Xankəndi ermənilərinə rus pasportu verilir? - TƏHLÜKƏ

18-11-2020, 09:57 101 dəfə baxılıb

Ermənilər və onun qulluğunda dayanan media qurumları absurd iddialardan, saxta informasiyalar tirajlamaqdan əl çəkmirlər. Onların ortaya atdığı yeni cəfəngiyyat Xankəndində yaşayan ermənilərə Rusiya pasportunun paylanacağı məsələsidir. Yada salaq ki, bundan əvvəl telejurnalist, erməni sevdalısı, sonradan Prezident İlham Əliyevin qələbəsini etiraf edən Vladimir Solovyov rus pasportu söhbətini gündəmə gətirmişdi.

“Yeni Müsavat”ın məlumatına görə, indi isə Xankəndindən reportaj hazırlayan sputnik.am saytı yazır ki, sülhməramlıların gəlişindən sonra guya burada qalan azsaylı ermənilərə Rusiya pasportları veriləcək. Görünür, belə bir yalanla erməniləri Qarabağa qaytarmaq niyyəti güdülür. Məlumdur ki, Rusiya sərhəd olduğu Donbasda, Abxaziyada bu siyasəti aparıb. Amma Qarabağda bu, nə dərəcədə mümkündür, Moskva Azərbaycana qarşı bu cür oyuna gedərmi?

Deputat Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Xankəndi Azərbaycan ərazisidir, ölkəmizin yuridiksiyasında olan şəhərdir. Onun sözlərinə görə, Xankəndində yaşayan hər kəs Azərbaycan vətəndaşlığını daşımalıdır. Deputat həm də inanmır ki, Rusiya bu addıma gedər: “İnanıram ki, Rusiya beynəlxalq hüquqlara hörmətlə yanaşıb və yanaşacaq. Həmçinin Rusiya prezidenti ilə Azərbaycan prezidenti arasında möhkəm dostluq əlaqələri, yaxşı münasibətlər var. Ona görə Rusiyanın bu addım atacağına inanmıram”.

A.Hüseynov hesab edir ki, ortaya atılan yeni nağıl ermənilərin xülyasıdır: “Onlar heç zaman beynəlxalq hüquqa məhəl qoymurlar. Ermənistanda olan bütün rəhbərlər həmişə öz xalqının başını qatmaqla, aldatmaqla məşğuldur. Bütövlükdə Qarabağ Azərbaycandır, ərazi bütövlüyümüz bərpa olunub. Burada ancaq Azərbaycan vətəndaşı kimi yaşamaq olar. Ona görə ermənilərin başının altına yastıq qoyurlar, onları belə yalanlarla inandırırlar”.

Hüquqşünas Əsabəli Mustafayevin fikrincə, hüquqi baxımdan onlara rus pasportu verilməsi mümkün deyil. Onun sözlərinə görə, Rusiya siyasi dairələrindən hər hansı addım atılması istisna deyil. “Donetsk, Dnestryanı ərazilərdə bu siyasət yürüdülüb. Ancaq inanmıram ki, Rusiya tərəfindən bizə qarşı belə bir addım atılsın. Ola bilsin ki, Jirinovski kimilər bu tələbi irəli sürsünlər. Ancaq Azərbaycan tərəfi razılaşmayacaq. Ümumiyyətlə, şayiələr, söz-söhbət çoxdur. Yəqin ki, ölkə rəhbərliyi belə addımlar atılması ehtimalını da nəzərində saxlayıb. Biz panikaya düşməməliyik və dövlətin mövqeyini gözləməliyik. Türkiyənin də rolu mühümdür. Türk ordusunun gəlişi gözlənilir”, - deyə, vəkil qeyd etdi.

Ə.Mustafayev hesab edir ki, dövlət rəhbərliyi Türkiyə ilə birlikdə neytrallaşdırıcı tədbirlər nəzərdə tutub: “Həmin önləyici addımlar da məhz gələcəkdə hansısa xoşagəlməz proseslərin qarşısını almağa hesablanıb. Ona görə Xankəndində yaşayan ermənilərə Rusiya pasportu veriləcəyinə inanmıram. Qanunla Xankəndində yaşayan ermənilərə Azərbaycan pasportu verilməlidir. Ermənistan vətəndaşı üçün ora gedib-gəlməyə isə viza məsələsi qoyula bilər və sülhməramlılar nəzarət etməlidir. Bütün bunlar bir günün işi deyil”.

Politoloq Ramiyə Məmmədova isə son günlərdə bu iddiaların tirajlanmasının səbəbini iki faktorla izah edir. Onun fikrincə, ilk növbədə ürək bulandırmağa, şübhə toxumu səpməyə çalışırlar, digər tərəfdən də erməniləri sakitləşdirirlər: “Mən Xankəndində çox erməni qalacağını gözləmirəm Onlar zamanla köçüb gedəcəklər. Düşünmürəm ki, Azərbaycan vətəndaşı kimi yaşamaq istəsinlər. Sadəcə, bəzi ermənipərəst dairələr gündəmə bu məsələləri gətirməklə həm Azərbaycanda Dağlıq Qarabağ mövzusunda narahatlıq yaratmaq istəyirlər, həm də ermənilərin orada qalmasını təmin etmək üçün şirin vədlər verirlər. Rusiyanın Xankəndinə sülhməramlıları yerləşib və onların missiyası təhlükəsizliyi təmin etməkdir, pasport paylamaq yox. Bundan əlavə, kimlərsə Rusiya ilə Azərbaycanın münasibətlərində gərginliyin yaranmasına arzu edir. Ancaq bu səylər faydasızdır. Kremlin müharibəyə qarışmaması, Putinlə Əliyevin əlaqələrinin yüksək səviyyədə olması, bu günə qədər Moskva tərəfindən hər hansı narahat doğuran açıqlama verilməməsi göstərir ki, ortada anlaşılmayan, razılaşdırılmayan məsələ yoxdur. Sadəcə, hansısa dairələr qızışdırıcı fikirlərlə münasibətlərə zərbə vurmaq, körükləmək istəyirlər”.
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR