Restoranlarda kütləvi zəhərlənmələr: Tahir Əmiraslanov səbəbləri açıqladı
![]()
Hər il yay mövsümündə zəhələnmə halları daha çox müşahidə edilir.
Xüsusilə də toylarda kütləvi zəhərlənmə halları baş verir. Vətəndaşlara zəhərlənmələrlə bağlı maarifləndirici bilgilər verilsə də, onlar istifadə etdikləri qidalara o qədər də diqqət yetirmirlər.
Bəs görəsən, zəhərlənmələrin əsas səbəbi nədir? Bu qidaya nəzarətsizliklə, yoxsa vətəndaşların səhlənkarlığı əlaqədardır?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov zəhərlənmənin səbəbini aşpazların bilgisizliyi ilə əlaqələndirib:
“Şadlıq evlərinə işləyən aşpazların sertifikatı olmalıdır. AQTA-ya bu barədə biz keçən ildən yazmışıq. Uşaq bağçalarında, məktəblərdə, restoranlarda işləyən aşpazlarımız sertifikasiyadan keçməlidir. Yemək bişirməyə küçədən adam tutub gətirirlər. Onlar da lazımi bilgiləri olmadığı üçün insan sağlamlığına böyük təhlükə yaradırlar. Bu zəhərlənmələrin əksəriyyəti aşpazların bilgisizliyindən əmələ gəlir. Hazırlanan salatların müddəti keçir, əlbəttə ki, bu halda zəhərlənmə olacaq. Onlar bilməlidirlər ki, salat hazırlandıqdan 15 dəqiqə sonra yeyilməlidir, bizdə isə axşama kimi saxlayırlar. T.Əmiraslanov həmçinin keyfiyyətsiz qidaların da zəhərlənmədə mühüm rol oynadığını diqqətə çatdırıb. O , AQTA olmadan əvvəl də bu cür halların çox olduğunu qeyd edib: “Alınan ərzaqların keyfiyyəti aşağı olur, bəzisinin vaxtı keçmiş olur, nəticədə də insanlar zəhərlənir. Hər il biz bu haqda məlumat veririk, hər il də hadisələr təkrarlanır. AQTA olmadan əvvəl də bu hadisələr baş verirdi. Biz hesablamışdıq ki, bu hadisələr daha çox olacaq, amma AQTA nəzarət etdiyi üçün hadisələrdə azalma da müşahidə edilir. Lakin Qida Təhlükəsizliyi Agentliyi yeni yaranıb, onun çətin ki, təkbaşına bütün ölkəyə gücü çatsın. Konkret halda qidalar yoxlanmalı, hadisə nədən baş verib müəyyənləşməlidir. Burada qidaların keyfiyyətsizliyi və aşpazların bilgisizliyi əsas faktordur. Toyxanalarda bəzən insan səhhətinə yüksək səs də təsir edə bilir. Yalnız laboratoriya analizləri dəqiq səbəbləri müəyyən edə bilir. Amma zəhərlənmələr daha çox ona görə baş verir ki, kim gəldi xörək bişirir”.
Tahir Əmiraslanov problemlə yanaşı həll yolunu da göstərib. O, çıxış yolunu yalnız və yalnız aşpazların maariflənməsində görüb və bunun üçün lazımi tədbirləri görməyə hazır olduqlarını, sadəcə AQTA-ya edilən müraciətlərindən cavab gözlədiklərini vurğulayıb:
Məsələn, İtaliyada bütün restoranların aşpazları sertifikasiyadan keçirilir. O cümlədən Yunanıstanda da belədir. Onlar da Kulinariya assosiasiyaları tərəfindən sertifikasiya olunur. Onları təlimlərlə öyrədirlər, çünki aşpazlar bir çox şeyləri məktəbdə də keçmirlər. Bundan əlavə təhsil sistemində də dəyişikliklər olmalıdır, bu olmadan hər hansı sağlam qidadan danışa bilmərik. Aşpaz olmadıqları üçün hazırladıqları qidanın da vaxtını da bilmirlər. Bunların qarşısını almağın başlıca yolu mütəxəssislərin savadlı olmasıdır. Bu olmasa, vəziyyət düzələn deyil. Biz bununla bağlı lazımi tədbiri görməyə hazırıq, sadəcə AQTA-ya göndərdiyimiz müraciətin cavabını gözləyirik. Biz istəyirik ki, bu sertifikasiyanı keçirək, savadlı aşpazların olmasına kömək edək. Özbəkistanda bu sistem artıq neçə ildir ki, formalaşıb. Bu prosesin özü də asan proses deyil, birinci dəfədir ki, belə bir şey olacaq, ona görə məsələ ətraflı şəkildə müzakirə olunmalıdır”.