açar”.

Məmmədova vurğuladı ki, Türkiyə Osmanlının varisi kimi bu bölgəyə yeni gələn dövlət deyil, onun burada möhkəmlənmə şansları yüksəkdir: “Lakin indi onun qarşısında hələ Osmanlı burada hegemonluq edəndə dünya xəritəsində mövcud olmayan ABŞ, İsrail, Rusiya və s. kimi rəqiblər var, Türkiyə onlarla bugünkü güclərinə görə hesablaşmağa məcburdursa, onlar da Türkiyənin həm də keçmişinə görə, onun maraqlarını qəbul etmək məcburiyyətindədir”.

Liviyada ikihakimiyyətlilik olduğunu nəzərə çatdıran N. Məmmədova qeyd etdi ki, şərqdə ordu ilə əməkdaşlıq edən parlament qüvvələri, qərbdə milli barışıq hökuməti adlanan qüvvələr mövcuddur: “Bunların hər ikisini ayrı-ayrı beynəlxalq təşkilatlar, dövlətlər tanıyır və əməkdaşlıq edirlər. Türkiyə öz milli maraqlarına uyğun olan qüvvələrlə əməkdaşlıq edir, necə ki, ordu rəhbəri Haftarla başqa beynəlxalq güclər əlaqələr yaradıblar. Hər halda, Qərb təşkilatları qərbdəki hökuməti tanıyır və Türkiyə də məhz onlarla əlaqə saxlayır. Gərginliyin nə ilə nəticələnəcəyini demək çətindir, görünən odur ki, Liviya da Suriya, Yəmən, Livan kimi Böyük Orta Şərq burulğanında gərginlik nöqtələrindən birinə çevrilməyə davam edəcəkdir”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR