"Siz bunun təbliğatına, özünü həyasız kimi aparmasına baxın, beləsi nə tərbiyə verə bilər?"

12-04-2019, 13:26 429 dəfə baxılıb

"Siz bunun təbliğatına, özünü həyasız kimi aparmasına baxın, beləsi nə tərbiyə verə bilər?"

“Müəllimələr geyim-keçimlərinə fikir vermirlər, danışıqlarında kobud səhvlər buraxırlar, dedi-qodu ilə məşğul olurlar, bəzən özlərini küçə adamları kimi aparırlar”.

Bunu Moderator.az-a açıqlamasında yazıçı Xeyrəddin Qoca 14 yaşlı Elinanın intihar hadisəsinə münasibət bildirərkən deyib. Yazıçı bildirib ki, orta məktəbdə oxuyan nəvəsinə də müəlliməsi bir vaxt kobud davranıb və hətta müəlliməylə arasında insident də yaşanıb:

“Bunu tarixi ilə, saatı ilə ona sübut edəndə üstümə qışqıraraq dedi ki, "bütün dövlət adamları rüşvət alırlar, niyə demirsiniz?"

“Bakıdakı 162 nömrəli məktəbin şagirdi, 14 yaşlı Elinin intihar etməsi xəbəri məni çox sarsıtdı. İndi bu intiharın səbəblərini axtarırlar, guya bunu bilmirlər! Mənim də nəvəm Bakı məktəblərinin birində oxuyur, o da müəlliməsinin psixi xəstə olmasından cana yığılıb, hər gün məktəbə getmək istəmədiyini bildirir, əsəbiləşir, ağlayırdı. Anası iki dəfə məktəb direktorunun yanına gedib müəllimədən şikayət etsə də, tədbir görülməmişdi. Üçüncü dəfə özüm getdim, müəllimə ilə görüşmək istədiyimi bildirdim. Görüşdüm. Hamıya söz çatdıran mən bu müəlliməyə söz çatdıra bilmədim. Ona sübut etdim ki, müəllimlər günündə sinifdəki 30 şagirdin hərəsinə 30 manat gətirməsini tapşırıb və deyib ki, kitabın arasına qoysunlar. Sonra uşaqları sinifdən çıxarıb, sinif nümayəndəsi ilə birlikdə pulları kitabların arasından bir-bir götürüb. Bunu tarixi ilə, saatı ilə ona sübut edəndə üstümə qışqıraraq dedi ki, "bütün dövlət adamları rüşvət alırlar, niyə demirsiniz?" İndi siz bu müəllimənin təbliğatına, özünü həyasız kimi aparmasına baxın! Beləsi uşağa nə təlim-tərbiyə verə bilər?

O, mənimlə danışarkən qışqırıb -bağırırdı, nəvəmin qorxudan rəngi ağarırdı! Nəvəm onun üzünə dedi ki, "müəllimə, siz sinifdə bizi təhqir edirsiniz, gözümüzün qabağında dodağınızı rəngləyirsiniz, makiyaj edirsiniz..." Müəllimə nəvəmin üstünə elə qışqırdı ki, uşaq qorxusundan qolumun altına sığındı... Hələ mən orada idim, müəllimə özünü belə aparırdı, görün, sinifdə şagirdlərin başına nə oyunlar açır!.. Deyilənə görə, həmin müəllimə 3 dəfə töhmət alıb, belə dəlini məktəbdə niyə saxlayırlar? Artıq, onun psixi pozğunluğu olduğu məlumdur. Təqsirkar təkcə müəllimlər deyil, şagidlər də hərəsi bir ailədən çıxdığından cürbəcür tərbiyəyə malikdirlər, daha doğrusu, ata-analarının tərbiyəsi nə qədərdirsə, onların da tərbiyəsi o qədərdir. Onların içərisində çoxlu potensial cinayətkarlar yetişir. Heç böyümələrini gözləmirlər, indidən cinayətlər etməyə başlayırlar. Qızlara söz atırlar, onlara sataşırlar, söyüş söyürlər, bir-birinə badalaq vururlar və s. Tualetlərdə narkotika qəbul edənlər də, oğurluqla məşğul olanlar da var. Müəllimlərin çoxu isə bütün bunları görür, lakin susurlar, heç bir tədbir görmürlər. Niyə? Bəs, filankəsin valideyni yüksək vəzifədədir, onun balasına söz demək olmaz... Axı, müəllimlər həm də belə valideynlərdən bəhrələnir, onlardan rüşvət alırlar! Həmin valideynlərin harınlamış, qudurğan balaları da birləşib sinif yoldaşlarından kimi isə təkləyirlər, onu aşağılayır və alçaldırlar. Nəticədə təklənən şagird boğaza yığılır, bezir, ösünü sındırılmış hesab edir və intihara əl atır.

Ümumiyyətlə, məktəblərdə təlim-tərbiyə işləri düz getmir, bu həm də müəllimlərin özlərini aparmaq tərzi ilə çox əlaqədardır. Müəllimələr geyim-keçimlərinə fikir vermirlər, danışıqlarında kobud səhvlər buraxırlar, dedi-qodu ilə məşğul olurlar, bəzən özlərini küçə adamları kimi aparırlar. Şagirdlər isə bütün bunları görür. Üstəlik cəmiyyətdəki yaramazlıqlarla hər gün rastlaşdıqlarından həyatdan bezirlər və yaşamaqdansa, yaşamamağa üstünlük verirlər. Hələ valideynləri ayrılan ailələrin uşaqlarının hansı hisslər keçirdiklərini uzun-uzadı anlatmaq istəmirəm. Yazıq və zəif uşaqlar bütün bunlara necə dözsünlər? Məktəblərdə hər bir şagirdə fərdi və diqqətlə yanaşılmalıdır. Müəllimlər hər sahədə nümunə göstərməyi bacarmalıdırlar. Hələ onu demirəm ki, müəllimlərin çoxu savadsızdır, şagirdlər onlardan nə öyrənsinlər?! Etiraz edən varsa, gedək məktəblərə, mən onların savadsız olduqlarını sübut edim! Nə danışıqları doğrudur, nə hərəkətləri, nə də yazı-pozuları! Hələ özlərini necə apardlqlarını demirəm! Bu cəmiyyətin gələcəyini də korlayan belə müəllimlər, belə tərbiyyəçilərdir!”

Vasif Əlihüseyn


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR