“Bu, bütün azərbaycanlılar üçün müqəddəs müharibədir” - Mixail Zabelin

28-10-2020, 18:27 288 dəfə baxılıb

Biz Azərbaycanda yaşayan və həm 90-cı illərdə, həm də indi azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə dayanan, Vətənimizi qoruyan ruslarıq. Bunu AYNA-ya Milli Məclisin deputatı, Azərbaycandakı Rus İcmasının rəhbəri Mixail Zabelin deyib.

“Qarabağ bizim tarixi torpaqlarımızdır və Azərbaycan ərazisində yaşayan bütün xalqlar bu Vətənin azadlığı uğrunda mübarizə aparır. 30 ildir ki, Azərbaycan bu münaqişənin ədalətli həllini dünya birliyindən gözləyirdi, amma təəssüf ki, Paşinyan başda olmaqla, erməni radikal elitası sülh danışıqlarını dayandırmaq üçün bütün tədbirləri gördü. Bütün dünya bilməlidir ki, silahlı toqquşmalara səbəb olan Paşinyanın addımları idi”, - deputat bildirib.

Zabelin vurğulayıb ki, Azərbaycan öz ərazilərinin qaytarılması üçün ədalətli Vətən Müharibəsi aparır: “Buna görə də bu, bütün azərbaycanlılar üçün müqəddəs bir müharibədir. Milliyyətindən - ruslardan, ləzgilərdən, yəhudilərdən, talışlardan asılı olmayaraq, hamımız vətənimiz uğrunda mübarizə aparırıq. Azərbaycan Prezidentinin müraciəti bütün Azərbaycan xalqına ilham verdi və erməni faşistlərinə qarşı mübarizədə səfərbər etdi. Dinc şəhərləri vuranlar və bu şəkildə döyüş sahəsindəki itkilərini kompensasiya etməyə çalışanlar məhz erməni faşistləridir”.

“Erməni raketlərinin hara yönəldiyinə diqqət yetirmək lazımdır. Xızı, Kürdəmir, Yevlax və digər ərazilərimizin dinc, hətta, cəbhə bölgələri olmayan şəhərlərdir. Gəncə şəhəri, xüsusilə erməni faşizmindən əziyyət çəkdi - gecə vaxtı insanlar yatarkən məqsədyönlü bir bombardman etmək yalnız faşistlərə xasdır. Gəncənin bombalanması nəticəsində, 13 yaşlı rus oğlan - Artur Mayakov da daxil olmaqla, uşaqlar öldü. Milliyyətcə rus, ruhən isə azərbaycanlı idi Artur. Həkimlər onu qurtarmağa çalışdılar, amma alınmadı və öldü. Bu cinayəti edənlər cavab verəcəklər. Azərbaycan ədalətli müharibə aparır”, - icma rəhbəri söyləyib.

Milli Məclis üzvü əlavə edib ki, ermənilər döyüş meydanında məğlub olduqlarını görüb, üçüncü qüvvələri öz tərəflərinə çəkməyə çalışırlar: “Yəni Rusiya və KTMT-ni cəlb etmək istəyirlər. Bütün dünya bilir ki, bu təşkilatın məsələyə müdaxilə etməsi üçün əsas – yəni Ermənistan ərazisində müharibə yoxdur. Biz yalnız öz ərazimizdə erməni işğalçılarına qarşı mübarizə aparırıq. Ermənistan məqsədyönlü şəkildə ərazilərindən raketlər atır ki, Azərbaycan cavab versin. Bu, erməni tərəfinin alçaq yanaşmasıdır”.

Müsahibimiz, bu yaxınlarda cəbhəyə könüllü gedən Denis Prodini, daha sonra isə Dmitri Solntsevi dəfn etdiklərini diqqətə çatdırıb: “Dmitrinin cəmi 25 yaşı vardı və ailə qurmağa belə, macal tapmadı. Cəbhəyə getdi və orada şəhid oldu. Azərbaycanın Rus İcması müharibənin ilk günlərində açıqlamalar verdi, lakin təəssüf ki, şəxsən mən Rusiya telekanallarına gedib çıxa bilmədim, baxmayaraq ki, müraciət göndərilmişdi. Çıxışlarım bir çox sosial media platformasında yayımlandı”.

Millət vəkilinin sözlərinə görə, MDB Parlamentlərarası Assambleyasının iclasında ermənilər Rusiya tərəfini Azərbaycanı erməni xalqının “barbar bombardmanına” və “soyqırımına” görə qınamağa çağırıb: “Mən onlara cavab verdim ki, Gəncə kimi dinc şəhərlərin bombalanması erməni deyil, Azərbaycan xalqının soyqırımıdır. Mən də Çarqrad telekanalına müsahibə verdim, amma bu telekanal da mənim çıxışımı yayımlamadı. İnformasiya müharibəsi gedir və bu gün Rusiya televiziyalarında çıxış edən bir çox rusiyalı politoloqlar gerçəkliyi təhrif edirlər. Ancaq vəziyyəti olduğu kimi qiymətləndirənlər var, buna görə onlara təşəkkür edirəm, məsələn, vəziyyəti real qiymətləndirən və dövlətimizin ərazi bütövlüyünü müdafiə edən Maksim Şevçenko, Sergey Markov, Dövlət Dumasının deputatı Leonid Kalaşnikov var”.

“Ermənilər öz ambisiyalarına görə rusların Qarabağda ölməsini istəyirlər. Rusiya rəhbərliyində kifayət qədər ağıllı adam oturur və Kremldə Azərbaycanın ədalətli müharibə apardığını bilirlər. Ermənistan hər vəchlə, guya bəzi suriyalıların Azərbaycan tərəfində savaşdıqlarını sübut etməyə çalışırlar, amma mübarizəni xalqımızın övladları aparır. Azərbaycan ermənilərdən fərqli olaraq heç bir üçüncü ölkəni münaqişəyə dəvət etməyib. Qarabağ Azərbaycandır! Əminəm ki, tezliklə ordumuz həm Şuşanı, həm də Xankəndini azad edəcək və Allah eləsin ki, növbədi müsahibəmi sizə Şuşada və Xankəndidə verim”, - deyə M.Zabelin fikrini yekunlaşdırıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR