Erməni terrorçuları kim, necə maliyyələşdirir? – hər bir pullu erməni xərac ödəməyə məcburdur

19-11-2020, 14:37 40 dəfə baxılıb

Erməni terror təşkilatlarının izləri dünyanın bir çox ölkələrində qara ləkələr buraxıb və bu gün də bu cinayətkar qruplar, onların ayrı-ayrı üzvləri öz fəaliyyətlərini “peşəkar” səviyyədə davam etdirməkdədirlər.

Sirr deyil ki, Ermənistan terrora dövlət səviyyəsində dəstək verir. “ASALA”, “MAQ”, “Erməni birliyi”, “Daşnaksütyun” və s. bu kimi erməni terror təşkilatları neçə onilliklərdir ki, sərhəd tanımayaraq ən qanlı terror aktlarına imza atırlar. Son aylarda Azərbaycanda törədilən terrorlar isə bir daha sübut etdi ki, terroçular birbaşa Ermənistan rəhbərliyinin, baş nazir Nikol Paşinyanın göstərişlərini icra edirlər.

Təbii ki, ortaya bir sual da çıxır. Bu təşkilatların saxlanılması və terror aktlarının həyata keçirilməsi üçün kifayət qədər böyük məbləğlər tələb olunur. Maraqlıdır, erməni torror təşkilatları hansı mənbələrdən maliyyələşir? İqtisadi baxımdan vəziyyəti acınacaqlı olan Ermənistan “güvəndiyi” terror təşkilatlarına vəsaiti haradan tapır?

Kiçik araşdırmalardan məlum olur ki, erməni terror təşkilatlarının bir neçə gəlir mənbəyi var. Hətta bu təşkilatlar yeri gələndə cinayət yolu ilə əldə edilmiş vəsaitlərdən Ermənistanın hərbi və siyasi rəhbərliyinin “könlünü xoş” etməkdə də xəsisliyə yol vermirlər. Elə bunun sayəsində də onlar, bu qatı cinayətkarlar Ermənistanda söz və səlahiyyət sahibinə çevrilirlər.

İndi isə keçək gəlir mənbələri ilə bağlı konkret faktlara.

Birinci gəlir mənbəyi xarici ölkələrdə yaşayan erməni əsilli iş adamlarına və biznesmenlərə qoyulan haqqlardıır. Terrorçular onları müəyyənləşdirir və danışıqlar aparılır. Danışıqlara uyğun olaraq onlar davamlı şəkildə erməni terror təşkilatlarının hesablarına pul köçürürlər. Bundan imtina edildiyi təqdirdə bu imkanlı şəxslər, onların ailə üzvləri və biznesləri üçün ciddi problem yaranır.

İkinci gəlir mənbəyi planlaşdırlmış terror aktlarından əvvəl və sonra “vəsait yığımı” kampaniyasıdır. Terror hansı ölkədə törədiləcəksə, həmin ölkədə yaşayan imkanlı ermənilər terrorçulara maliyyə dəstəyi göstərmələdirlər. Adətən bu kampaniya hədə-qorxu vasitəsilə həyata keçirilir. Sözsüz ki, kütləvi qırğın törədən, insan öldürən şəxs üçün hədə-qorxu yolu ilə kimdənsə pul almaq heç də çətin məsələ deyil. Məsələn, 24 sentyabr 1981-ci ildə Parisdə Türkiyə konsulluğunda “Van” əməliyyatı adı altında törədilən terror aktından bir ay əvvəl “ASALA” üzvü Akopyanın təzyiqi ilə Fransada yaşayan 47 erməni iş adamı məcburi şəkildə terrora dəstək veriblər.

Digər bir fakt. 1982-ci ilin may ayında Kanadının Toronto şəhərində 4 nəfər erməni həbs edilib. Onlar hədə-qorxu ilə pul tələbetmə maddəsi ilə ittiham olunublar. İstintaq zamanı məlum olub ki, bu şəxslər Toronto şəhərində yaşayan ermənilərin hər birindən “erməni işi” üçün 5 min dollar pul tələb ediblər. Tələbi yerinə yetirməyənlərin mənzillərində və ofislərində partlayışlar törədilib.

1982-ci ilin iyun ayında hava limanlarının partladılması sahəsində “mütəxəssis” sayılan erməni terrorçu Vigen Çarxutyan Los-Anjelesdə xalça mağazaları şəbəkəsinə sahib olan erməni əsilli iş adamından hədə-qorxu yolu ilə 150 min dollar aldığına görə həbs edilib.

Bu cür faktların sayı-hesabı yoxdur. Amma bir məsələ də təəccüblüdür ki, cinayət törədən bu şəxslər çox qısa müddətdən sonra həbsdən azad olunmağa nail ola biliblər.

Erməni terror təşkilatlarının daha bir gəlir mənbəyi narkotik vasitələrdəndir. Belə ki, narkotik vasitələrin dövriyyəyə buraxılması, bir ölkədən digər ölkəyə keçirilməsində xüsusi fəallıq göstərən terrorçular böyük vəsaitlər əldə edirlər. Bununla yanaşı, erməni terrorçularının narkobaronlarla “müharibə”ləri, pay bölgüləri də onların büdcəsini kifayət qədər zənginləşdirib. Erməni terror təşkilatlarının narkoticarətlə məşğul olması, bununla bağlı ayrı-ayrı ölkələrdə çoxsaylı həbs faktları sübut edir ki, ermənilər terror təşkilatlarını saxlamaq, terror aktları törətmək üçün yeni cinayətlərə əl atmaqdan çəkinmirlər.

Erməni terror təşkilatlarının üzvləri münaqişə zonalarında pul qarşılığında muzdlu döyüşçü kimi fəaliyyət göstərməkləri ilə də öz maddi durumlarını zənginləşdirirlər. Maraqlı məqamlardan biri odur ki, erməni terrorçuları müharibə və münaqişə tərəflərinə özlərini “super güclü döyüşçü” kimi təqdim edirlər. Əslində onların heç bir hərbi peşəkarlığı yoxdur və onalar muzdlu döyüşçü kimi istifadə olunanda hərbi əməliyyatlarda hər hansı bir peşəkarlıq nümayiş etdirə bilmirlər, səngərlərdə əsl döyüşçülərə məxsus cəngavər hünəri göstərməyi bacarmırlar. Bacardıqları yalnız namərdlik, arxadan zərbə vurmaq və terror törətməkdir.

44 gün davam edən Qarabağ savaşında Azərbaycan əsgəri mifə çüvrilən “erməni qəhrəmanlığı”nın üstündən xətt çəkdi. Azərbaycan əsgəri bütün dünyaya hərbi peşəkarlığını sübut etdi.

Bəli, erməni terrorçuları Azərbaycan Ordusunun mərd oğulları tərəfindən darmadağın edilərək geri çəkilməyə məcbur edildi. Amma məsələ bununla bitməyib. Çox yəqin ki, terrorsuz yaşaya bilməyən bu cinayətkarlar indi Ermənistanda, İrəvanda terror törətməyə çalışacaqlar. Onları gülünc və utanc vəziyyətə salan Nikol Paşinyandan qisas alacaqlar.

İlham Cəmiloğlu, Musavat.com


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR