Yoluxma olan məktəblərin adı niyə açıqlanmır? - "Təhsil Nazirliyinə yazığım gəlir"

23-09-2020, 20:23 250 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində COVID-19-a yoluxma ilə bağlı məlumatları açıqlayır.

Sentyabrın 22-də 36 şagirddə hərarət 37 dərəcədən yüksək olub. 10 şagirddə koronavirus aşkarlanıb. Virusun aşkarlandığı işçi heyətin sayı isə 7 nəfərdir. Daha 2 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 6-ya çatıb.

Nazirlik bu dəfə də koronavirusun aşkarlandığı məktəbləri açıqlamayıb.

Maraqlıdır ki, Təhsil Nazirliyi məktəblərin adını niyə açıqlamır?

Axı bu, digər şagirdlər üçün təhlükə mənbəyi sayılır. Valideynlər də durumdan narahat olaraq, övladlarını məktəblərə göndərməkdə tərəddüd edir.

Pediatr Vüqar Qarayev Cebhe.info-ya açıqlamasında bildirib ki, şagirdlərin dəqiq məktəbdə yoluxmasını demək düzgün olmazdı:

"Dünəndən şagirdlərin yoluxma məsələsi çıxıb. Niyə əvvəldən demirsiniz ki, yoluxma hansı məktəbdə olub? Bu, çox vacib məsələdir. Dünəndən nə qədər valideyn zəng edib ki, uşağı məktəbə göndərək, yoxsa yox? Dünən günün sonuna yaxın məlumat verdilər. Axşam Təhsil Nazirliyinin məlumatını oxudum. Yenə yoluxmalar var. Harada? Niyə? Kimdən? Axı bu valideynlər yazıqdır. Onsuz təhsilin bu dəqiqə bir qəpiklik keyfiyyəti, bizdə həm də distant təhsil təcrübəsi yoxdur. Amma nə qədər şagird məktəbə gedir, açıqlanmalıdır ki, şagird harada, kimdən yoluxub. Gürcüstanda bu barədə əhaliyə çox dəqiq məlumatlar verilir. Dünənki statistikada deyildi ki, yoluxanlar yuxarı sinif şagirdləridir. Amma yuxarı sinif şagirdləri məktəbə getmir. Onda belə çıxır ki, şagirdlər məktəbdə yoluxmayıb. 100 faiz demək olmaz ki, bu uşaqlar məktəbdə yoluxub".

Həkimin sözlərinə görə, hazırda nə distant, nə də ənənəvi təhsil sistemi ürəkaçan səviyyədədir:

"Açığı, Təhsil Nazirliyinə yazığım gəlir. Məktəbi açmasalar, onlara nə qədər təzyiq olacaq. Amma mən valideynləri də anlayıram, istəyirlər ki, övladları normal təhsil alsın. Amma yaxın iki il ərzində normal təhsildən söhbət gedə bilməz. Hələ statistika artsa, məktəbi yenidən bağlayacaqlar. Hamı çıxılmaz vəziyyətdədir. Mart ayından bəri bilirdik ki, bizi payızda nə gözləyir. Heç Bakının ortasında internet yoxdur, o ki qaldı rayonda. Bunu niyə hazırlamırdınız? Kasıb ailələrdə internet yoxdur. Uşaqları indi oxutmasaq, gələcəkdə nə olacaq? Hələ toyların keçirilməsinə icazə vermək istəyirlər. Məktəb bu gündədirsə, toylara niyə icazə verirsən? Mən də istəyirəm ki, gənclər evlənsin, insanlar xoşbəxt yaşasın. Amma tərəziyə qoysaq, məncə, hələ tezdir".
0


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR