Hökumətdə müxalifətə yer verilə bilər? - AÇIQLAMA

24-10-2019, 20:17 284 dəfə baxılıb

Hökumətdə müxalifətə yer verilə bilər? - AÇIQLAMA

Ölkədə islahatların yeni dalğası başlayıb.

Oktyabrın 8-də Novruz Məmmədovun Baş nazir vəzifəsindən azad edilməsi ilə başlayan yeni mərhələ Baş nazirin müavinləri Hacıbala Abutalıbov və Əli Həsənovun istefa ərizəsini yazması ilə davam edib. Ardınca Mikayıl Cabbarov vergilər naziri vəzifəsindən azad edilərək iqtisadiyyat naziri təyin olunub. Üstəlik İqtisadiyyat nazirliyinin strukturu kifayət qədər genişləndirilib. Ramiz Mehdiyev də Prezident Aparatının rəhbəri vəzifəsindən azad olunub və AMEA Prezidenti seçilməklə yanaşı, Təhlükəsizlik Şurasına üzv edilib.

Cəmiyyətin də, siyasi cameənin də budəfəki islahatlardan gözləntisi var.

Maraqlıdır, xüsusilə iqtisadi sahəni əhatə edəcəyi gözlənilən islahatlarda müxalifətin potensialından istifadə mümkün görünürmü?

Respublikaçı Alternativ Partiyasının (REAL) sədr müavini Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında qeyd edib ki, iqtidarın kadr bankına müxalifəti daxil etməsi ancaq koalisiya hökumətinin qurulması ilə mümkün ola bilər:

“Burada başqa variantların olması məntiqsizdir. Çünki özünə müxalifət deyən partiyalar siyasi proseslər nəticəsində özü hökumət qurmağı düşünür. Ona görə də hər hansı formada koalisyon hökumətin yaradılması gündəmə gələrsə, o zaman mümkün ola bilər. Kadr dəyişikliyi zamanın tələbi idi. Çünki ölkədə nəsil dəyişimi baş verir və yeni nəsil öz təmsilçilərini həm iqtidarda, həm müxalifətdə, həm iş həyatında, həm sosial həyatda görmək istəyir. Biz bunu illərdir ki, deyirik. Nəhayət, hökumətdə də bunabənzər mesajların olduğunu gördük. Amma kadr dəyişikliyi vacib olsa da, həlledici deyil. Həlledici olan sistem islahatlarıdır, idarəetmənin fəlsəfəsinin, təməlinin, yanaşmasının dəyişməsidir. İndiki sərt idarəçilik formasında Nazirlər Kabineti artıq lazımsız bir quruma çevrilib. Çünki Prezident özü Nazirlər Kabinetinin iclasını keçirir, özü tapşırıqlar verir, özü nazirləri, dövlət idarə rəhbərlərini dinləyir və müvafiq olaraq bütün icra strukturuna özü rəhbərlik edir. İndiki prezident üsul-idarəsində Nazirlər Kabinetinin olması mənasız olur. Ona görə də dəyişiklik islahata çevriləcəksə, qanunların, Konstitusiyanın dəyişməsi nəticəsində idarəetmənin çevikliyinin artırılması ilə müşayət olunmalıdır. Prezidentin yanında kiçik və çevik hökumət modelinə keçidlə bağlı addımlar atılmalıdır. Bu, prezident respublikalarının az qala hamısında eynidir. Uğurlu prezident respublikasında Nazirlər Kabineti olmur. Ona görə də gələcəkdə kadr dəyişiklikləri ilə paralel idaretmə fəlsəfəsinin də qanunvericilik səviyyəsində dəyişdirilməsini gözləyirəm. Yerli özünüidaretmə problemləri həll olunmalı, QHT qanunvericiliyi dəyişməli, mer institutları təsis olunmalıdır. Qanunvericilik səviyyəsində bir çox dəyişikliklər olmalıdır ki, islahatların effektiv davam etməsi üçün şərait yaransın. Əgər bizə açıq siyasi danışıqlarla gələcəkdə koalisyon hökumətin qurulması ilə bağlı təklif gəlsə, bunu dəyərləndirə bilərik. Amma indiki sistem çərçivəsində hər hansı bir kadrımızın hökumətdə təmsil olunması real görünmür. Bizim 318 nəfərdən ibarət xaricdə təhsil almış, kifayət qədər təcrübə və biliyə malik olan kadr bankımız var. Neçə illər bununla bağlı iş aparmışıq. Ona görə də istəyirik ki, normal demokratik seçkilər keçirilsin, hər bir partiya potensialını ortaya qoya bilsin. Əgər heç bir partiya mütləq üstünlük qazanmayacaqsa, o zaman indiki iqtidar partiyası ilə də koalisyon hökumətlə bağlı danışıqlar apara bilərik. Bunun üçün kifayət qədər siyasi iradəmiz və kadr potensialımız var”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib ki, kadr dəyişikliyi davam edəcək, mühim olan isə idarəçilik fəlsəfəsinin dəyişməsidir:

“Mən təxminən bir həftə əvvəl hər iki nəfərin adını çəkmişdim ki, bu şəxslər vəzifədən getməlidir. İqtidarın kadr bankına müxalifəti daxil edib-etməyəcəyini deyə bilmərəm. Qərarlarının nə olacağını bilmək olmaz. Hansısa postu tutmaqla bağlı təklif gəlsə, dəyərləndirərik. Amma hansı şərtlər, hansı təkliflər, hansı işlərlə bağlı olacağını deyə bilmərəm. Bizim bütün sahələr üzrə kadrımız var. Sadəcə, ölkədə siyasi niyyət bilinməlidir. Niyyət bilinməsə, vəzifə xatirinə vəzifəyə getmək olmaz. Hökumətin nə istədiyini bilmək lazımdır. Hökumətin məramı açıq olmalıdır. Açıq şəkildə nümayiş etdirməlidir ki, ölkədə nəyi dəyişmək istəyir. Bizim mübarizəmizin məqsədi ölkəni düzəltməkdir. Əgər kimsə bunu vəzifə kimi qavrayırsa, yanılır. İdarəçilik fəlsəfəsi dəyişməlidir, kadr yox, kadr dəyişikliyi də azdır. Kadrların dəyişməsi öz-özlüyündə müsbət haldır, amma onunla paralel idarəçilik fəlsəfəsi, xalqa münasibət, davranış, maddi nemətlərin bərabər bölgüsü, həmin bölgüyə yenidən baxılması, regionçuluqdan imtina və.s məsələlər kompleks şəklində ortaya qoyulmasa, vəzifə alverinə getmək yanlışdır. Düşünürəm ki, kadr dəyişikliyinin davamı olacaq. Çünki son müşavirədən bu göründü”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Ehtiram Mehdiyev vurğulayıb ki, iqtidar müxalifət nümayəndələrinə hansısa post təklif edərsə, bu, cəmiyyətə barış mesajı göndərər:

“Hazırda ölkəmizdə yeni siyasi dövrün başlandığının şahidi oluruq. Müxtəlif dövrlərdə ictimai-siyasi prosesləri dəyişən kadr islahatlarının Azərbaycanda dövlətçiliyi və idarəetməni möhkəmləndirməyə xidmət etdiyini düşünsək də, bəzi zamanlarda bunun əksini gördük. Çünki vəzifəyə təyin olunan məmurların əksəriyyəti məsuliyyət hissini dərk etmədilər. Hətta vəzifələrindən sui-istifadə edərək dövlət maraqlarına xəyanət etdilər. Ümumiyyətlə, kadr islahatları idarəetmənin təkmilləşdirilməsinə xidmət etməlidir. Bunun üçün də kadr seçərkən heyəti cavanlaşdırmaqla yanaşı, dövlət maraqlarını da prioritet hesab etmək lazımdır. Hesab edirəm ki, bu, perspektiv inkişaf hədəflərini müəyyənləşdirmək üçün əsas şərtlərdən biri sayılır. İqtidarın kadr islahatlarında əks düşərgənin, yəni müxalifətin də potensialından istifadə edilməlidir. Müxalifət partiyalarında ölkədəki mövcud vəziyyəti düzgün analiz edən kifayət qədər savadlı, intellektual və ən əsası dövlət maraqlarını üstün tutan kadrlar var. Düzdür, etiraf edim ki, bəzi ənənəvi müxalifətçiləri toplasan, bir rayonu idarə edə bilməzlər. Çünki onlar üçün dövlət maraqları yox, paxıllıq, vəzifə hərisliyi, mənəm-mənəmlik daha alidir. Hesab edirəm ki, iqtidar belə addımı ilə cəmiyyətə barış mesajı da verə bilər. Əbülfəz Elçibəyin siyasi yolunu davam etdirən, xalqın səsini, etimadını qazanan AXCP olaraq digər partiyalardan ən vacib fərqimiz geniş, hazır proqram təminatına malik olmağımızdır. Bizim partiyanın ali məqsədləri daha güclü cəmiyyətin qurulmasına xidmət edir. Bütün dövrlərdə partiyamız nəyi deyib, nəyi tənqid edirsə, nəyi fərqli görmək istəyirsə, mütləq şəkildə çıxış yolunu da göstərir. Hazırda partiyamızda bir neçə sahəyə uyğun kadrlar var. İnanıram ki, dövlətini sevən, onun maraqlarına xidmət edən bu kadrlarla idarəetmənin təkmilləşdirilməsinə, dövlətçilik və idarəetmənin möhkəmləndirilməsinə öz töhfəmizi verə bilərik”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə kadr dəyişikliyinin heç bir fayda verməyəcəyi, mövcud gərginliyi azaltmayacağı fikrindədir:

“Düşünürəm ki, idarəetmə dəyişmədikcə, kadr dəyişikliyinin Azərbaycana heç bir xeyri olmayacaq. Mənə elə gəlir ki, cəmiyyətdə nələrinsə dəyişdiyi təsəvvürünü yaratmaq üçün hökumət belə addımlar atır. Bu, hökumətin özü üçün lazımsız bir yol seçdiyini göstərir. Gərginliyi azaltmaq üçün kadr dəyişikliyinin edilməsi də bunun kimidir. Azərbaycanda mütləq şəkildə idarəetmə dəyişməlidir. Kadr dəyişikliyi ilə gərginliyi aradan qaldırmaq mümkün olmayacaq. Camaatı narahat edən Hacıbala və ya başqası deyil, camaatı narahat edən idarəetmənin aşağı keyfiyyətli olmasıdır. Əgər hökumət bizim müxalifətçilik missiyamızı saxlamaqla bizə əməkdaşlıq təklif etsə, böyük məmnuniyyətlə təklifi qəbul edərik. İnkişaf fikirlərin ziddiyyətindən meydana çıxır. Biz çalışarıq ki, əldə etdiyimiz təcrübəni dövlətimizin inkişafına, xalqımızın rifahına sərf edək. Yoxsa Hacıbala kimi səhv və ya düz olmasından asılı olmayaraq hər şeyə “bəli-bəli” deməyi qəbul etmərik. Nə qədər yüksək post olmasından asılı olmayaraq, o postu seçmərik. Bizə yalnız xalqa xidmət edə biləcəyimiz vəzifə təklif olunarsa, razılaşarıq. İdarəetmədə nazirlər və komitə sədrləridir ki, bunlar da siyasi postlardır. Buraya yüksək ideallı, vətəninə, xalqına bağlı, müəyyən mənada dünyagörüşü olan insanlar lazımdır. Digər kadrlar mütəxəssislər olmalıdır. Bizə hansısa idarədə idarə müdirliyi təklif olunmayacaq ki... Bizə siyasi post təklif olunmalıdır. İstənilən siyasi postda idarəetmə necə olmalıdırsa, onu nümayiş etdirərik”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR