Azərbaycandakı 330 rus məktəbinin aqibəti necə olacaq? - “600 ballıq ixtisasa 200 balla daxil olurlar”

2-09-2020, 14:38 604 dəfə baxılıb

Sentyabrın 1-dən Ukraynada bütün rusdilli məktəblər dövlət dilində tədrisə keçəcək.

Bununla yanaşı, dilləri Avropa İttifaqında rəsmi olan digər milli azlıqlar üçün məktəblər hələ üç il ərzində öz dillərində fəaliyyət göstərəcək. Rusiya BMT, ATƏT və Avropa Şurasının beynəlxalq hüquq müdafiə institutlarını rus dilinin diskriminasiyası ilə bağlı Ukrayna hökumətinin fəaliyyətinə adekvat qiymət verməyə çağırıb.

Maraqlıdır, Azərbaycanda bununla bağlı durum necədir? Ölkəmizdə də bu addımın atılması mümkündürmü? Ümumiyyətlə, rusdilli məktəblər hansı MDB ölkələrində çoxluq təşkil edir?

Bu barədə Cebhe.info-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, ölkəmizdə kifayət qədər rusdilli şəxs var və bu səbəbdən rusdilli məktəblərin bağlanması gözlənilmir:

"Keçmiş Sovet ölkələrinin bir çoxunda rus dilindən imtina etməyə başlayırlar. Bunlar Rusiya ilə siyasi problemi olan ölkələrdir. Əslində 2017-ci ildən etibarən, Ukraynada rusdilli məktəblərdə ibitdai siniflər bağlanmışdı, bu il isə tamamilə rus məktəbləri bağlandı. Bir çox ölkələrdə rusdilli məktəblərdən imtina etmək yolunda addım atılıb. Azərbaycanda belə bir addım gözlənilən deyil. Bu il 165 min uşaq 1-ci sinifə gedirsə, onun 17 minə qədəri rus bölməsi üzrə təhsil alacaq. Ümumiyyətlə, 4447 orta ümumtəhsil məktəbimizin 330-da tədris rus dilindədir. Azərbaycanda orta ümumtəhsil məktəblərində 480 min uşaq birbaşa xarici dil kimi rus dilini seçir. Azərbaycanda kifayət qədər rusdilli insanlar var və onların təhsilalma prosesi həyata keçirilməlidir. Konstitusiyaya görə də hər kəsin təhsil almaq hüququ var. Bu səbəbdən Azərbaycanda bu gözlənilmir".

Ekspertin sözlərinə görə, rusdilli məktəblərdə təhsil alan şəxslərin ali məktəblərə qəbul olma prosesi Azərbaycan bölməsində oxuyanlardan daha asan olur:

"Rusdilli məktəblərin çoxluğunun mənfi tərəfləri də var. Çünki milli dildə kifayət qədər resurs yoxdur. Bu, həm ölkə daxilində, həm xarici ölkələrdə müşahidə edilir. Buna görə də təklif etmişəm ki, ən azından orta ümumtəhsil məktəblərinin ibtidai siniflərində tədris Azərbaycan dilində olmalıdır. Ondan sonrakı mərhələlərdə isə biz rus dilindən danışa bilərik. Azərbaycan bölməsinin abturiyentlərinin 500, 600 balla daxili olduğu ixtisaslara rus bölməsi abituriyentləri 200- 250 balla daxil ola bilir. Yəni rus bölməsinin məzunlarının ali məktəblərə qəbul olması halı daha çoxdur və asandır. Bunun üçün valideynlər övladlarını rus bölməsinə yazdırmaqda maraqlı olurlar. Burada balans pozulur. Sözsüz ki, ayrı-seçkilik olur".

K.Əsədov Qazaxıstan və Belarusda rusdilli məktəblərin çox olduğunu, Ermənistan, Gürcüstan, Estoniya kimi ölkələrdə isə azlıq təşkil etdiyini söyləyib:

"Rus məktəblərinin daha çox olduğu ölkələr Qazaxıstan və Belarusdır. Maraqlı tərəf budur ki, hətta Ermənistanda rus dilində təhsil minimum səviyyədə, demək olar, yox həddindədir. Gürcüstanda da rusdilli məktəblər azalıb. Eyni hadisə Estoniyada da müşahidə edilir".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR