“Gediş haqlarının qaldırılması hökumətin ən böyük səhvi oldu...”- Keçmiş komissiya sədri

7-08-2018, 22:41 631 dəfə baxılıb

“Gediş haqlarının qaldırılması hökumətin ən böyük səhvi oldu...”- Keçmiş komissiya sədri


“Tarif Şurası gərək dövlətin və xalqın maraqlarını sahibkarların maraqlarına qurban verməyəydi...”

Tarif Şurasının avqustun 1-dən ictimai nəqliyyatda – metro və avtobuslarda gediş haqları tariflərini 50 faiz qaldırması xalqın yoxsul və azgəlirli təbəqəsi tərəfindən müsbət qarşılanmayıb. Media və sosial şəbəkələrdə bu məsələ hələ də müzakirə olunmaqdadır.

Məsələyə münasibətini bildirməsi üçün 1990-cı illərdə Respublika Gömrük Komitəsi sədrinin birinci müavini və Milli Məclisin Büdcəyə nəzarət daimi komissiyasının sədri kimi vəzifələrdə çalışmış sabiq deputat, politoloq Cümşüd Nuriyevə müraciət etdik.



Həmsöhbətimizin bu haqda Moderator.az -a açıqlamasını olduğu kimi nəzərinizə çatdırırıq:

“Hesab edirəm ki, əslində ictimai nəqliyyatda gediş haqlarının qaldırılmasının heç bir əsası yox idi. Bilirsiz, Azərbaycanda ictimai nəqliyyat sektoru, demək olar ki, bütünlüklə özəlləşdirilib və dövlətə məxsus deyil. Odur ki, gərək, Tarif Şurası qiymət artımı barəsindəki müraciətlərə kifayət qədər ehtiyatlı yanaşaydı. Burada həm xalqın ehtiyaclı təbəqəsinin durumu nəzərə alınmalıydı, ikincisi də həmin artım üçün, dediyimiz kimi, heç bir iqtisadi əsas, məcburiyyət yox idi. Nəqliyyatda bir nəfərin gediş haqqının maya dəyərini kim və necə hesablayıb ki, bir gedişin 20 qəpiyə yox, 30 qəpiyə başa gəlməsini əsaslandırsın? Bəlkə də səhmləri dövlətin əlində olan metro üçün bu qiymət özünü doğruldarr. Amma özəl sektora bağlı olan avtobus marşrutlarında gediş haqlarını 30 qəpiyə qaldırmağın, sözsüz, heç bir əsası yoxdur. Bunu niyə etdiklərinin səbəbini dəqiq deyə bilmərəm. Amma bütün hallarda gediş haqlarına yanaşma mexanizmi, gərək, təkmilləşdiriləydi. Burada bütün faktorları nəzərə almaq lazım idi. Dövlətin də kifayət qədər imkanı var ki, daxili bazarda qiymətləri tənzimləsin. Zənnimcə, nəqiyyatda son qiymət artımı hökumətin ən böyük səhvi oldu. Hökumət gərək Tarif Şurasıyla razılaşıb bu addımı atmayaydı. Çünki Tarif Şurası kimlərinsə, hansısa sahibkarların və s. xahişi, təsiri və ya təzyiqi altında nə iləsə razılaşa bilər. Amma bu, həmin quruma dövlətin və xalqın maraqlarını sahibkarların maraqlarına qurban verməsinə əsas yaratmır. Təəssüf ki, bu, artıq olub. Amma gərək olmayaydı. Və təkrar edirəm: kim nə deyir-desin, nəqliyyatda son qiymət artımının heç bir iqtisadi əsası yoxdur...”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR