"Nə edək axı, oxuculara yalvaraq ki, Ayxan Ayvazı da oxusunlar?" - Varis Yolçiyev

6-06-2020, 11:01 33 dəfə baxılıb

Qalmaqal deyəndə əsasən şou-biznesin həmişə göz qabağında olan simaları yada düşür, lakin dövrün qələm əhli də kənarda qalmır. Təbii ki, ədəbiyyat aləminində bu başqa adla deyilir - tənqid.

Çox vaxt tənqidlərin sonu sözlü davalara çevrilir. Ya yazıçılar, şairlər səhvlərini qəbul etmək istəmir, ya da tənqid qarşı tərəfə düzgün formada çatdırılmır. İndi isə son günlərin ən çox müzakirə olunan tənqidi yazısından danışacağıq. Yazar Ayxan Ayvazın müəllifi olduğu “Rövşən Abdullaoğlu və digərləri”. Bu yazı istər sosial şəbəkə istifadəçiləri, istərsə də qələm adamları arasında birmənalı qarşılanmayıb. Ayxan Ayvazın sözlərini təsdiqləyənlərlə yanaşı, yazarları müdafiə edənlər də olub.
Bəs gəlin görək gənc publisistin “Bulvar yazıçıları” adlandırdığı yazarların məsələyə münasibəti necədir?

Tanınmış yazıçı, jurnalist Varis Yolçiyev “Sherg.az”a açıqlamasında, yazının başlığını gördüyünü, lakin oxumadığını söylədi:

“Ayxandır da, qoy yazsın. Yazının adına xeyli güldüm, içərisinə heç baxmadım. Ən çox kitabı satılan dörd yazıçının qələmə aldıqlarını “bulvar ədəbiyyatı” adlandırıb, oxucuları aşağılamaq nə deməkdir?. Bu dörd yazarın bulvar ədəbiyyatı ilə nə əlaqəsi var? Biri motivasiya ədəbiyyatı yazır, biri detektiv, biri dram və triller, o birisi də tineycer... Nə edək axı, oxuculara yalvaraq ki, Ayxan Ayvazı da oxusunlar? Bu axı sifarişlə alınan şey deyil”.

Detektiv yazarı Elxan Elatlı özü mövzu haqqında danışmasa da, köməkçisi İlahə xanım məsələyə belə münasibət bildirdi:

“Elxan Elatlını bütün Azərbaycan sevərək oxuyur. Ayxan Ayvaz yazıb ki, oxuya bilmir, onda başqa əsər mütaliə etsin. Həm də oxumadığın əsərlər haqqında tənqid yazmaq düzgün deyil. Hamı öz işi ilə məşğul olsa, gözəl olar. Elxan müəllimin yazıya reaksiyasını soruşmamışam. Onu belə məsələlərlə narahat etmirəm, sadəcə yaradıcılığı ilə məşğuldur”.

Sözü gedən yazının baş qəhrəmanı Rövşən Abdullaoğlu ilə də əlaqə saxlamağa çalışdıq, ancaq köməkçisi dedi ki, yazıçı bu mövzu ilə bağlı sualları cavablandırmaq istəmir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR