Moskva “rus ittifaq”ına qoşulmağımızda niyə bu qədər maraqlıdır? - TƏHLİL

26-05-2021, 17:34 56 dəfə baxılıb

Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko deyir ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmasına mane ola biləcək yeganə məqam təşkilatın nizamnaməsinin bəzi bəndləridir. Sitat: "Həmin bəndlər təşkilat üzvü olan ölkələr arasında diplomatik münasibətləri ehtiva edir. Azərbaycanla Ermənistan arasında isə hazırda belə münasibətlər yoxdur. Həmin münasibətlər yaranan kimi-bunun gec və ya tez baş verəcəyinə ümid edirik-məsələni praktiki səviyyəyə qaldırmaq olar”.

Açıqlamanın məğzində İrəvan və Bakıya ötürülən mesajlar var: İrəvana "sərhəd məsələsində KTMT-nin müdaxilə etməməyimizin səbəbi Azərbaycanı aramızda görmək istəyimizdir”, Bakıya "Ermənistanla münasibətlər qurulan kimi istəyimizi praktiki mərhələyə keçirəcəyik” deyirlər. Rusiyanın sərhəd məsələsində tərəf olmamasının səbəbləri arasında "hakim” rolunu risk altına atmamaq, Bakı və Ankara ilə üz-üzə gəlməməklə yanaşı, Azərbaycanın "rus ittifaq”larına qoşulması istəyi də yer alır. Ruslar Paşinyanın KTMT-yə davamlı müraciətinə cavabın gecikdirilməsi və Putindən hərbi yardım istəyinin cavabsız qalması ilə Bakıya "prosesə müdaxilə etmədik, əvəzində sizin üçün açdığımız qapıdan keçin” mesajını verir.

Biz Qoşulmama Hərəkatının üzvüyük və hər hansı hərbi bloka qoşulmamaq öhdəliyimiz var. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanarsa - hansı ki, Moskva da bunda maraqlı görünür - "Rus NATO"suna qoşulmaq şərti ola bilərmi? Sülh müqaviləsi imzalanarsa, Azərbaycan bloka qoşulmaq üçün Qoşulmama Hərəkatını tərk edə bilərmi?

Politoloq Elçin Mirzəbəyli bu fikirləri yeni saymır: "Rusiya xarici işlər nazirinin müavini Rudenkonun Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulması ehtimalı ilə bağlı fikirləri yeni deyil. Bundan öncə də Rusiyanın Rudenkodan daha yüksək statusa malik rəsmiləri tərəfindən belə mülahizələr dilə gətirilib. Məsələn, 2019-cu ilin sentyabrında Rusiya baş nazirinin müavini də belə bir ehtimalla çıxış etmişdi. Rudenkonun Azərbaycanın KTMT üzvlüyünə hazırda mane olan amillərlə bağlı səsləndirdiyi fikirlər də reallığı əks etdirmir. KTMT-nin nizamnaməsində üzv dövlətlərin arasında diplomatik münasibətlərin olmasını tələb edən heç bir müddəa yoxdur. Əgər söhbət aralarında ziddiyyət, düşmənçilik olan dövlətlərin eyni təşkilatda təmsilçiliyindən gedirsə, bu məntiqlə Azərbaycan MDB-də də təmsil olunmalı deyil. MDB-nin strukturuna 93 mərkəz, komitə, büro, komissiya, məsləhət, əlaqələndirmə şuraları daxildir. Onlardan elələri var ki, bizim bu strukturlarda Ermənistanla birgə təmsilçiliyimizin məntiqi izahı yoxdur. Məsələn, ”MDB üzvü olan ölkələrin antiterror mərkəzi". Absurddur. Ermənistan terrora dəstək verən və Azərbaycan ərazilərində terror aksiyaları gerçəkləşdirən bir dövlətdir. Terrora məruz qalan terrorçu ilə birlikdə terrora qarşı necə mübarizə apara bilər? MDB daxili və xarici işlər, eləcə də müdafiə nazirlikləri şuralarında Azərbaycanın Ermənistanla birlikdə təmsilçiliyinin məntiqi izahı yoxdur. Qeyd edim ki, Azərbaycan vaxtilə Kollektiv Təhlükəsizlik Müqaviləsi adlanan sazişə 1993-cü ildə qoşulub və 1999-cu ildə müqavilənin daha 5 il müddətinə uzadılmasına razılıq verməyib. Kollektiv Təhlükəsizlik Müqaviləsinin KTMT-nin indiki Nizamnaməsindən elə də ciddi fərqi yoxdur. Və bu amil ölkəmizin 1993-1999-cu illərdə müqavilədə iştirak etməsinə maneə yarada bilməmişdi. Bu o deməkdir ki, Azərbaycanın KTMT-yə qoşulmamasının əsas səbəbi Ermənistan deyil. Bu və ya digər hərbi-siyasi blokda təmsil olunmaq bizim maraqlarımıza cavab vermir. Hazırda Qoşulmama Hərəkatına üzvlüyümüz bizim üçün daha əhəmiyyətlidir. Çünki bu hərəkatın prioritetləri bizim maraqlarımıza uyğun gəlir. Digər tərəfdən, Azərbaycan iki, yaxud üçtərəfli formatlara daha çox üstünlük verir və bu baxımdan bizim Türkiyə ilə birlikdə hərbi-siyasi müttəfiqliyimizin daha da güclənməsinə ehtiyac var. Azərbaycan KTMT-yə yalnız bir halda üzv ola bilər - Türkiyə bu təşkilatda iki dominant dövlətdən biri olsun. Bu isə hazırda inandırıcı deyil".

AĞ Partiya başqanının I müavini, politoloq Əhəd Məmmədli Qarabağın Azərbaycan ərazisi kimi rəsmən tanınmasının müqabilində bəzi şərtləri qəbul etməyimizi normal sayır: "Bu səbəbsiz deyil və onu göstərir ki, Azərbaycan və Rusiya arasında danışıqlar gedir. Azərbaycanın Zəngəzur məsələsindəki mövqeyi, addımları və Paşinyanın KTMT-dən istədikləri cavabı ala bilmədiklərini deməsi təsadüfi deyil. Bu həm də onu göstərir ki, Rusiya Paşinyanın siyasətindən yenə də narazıdır. Biz istənilən halda Rusiya-Ermənistan münasibətlərinin yaxşı olmamasından istifadə etməli və irəliləməliyik. Biz erməniləri məcbur etməliyik ki, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanısınlar. Bu da bizim növbəti tarixi qələbəmiz olacaq. Postsovet məkanının ən qoca münaqişəsi bununla bitəcək. Həm də bu Moskvada Putinin iştirakı ilə baş tutsa, onun adı tarixə düşəcək. Necə ki, Klinton Yuqoslaviya sülhü ilə tarixə düşdü, eynən də Putin Qarabağ sülhü ilə tarixə düşə bilər. Amma təbii ki, dövlət başçısının dediyi kimi, Ermənistan ilk növbədə, Azərbaycanın dövlət sərhədini tanımalıdır. Paşinyan deməlidir ki, ”Qarabağ Azərbaycandır". Ancaq bununla məsələyə nöqtə qoyula bilər. Bir məsələni də deyim ki, əgər Rusiya şərt kimi bizim KTMT, Avrasiya İttifaqında olmağımızı istəyəcəksə, şəxsən biz bunun lehinəyik. Hər iki qurumun üzvü olmağa hazırıq. Əsas olan odur ki, Qarabağ məsələsi birdəfəlik Azərbaycanın xeyrinə həll olunsun. Müxtəlif təşkilatlara üzv olmaq əbədi deyil, nə vaxtsa oradan çıxa bilərik. Necə ki, MDB-yə üzv olduq, müstəqilliyimizi itirdik? Hazırda MDB formal bir təşkilatdır. İllər sonra KTMT də, Avrasiya İttifaqı da formal bir təşkilata çevriləcək. Zatən KTMT-dəki ölkələr bir-birilərilə yola getmirlər. Qırğızıstan və Tacikistan az qala müharibə həddinə çatmışdılar. Bir sözlə, Qarabağın Azərbaycanın tərkibində tanınması və bunun müqabilində KTMT və Avrasiya İttifaqına üzvlüyümüz belə bizim uğurlu gedişlərimizdən daha biri ola bilər".
"Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR