“Bu virus hər zaman bizimlə olmayacaq, lakin erməni problemi əzəldən bizimlə olub və olacaq da”

23-07-2020, 12:51 189 dəfə baxılıb

Son günlər ölkədə koronavirusa yoluxanların sayında azalmalar müşahidə olunur. Həm bununla bağlı son statistikalar, həm də 12 iyul hadisələri, 14 iyulda keçirilən aksiyalar sanki koronavirus mifini bir qədər “sındırıb”. Bir qisim ekspert də qeyd edir ki, xüsusən də 14 iyul aksiyası cəmiyyətin ictimai şüurunda koronavirus qorxusunu bir qədər azaldıb. Bir qisim də hesab edir ki, bu toplu yürüşlərdən sonra cəmiyyətdə koronavirusa qarşı kütləvi immunitet də formalaşıb. Ancaq bunun əksini düşünənlər, yoluxmaların sayının arta biləcəyini iddia edənlər də var.

Mövzu ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb. O deyib ki, həqiqətən də, 14 iyun aksiyasından sonra koronavirus məsələsi sanki arxa plana keçdi: “Vətən məsələsi elə bir məsələdir ki, ona bağlılıq, bununla bağlı emosiyaların coşması qarşısında heç bir əlavə təhlükə insanı qorxutmur. Xüsusən də nəzərə alsaq ki, Azərbaycan insanının vətənpərvərlik, torpağa bağlılıq, qürur hissi çox güclüdür, bu mənada koronavirus təhlükəsi ilə bağlı fikirlərin arxa plana keçməsi təbiidir. Bunun hətta elmi izahı da var. Belə ki, tibdə ağrı məsələləri bağlı Uxtomskinin ”Dominantlıq prinsipi" var. Həmin prinsipə əsasən, hər zaman beyində yeni bir təhlükə və yaxud qıcıq, stress mənbəyi yaranarkən, beyin bundan əvvəlkini unudur. Məsələn, insanın bir ağrısı varsa və başqa nahiyədə dəhşətli ağrı ortaya çıxdıqda əvvəlki ağrı unudulmağa başlayır.

Beləliklə, 12 iyul hadisələri, vətənimizin sərhədlərinin pozulması insanlarımızı coşdurdu, onlar ümumi koronavirus bəlasını müvəqqəti olaraq unutdular, əzəli bəlkə də əbədi olan erməni məsələsini yada saldılar. Həmrəylik və yekdilliklə öz etirazlarını bildirdilər, küçələrə çıxdılar, orduya yazıldılar. Həmçinin məlum olduğu kimi, dünyanın bir çox ölkəsində də azərbaycanlılar bu cür aksiyalar keçirdi. Təbii ki, bütün bunlar qürurvericidir".

Zülfüqar Yusifov bildirdi ki, bununla yanaşı, koronavirus da bir bəladır və insanların həyatı üçün təhlükədir:

“İnsanlarımız nə qədər az xəstələnər, sağlam olarlarsa, bu bizim vətənimiz üçün sevindirici, ermənilərə üçün isə zərbə olar. Beləliklə, bütün vətənpərvərlik işlərini təxirə salmadan, insanların özlərini qoruması, maska taxması, sosial məsafə gözləməsi zəruri və mütləqdir.

Koronavirus pandemiyası bir problem kimi getdikcə aradan qalxacaq, bu virus hər zaman bizimlə olmayacaq. Lakin erməni problemi əzəldən bizimlə olub və olacaq da. Bu problemi daha uğurlu həll etmək üçün insanlarımızın sağlam, güclü, ayaqda olması lazımdır".

Zülfüqar Yusifov son günlərdə ölkədə virusa yoluxanların sayının azalmasına da münasibət bildirib. Onun sözlərinə görə, proqnozlara əsasən avqustun sonunda virusa yoluxma sayında daha ciddi enmələr ola bilər: “İtaliya, İspaniya təcrübəsinə baxanda da görürük ki, hansı dövrdə hansı statistika oldu və sairə. Yəni bu onunla bağlıdır ki, əhalinin böyük bir hissəsi yoluxmuş olur. Doğrudur, biz hər zaman statistikanı izləyirik. Lakin həkim həmkarlarımın da dediyinə qoşuluram ki, real statistikanın rəqəmləri rəsmi statistikadan xeyli çoxdur. Virusa yoluxanların arasında məlumat verməyənlər, qeydiyyata düşməyənlər, ayaqüstü keçirənlər də var. Hər halda rəsmi statistikada müsbət dinamikanın olması müsbət haldır”.

Zülfüqar Yusifov koronavirusun davranış xüsusiyyətlərindən də danışıb: “Bu virus həddən artıq özünü qaydalara sığmayan şəkildə aparır. Hətta yoluxması, kliniki gedişatı fərqli olur. Ona görə də virusun artıb-azalma dalğası haqda doğru proqnoz vermək çox çətindir. Çünki virusun özü yenidir və tibb elminin bu sahədə təcrübəsi bir neçə aya söykənir. O cümlədən qarşıdan gələn payız aylarında virusun bizə nə vəd edəcəyini də bilmirik. Bütün bunları nəzərə alaraq, ehtiyatı əldən vermək olmaz. Dünya ölkələrində, o cümlədən Azərbaycanda modul tipli xəstəxanaların tikilməsi, bütün bunların hamısı, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının da verdiyi mesajlar onu göstərir ki, bu virusla bir müddət yoldaşlıq edəcəyik. Ona görə də rahatlanmaq heç olmaz.

Digər xəstəliklərdə olduğu kimi, bu virusda da təkcə uğur qazanmaq deyil, qazanılan uğuru davamlı saxlamaq lazımdır. Xatırlayırsınızsa, bir dəfə belə bir hadisə başımıza gəldi - ortada uğur var idi, karantin rejimi yumşadıldı, insanlar sanki virus yoxmuş kimi davranmağa başladı, bir-biriləri ilə sıx ünsiyyət saxladılar, sosial məsafə gözləmədilər, maska taxmadılar, nəticədə virus sürətlə yayılmağa başladı.

İndi də 14 iyun aksiyası ilə bağlı narahatlıqlar var ki, virus yenidən arta bilər. Amma təki olmasın. Hətta belə bir versiyalar da var ki, insan emosional olanda immun sistemi artır, virusa qarşı güclü olur, yoluxma riski azalır. Bu ehtimalları da dəyərləndirmək olar".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR