“Gəncədə Türkiyə hərbi bazası yerləşdirilə bilər”

4-09-2020, 17:37 523 dəfə baxılıb

Bu yaxınlarda Rusiyanın “Nezavisimaya qazeta” qəzeti dünyada baş verən münaqişələri işıqlandıran bir sıra “Telegram” kanallarına istinad edərək, Azərbaycana, guya ki, 500 nəfər suriyalı yaraqlının - əsasən “Sultan Murad”, Azad Suriya Ordusu və “Həmzət” silahlı birləşmələrindən olan türkmənlərin yerləşdirildiyi barədə bir məqalə dərc etdi.

Qəzetin mənbələri məlumatların doğrulandığını və çox güman ki, həqiqət olduğunu iddia edirlər. Məqalədə deyilənlərin həqiqət olduğunu qəzet bu yaxınlarda Bakıda keçirilən etiraz mitinqi ilə “isbatlayır”. “İştirakçılar Türkiyəyə "Azərbaycanı ermənilərdən və ruslardan qurtarmaq üçün" çağırış ediblər. Onlar Türk bayraqlarını dalğalandıraraq səlahiyyətlilərdən "Ermənistan-Azərbaycan sərhədində baş verən iyul döyüşlərinin intiqamını almaq üçün ölkədə bir türk bazasının yerləşdirmələrini" tələb etdilər” – məqalədə deyilir.

Rəsmi Bakı bu məqaləyə Müdafiə Nazirliyinin mətbuat katibi səviyyəsində reaksiya verdi və Xarici İşlər Nazirliyi də materialda deyilənləri təkzib etdi.

Bu məqalənin ortaya çıxması səbələrini AYNA-ya şərh edən Milli Məclisin deputatı Rasim Musabəyov, “Nezavisimaya qazeta”nın son zamanlar tez-tez erməni təbliğat maşınının aktiv hissəsi kimi fəaliyyət göstərməyə başladığını söyləyib: “Bu cür materiallarla, müharibə başlayacağı təqdirdə, Rusiyanın Ermənistan tərəfinə hərbi yardımı üçün informativ əsas hazırlayırlar. Hərbi bazaya gəldikdə, Konstitusiyamızda bununla bağlı heç bir məhdudiyyət yoxdur. Üçüncü ölkələrin hərbi bazaları ilə bağlı heç bir məhdudiyyətimiz yoxdur. Konstitusiya da bizi birdəfəlik neytral saxlamağa məcbur etmir”.

“Azərbaycanın xarici siyasət doktrinasında bildirilir ki, yalnız sülh dövründə Azərbaycan öz ərazisində üçüncü ölkələrin hərbi bazalarını yerləşdirmir. Bundan əlavə, Azərbaycan Qoşulmama Hərəkatı təşkilatının üzvüdür, lakin bu, mütləq bir məhdudiyyət demək deyil. Bu təşkilatın elə üzv ölkələri var ki, öz ərazilərində digər ölkələrin bazaları var və hətta, bir növ hərbi ittifaqlar da bağlayıb”, - müsahibimiz deyib.

Musabəyovun sözlərinə görə, Ermənistandan və himayədarlarından təzyiqlər artarsa və bu, dövlətimiz üçün təhlükə yaradarsa, Türkiyənin hərbi hava qüvvələrinin bir bazasının Azərbaycan ərazisində yerləşdiriləcəyi istisna deyil: “Hər şeydən əvvəl, Ermənistanın hədələyici bəyanatlarının daimi hədəfi olan strateji kommunikasiyalarımızın hava müdafiəsi məsələsini birdəfəlik həll etmiş olarıq. Rusiya bu gün hərbi hava qüvvələrini Ermənistanda yerləşdirib, hər cür “İskəndərlər”i bu ərazidə saxlayır və faktiki olaraq Ermənistanı Su-30 təyyarələri ilə pulsuz təchiz etməsi məsələsi də gündəmdədir. Düşünürəm ki, bunun fonunda iki yolumuz var: ya Azərbaycan ordusunu bahalı bir seçim olan müasir təyyarələrlə təchiz etmək, ya da Gəncədə, Sovet dövründən bəri mövcud olan bir hərbi bazanın ərazisində, Türkiyə Hərbi Hava Qüvvələrinin bir bazasının yerləşdirilməsinə icazə vermək. Lazım gələrsə, bu addım çox tez reallaşa bilər. Moskvanın Bakının bunu kifayət qədər tez edə biləcəyinə anladığına inanıram”.

"Nezavisimaya qazeta"nın məqaləsində bəhs edilən Türkiyənin Naxçıvandakı hava bazasından danışan deputat, Türkiyənin Naxçıvana hərbi baza yerləşdirməsinin mənasız olduğunu qeyd edib: “Bu, elementar bir şeydir, çünki Muxtar Respublika ilə həmsərhəd olan Türkiyə öz ərazisində yerləşən baza ilə Naxçıvanın havadan tam müdafiəsini təmin etməyə qadirdir. Bizim hansı hərbi bazalara icazə verib-verməməyimiz öz işimizdir. Yenə də deyirəm, bu mövzuda beynəlxalq öhdəliklərimiz və ya konstitusiya məhdudiyyətlərimiz yoxdur. Biz öz ərazimizdə Türkiyə bazalarını geosiyasi ehtiyac yaranan kimi yerləşdirə bilərik”.

P.S. Rusiya mediasında belə təxribat xarakterli məqalələr zaman-zaman üzə çıxır. İlk dəfə suriyalı yaraqlıların Azərbaycanda görünə biləcəyi barədə məlumatlar Tovuz hadisələri fonunda iyul ayında yayımlandı. Bu məlumatların ilkin mənbələrindən biri Bəşər Əsəd tərəfindən nəzarət olunan bir sayt, digər ikisi də müxtəlif xüsusi xidmət orqanları ilə əlaqəli olan kürd mediası idi.

Əslində, bu tipli xəbərlərdən Ermənistan və Rusiya xüsusi xidmət orqanları Azərbaycanı münaqişəyə terrorçuları cəlb etməkdə günahlandırmaq hüququnu əldə etmək üçün istifadə edirlər. Hesab edirlər ki, bu yolla Azərbaycana qarşı mübarizə hüquqlarını legitimləşdirirlər.

Xatırladaq ki, 2016-cı ilin Aprel döyüşləri fonunda, Marqarita Simonyan və Aram Qabreliyanovun nəzarətində olan Rusiya KİV-ləri, konkret olaraq “Lifenews” buna bənzər xəbərlər yayaraq, iddia edirdi ki, guya, İŞİD yaraqlıları Qarabağda Azərbaycanın tərəfində vuruşurlar...


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR