““KQB” zindanından təmiz çıxmaq mümkün idimi?” – Etibar Məmmədov cavab verir

27-01-2021, 00:00 304 dəfə baxılıb

““KQB” zindanından  təmiz çıxmaq mümkün idimi?” – Etibar Məmmədov cavab verirHələ cəngindən tamam qurtarmadığımız 3 əsrlik Rusiya imperiyasının totalitar, avtoritar, şovinist və s. xislətləri, onun ərazisində yaşamış hər bir insanın taleyində özünü bu və ya dərəcədə göstərib. Azərbaycan xalqının, hələ öncələri demirik, yalnız 1988-1991-ci illərdə milli azadlıq, suverenlik, müstəqillik uğrunda apardığı mübarizə zamanı çəkdiyi müsibətlər, yaşadığı faciələr də buna əyani sübutdur. Kimisi maddi cəhətdən hədsiz əziyyətlərə qatlaşdı, kimisi dogma yurdundan didərgin salındı, özü, yaxud doğmaları həlak oldu, yaralandı, əsir düşdü, kimisi isə apardığı mübarizəyə görə aylarla, illərlə zindanlarda yatdı, əzab-işgəncə çəkdi, bəziləri isə rahatlığı seçərək rejimə boyun əydi, xalqını, Vətənini satdı və mənəvi çirkab içində əldə etdiyi vəzifə, var-dövlət  hesabına  "təmiz”  ömür sürdü… 

O dövrdə  Sovet rejiminə qarşı mübarizə aparanların hədələndiyi, qorxudulduğu zindanlar əsasən SSRİ DTK-nın "Lefortovo”, "Matrosskaya tişina” adlı xüsusi həbsxanaları idi. Və o illərdə indiyədək "aktuallı”ğını itirməyən belə fikirlər də yayılır və ağızdan-ağıza dolaşırdı: " "KQB”nin türməsinə, "Lefortovo”ya-filana düşən adam oradan boynuna hansısa şərt qoyulmamış salamat, təmiz çıxa bilməz…”
31 il öncə elə bu günlərdə - sovet-rus ordusunun Bakıda törətdiyi 20 Yanvar qətliamından bir neçə gün sonra Moskvada xarici jurnalistlər üçün mətbuat konfransı keçirərkən həbs edilən AXC liderlərindən biri – Etibar Məmmədov "KQB”-nin "Lefortovo” zindanına salındı və  9 ay yarım - 1990-cı ilin noyabrınadək orada saxlanıldı…

İstiqlalçı deputat Etibar Məmmədovla Moderator.az üçün söhbətimizə elə "KQB” zindanları haqda yuxarıda səsləndirdiyimiz fikrə münasibəti ilə başladıq.
  
"Belə düşünənlərin xətrinə dəyməsin, bu cür  fikri  yalnız bəsit, primitiv düşüncəli adamlar söyləyə bilər.  Təbii ki,  "KQB” zindanlarına düşən adamlara təzyiqlər də olurdu. Amma fiziki təzyiqdən söhbət getmir. Çünki  mənə qarşı nə həbs olunan vaxtı, nə də "Lefortova” da saxlanıldığım müddətdə belə bir təzyiq olub. Odur ki, yalandan deyə bilmərəm ki, bu tip zindanlara düşənlərə fiziki təzyiq olurdu. Ancaq əvəzində elə mənəvi-psixoloji təzyiqlər edilirdi ki, bir çox insanlar buna dözmürdülər. Və o da təbiidir ki, həbsdə saxlayan tərəfin  təklifləri də olur. Əməkdaşlıq təklif edirlər, şantaj etməyə çalışırlar. Çox şeylər olur. Həmin o təklifləri təzyiq və hədələrə dözməyib qəbul edənlər də, dözüb etməyənlər də olur. Yəni bu tip zindanlara girənlərin nə 100 faizi bayıra agent kimi çıxır, nə də hamısı oradan azadlığa qəhrəman kimi çıxır. Hər cür hal ola bilər. Bununla belə, ""Lefortovo”  tipli zindanlara girənlər heç bir halda oradan hansısa şərt qoyulmamış, ələ alınmamış, təmiz  çıxa bilməzlər” –söyləmək də  ya dediyim kimi, primitiv düşüncənin məhsuludur, ya da həmin fikri belə zindanlara salınmamışdan agentlik edənlər xüsusi sifarişlə yayırlar.  Belə fikirləri elə əks tərəf, yəni vətəndaşların mübarizə apardığı hansısa  totalitar, avtoritar rejim, yaxud imperiyalar da yayır və müzakirə obyektinə çevirirlər ki, insanları mübarizədən çəkindirsinlər. Yəni xalqda belə bir əqidə formalaşsın ki, onsuz da mübarizə aparmağın mənası yoxdur. Belə zindanlara düşsək, salamat, təmiz çıxa bilməyəcəyik. Və  bu cür şəraitdə vəziyyətdə rejim də istənilən bir adamı oraya salıb-çıxardaraq onun artıq satılması təəssüratını yaradır...”  
Milli azadlıq hərəkatının liderlərindən  olmuş Etibar Məmmədovun SSRİ DTK-nın "Lefortovo” zindanında saxlandığı 9 ay yarım müddət ərzində yaşadıqları, şahidi olduqları haqda geniş müsahibəsini bir müddət sonra saytımızda oxuya bilərsiniz.

Moderator.az-ı izləyin!

Sultan Laçın 


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR