Ziyalılar uzun illərdir ki, qınaq və söyüş obyektinə çevrilib” - MÜSAHİBƏ

11-12-2018, 11:11 392 dəfə baxılıb

Ziyalılar uzun illərdir ki, qınaq və söyüş obyektinə çevrilib” - MÜSAHİBƏ



“Milli gəncliyin yetişməsi üçün auditoriyalarda milli ruhlu müəllimlər olmalıdır”



Türk dünyasının mövcud durumu, ortaq türk dəyərlərinə qayıdış məsələsində yaşanan problemlər, sözdə birlik sərgiləyən türk dövlətlərinin əməli baxımdan heç cür bir araya gələ bilməməsi günümüzün təəssüflə müşahidə edilən reallıqlarındandır. Dərsliklərlə bağlı səslənən tənqidlər, cəmiyyətimizdəki mənəvi böhran, qəhətə çəkilən ziyalı sözü də insanları narahat edən əsas məsələlər sırasındadır. Odur ki, Moderator.az olaraq türk dünyasının böyük alimi, sabiq təhsil naziri, professor Firudin Cəlilovla söhbətimizdə bütün bu problemlərə, onları doğuran səbəblərə aydınlıq gətirməyə çalışdıq.



I hissə burada: http://www.moderator.az/news/250079.html?fbclid=IwAR1FFLhyJrVsQNZUJiXaToUmtqlBL7wBY6U36UUI5ylgjNe4NkDi1Tt7J-g



II hissə burada: http://moderator.az/news/250298.html



-Necə hesab edirsiniz, bu gün cəmiyyətimizdə ziyalı sözünə, ziyalı tövsiyəsinə ehtiyac varmı? Ziyalılarımız bu məsələdə kifayət qədər aktivlik sərgiləyirmi?

- Bu suala cavab vermək mənim üçün ağırdır, çünki mənə də ziyalı deyənlər var. Niyə cəmiyyət ziyalıları eşitmir? Niyə ziyalılar çəkilib qıraqda durub? Bunun bir sıra səbəbləri var. Biz həmişə kommunistləri söyürük, ancaq o dönəmdə ziyalıya hörmət vardı, indi adını demokrat qoyanlar isə bütün problemlərin yaranmasında ziyalıları qınayır. Bu gələnəyin kökü 18 günlük mitinqdə qoyuldu, yadınıza salın. Xalqı birliyə çağıran ziyalılar rus ordusunun Bakıya gəlməsinə bəhanə verməmək üçün “tribunadan düşünülməmiş çağrışlar edilməsin” deyəndə meydandan fitə basılırdı, xalqı qırğına aparanlar bilərəkdən ya bilməyərəkdən ziyalıları tribunadan xalqın gözündən salırdı. Onların haqqında “saraydan gələn ziyalılar” kimi aşağılayıcı ifadələr səslənirdi. Meydana gələn aktiv təbəqənin bir qismində belə bir fikir yaratmışdılar ki, onların önündə ancaq ziyalı olmayan gedə bilər. Mənim gözümün qabağında bir neçə ziyalı, tanınmış yazıçı, alim tribunaya çıxıb danışmaq istəyəndə kənardan verilən işarə ilə fitə basılırdı, ziyalılarla bağlı məlum mesaj ünvana çatmışdı. O mitinq mənim qatıldığım son mitinq oldu, düz 30 ildir mitinqlərə getmirəm. O vaxtdan bugünə qədər ziyalılar həmişə qınaq və söyüş obyekti olub. Bir ziyalı müstəqil bir fikir səsləndirsə, dərhal müxtəlif cinahdan söyüş, təhqir başlanır, ziyalı da abrına qısılıb, bir küncə çəkilir. Bu, məsələnin bir tərəfi, ikinci tərəfi də budur ki, xalqın eşidə biləcəyi ziyalıları bugün də TV-lərə buraxmırlar, çünki onların adı kiminsə tutduğu qara siyahıda var.





-Ziyalı sözünün ağırlığı nədədir?



-Bəziləri elə düşünür ki, kimin savadı varsa, o ziyalıdır. Ancaq düşünmürlər ki, bu savadlı adamın içində mələk oturub, yoxsa şeytan. Halbuki ziya, işıq daha çox səmimi olan sadə insanlarda görünür. Ona görə də, mən “ziyalı” sözünə bir az başqa yöndən baxıram. O adamı ziyalı, aydın saymaq olar ki, onun yaradıcılıq ziyası xalqı işıqlandırsın, özü ilə o biri dünyaya nəhlət yox, rəhmət aparsın. Xalqın şairi də, bəstəkarı da, yazıçısı da, alimi də öz sahələrində rəğbət qazanan insanlardır. Bugün biz Xudu Məmmədov kimi ziyalını haradan tapaq? O mənim gözümün qabağında Qarabağla bağlı bizim təklifi rəd edən Vəzirova dedi ki, sən düz eləmirsən, Bugün elə bir ziyalı varmı? Çünki xalqın azadlıq hərəkatına qoşulan bir çox ziyalını təhqirlərlə hərərkatdan uzaqlaşdırdılar.

-Sizcə niyə ziyalıların gözdən salınması, susdurulmasına cəhd edilirdi? Ziyalıları susmağa vadar etməklə nəyə nail olunmağa çalışılırdı?

-Ziyalıları xalq hərəkatından uzaqlaşdırmağa çalışırdılar. Çünki ziyalıları xalq hərəkatını doğru yola yönəldə bilərdilər. Onlar demokratik gerçək bir dövlət qura bilərdi. Bu isə bəzi xarici və daxili qüvvələrə sərf etmirdi. Ona görə də ziyalıları sıxışdırıb prosesdən uzaqlaşdırdılar. Meydanda təxribat olmasın deyə, Nümayiş komitısi yaranmışdı, üzvləri Elçibəy, Sabir Rüstəmxanlı, Xəlil Rza, Nüsrət Kəsəmənli, Aydın Məmmədov, Bəhmən Sultanov, İsmayıl Tarikpeyma, Nurəddin Mehdixanlı, Vurğun Əyyub, Tağı Xalisbəyli, mən və adını çəkmədiyim digər ziyalılar idi. Onların hamısı alimlər, şairlər, görkəmli ziyalılar idi. Bunlar dediyim qüvvələr tərəfindən təzyiqə məruz qalaraq prosesdən uzaqlaşdılar, abırlarını qorumaq üçün çəkilib öz yaradıcılıqları ilə məşğul olmağa başladılar, bəziləri də yeni yaranan siyasi qurumlara qatıldı. Meydanda hərəkat adı ilə başqa qüvvələr təşəbbüsü ələ aldı. Ziyalı artıq kütlənin düşüncəsini, davranışını görübdür. Görübdür ki, söz deyəndə kütlə onu necə qarşılayıb. Kütlə içərisində yalnız 5-10 insan başa düşə bilər ki, ziyalı nədir, nə demək istəyir, onun ürəyində hansı ağrı və niyyət var.




-Sizcə bu gün yeniyetmə nəsil, gənclik yetərincə türk ruhuna bağlıdırmı? Ümumiyyətlə, mövcud mühit milli ruhlu gəncliyin yetişməsi üçün nə dərəcədə yararlıdır?

-Gənclərin lazımi ruhda yetişməsi üçün lazımi dərsliklər olmalıdır. Milli tariximizi doğru-düzgün şəkildə əks etdirən kitablar olmalıdır. Gənclərin yetişdirilməsi üçün auditoriyalarda milli, demokratik ruhlu müəllimlər olmalıdır, rektor çaxır bazarı yox, bilik ocağı yaratmalıdır. Gəlin, baxaq görək, hazırda gənclərin dünyagörüşü nə ilə qidalanır? Onlar daha çox sosial şəbəkədəki informasiyalardan faydalanırlar. Saytlardan, elektron KİV-lərdən qaynaqlanırlar. Bəs orada nə yazılır? Orada isə kimin ərinə xəyanət etdiyi, kimin harada öz alt paltarını hansı şəkildə nümayiş etdirdiyi, kimin öz arvadının başını qırxdığı və bu kimi əxlaqsız.informasiyalar yer alır. Belə bir informasiya mühitində gənclər necə milli yetişə bilər? Bu baxımdan milli ruhlu gənclərin yetişidirlməsi baxımından vəziyyət olduqca çətindir. Halbuki, gənclik ölkədəki xalqların tarixinə, mədəniyətinə hörmət etmək, azərbaycançılıq və milli dövlətçilik yönündə təlim-tərbiyə görməlidir.

-Vəziyyət doğrudanmı bu dərəcədə ümidsizdir?

-Qeyd etdiyim kimi, mühit milli ruhlu gənclərin yetişməsi üçün ürəkaçan deyil. Lakin buna baxmayaraq, mənimlə ünsiyyət saxlayan, mənə məsləhət üçün müraciət edən gənclərin arasında çox ayıq, aydın, xalqımızın, dövlətimizin gələcəyini düşünən şəxslər görürəm. Onlar çox milli və ağıllı gənclərdir. Ümid var ki, hər yüz nəfərin içərisindən azı 10-15 nəfər milli ruhlu gənc ziyalı yetişəcək. Buna inanıram.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR