Rusiya "erməni yükü"nü çiynindən atmağa çalışır: - Kreml Azərbaycan və Türkiyə ilə tərəfdaşlığı ön plana keçirir

22-12-2020, 23:32 215 dəfə baxılıb

Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərin hansı istiqamətə yönələcəyi indi olduqca böyük maraq doğurur. Artıq hər kəsə aydındır ki, heç bir şey əvvəlki kimi olmayacaq. Bir çox faktorlar artıq fərqli situasiyanın əlamətləri kimi diqqət çəkir.

Hazırda ən önəmli məqamlardan biri Ermənistanın gələcək taleyi ilə bağlıdır. Bu "quldur dövlət" mövcudluğunu qoruya biləcəkmi? Mövcudluğunu qoruya biləcəksə, hansı beynəlxalq siyasi iradə mərkəzi yardımçı olacaq?

Bu suallar təsadüfi deyil. Belə ki, Ermənistanın yaradılması da, mövcudluğu da "erməni qabiliyyətləri"nin nəticəsi sayıla bilməz. Deməli, Ermənistanın gələcək taleyi də ermənilərin özlərindən asılı deyil.

Onu da qeyd edək ki, bu məsələ ilə bağlı olduqca təzadlı situasiya mövcuddur. Ziddiyyətli faktorlar Ermənistan ətrafındakı qeyri-müəyyənliyi daha da artırır.

Məsələ ondadır ki, Ermənistanın yeganə rəsmi müttəfiqi məhz Rusiya sayılır. Kremldə Ermənistanı Rusiyanın "əsərləri" hesab edirlər. Və bu dövlətin həmişə Rusiyanın orbitində for-post kimi qalmalı olmasından əmindirlər. Rəsmi İrəvanın istənilən fərqli niyyəti Kremldə kəskin qıcıqla qarşılanır və bir qabaqlayıcı manevrlə Ermənistana durmalı olduğu yer xatırladılır.

Ancaq indiki situasiyada Ermənistanın mövcudluğu yalnız Rusiyadan asılı deyil. Çünki II Qarabağ savaşının nəticələri bu faktoru dəyişdirib. Yeni reallıq yaradıb.

Məsələ ondadır ki, ordusu darmadağın olunaraq, məğlub edilmiş Ermənistan indi "reanimasiya" şəraitində qalıb. İqtisadiyyatı çöküb, yaxın gələcəkdə müsbət impulslar verəcəyi gözlənilmir. İndi Ermənistanın mövcud ola bilməsi üçün "maliyyə-iqtisadi tənəffüs yastığı"na ehtiyacı var.

İlk önəmli və ibratamiz təzad da məhz burada ortaya çıxır. Belə ki, bu məsələdə Rusiya Ermənistana çiyin verə biləcək himayədar statusundan yumşaq desək, xeyli uzaqdır. Cənubi Qafqazdakı yeni geopolitik situasiya və Rusiyanın özünün durumu belə bir qaçılmaz reallıq yaradıb.

Ermənistan üçün "maliyyə-iqtisadi tənəffüs yastığı" isə Cənubi Qafqazda yalnız Azərbaycan və Türkiyənin əlində var. Rəsmi İrəvan da bu reallığı anlayır. Ona görə də, baş nazir Nikol Paşinyan "Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq lazımdır" deyir.

Ancaq onun Azərbaycan və Türkiyədən "maliyyə-iqtisadi tənəffüs yastığı" əldə etməsi o qədər də asan məsələ deyil. Çünki, bunun üçün əvvəlcə hər iki qonşu ölkə ilə onilliklər ərzində yığılmış problemləri qısa müddətdə həll etmək lazımdır. Üstəlik, Azərbaycan və Türkiyənin ortaya çıxacaq bir sıra tələblərini yerinə yetirməyə də məcburdur.

Ermənistan cəmiyyəti isə hələlik buna tam hazır deyil. Ermənistanda Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik münasibətlərinin davam etdirilməsində israrlı qüvvələr kifayət qədərdir. Onlar buna imkan vermək istəmirlər.

Məhz buradan da üçüncü önəmli ziddiyyət ortaya çıxmış olur. Ermənistan cəmiyyətində hələ də inanırlar ki, Qərbə yaxınlaşma yeganə xilas yoludur. Halbuki, əsas təzad odur ki, Ermənistanın Qərbə yaxınlaşması üçün "karidor" yoxdur. Yenə də Azərbaycan və Türkiyə ilə münasibətlərin normalaşdırılması zərurəti inkaredilməz reallığa çevrilmiş olur.

Göründüyü kimi, Ermənistan elə bir "geopolitik labirintə" düşüb ki, məhdud erməni düşüncə tərzi ilə keçilməsi qeyri-mümkün hesab etmək olar. Strateji müttəfiqi Rusiya yardım edəcək durumda deyil, xilas üçün düşmən hesab etdiyi iki dövlətə - Azərbaycan və Türkiyəyə möhtacdır, can atdığı Qərbə isə əli çatmır.

Belə vəziyyətdə bəzi erməni politoloqları Ermənistan üçün heç nəyi dəyişmədən Rusiyanın orbitinə daha sıx yaxınlığı çıxış yolu kimi qabartmağa çalışırlar. Ancaq bu köhnəlmiş və Ermənistanın inkişaf perspektivlərini bloklamış variant da bir qədər şübhəli görünməyə başlayıb. Çünki, yeni geopolitik situasiya Ermənistanın Rusiya üçün əhəmiyyətini azaldıb. Hətta son vaxtlar Kremlə yaxın siyasi dairələrdə "Ermənistan Rusiyaya lazımdırmı" sualı daha tez-tez səsləndirilir və buna cavab tapılmasına çalışılır.

Ermənistan üçün nə qədər paradoksal olsa da, bu, artıq reallıqdır. Və bu reallığın peyda olmasının bəzi səbəbləri də var.

Birinci əsas səbəb odur ki, Ermənistan son illərdə özünü etibarsız müttəfiq kimi təsdiqləyə bilib. Ermənistan cəmiyyətində Rusiya əleyhinə əhval-ruhiyyə möhkəmlənib. Rəsmi İrəvan Rusiyanın maraqlarına zərbə sayıla biləcək ardıcıl davranışlarla diqqəti çəkib. Son illərdə Rusiyadan daha çox ABŞ və Fransanın orbitinə yerləşməyə can atmaqla, Kremldə qıcıq doğurub.

Digər tərəfdən, Ermənistanın hərbi müttəfiq kimi Rusiyaya faydası da mübahisələr yaratmağa başlayıb. Belə ki, rəsmi İrəvan müharibə dövründə Rusiyanın Azərbaycana qarşı savaşa cəlb olunmasına can atırdı. Savaş Ermənistan ərazisinə keçsəydi, Rusiya bir hərbi müttəfiq kimi baş verənlərə müdaxilə etmək məcburiyyətində qala bilərdi.

Rusiyada indi bunun tərsi barədə də düşünməyə başlayıblar. Yəni Rusiya analoji situasiya ilə üzləşsəydi, Ermənistan yardım edərdimi?

Maraqlıdır ki, bu suala Rusiyada təsdiqləyici cavab verməkdə çətinlik çəkirlər. Çünki ermənilər başqaları üçün fədakarlıq edə biləcək, etibarlı toplum sayılmır. Onlar hətta Ermənistan üçün də başqalarının savaşmasına daha çox üstünlük verirlər.

Hətta Ermənistan Rusiyanın müttəfiqi kimi hər hansı hərbi-siyasi prosesə qatılsa belə, bunun bir faydası olmazdı. Çünki Ermənistanın nə qədər aciz ölkə olduğu artıq sübuta ehtiyacı olmayan reallıqdır. Bu ölkə bir müttəfiq kimi, ən yaxşı halda, Rusiyanın çiynində əlavə yük rolunu oynamaqdan başqa heç nəyə yaramaz.

Maraqlıdır ki, Rusiyada bu reallığı ciddiyə almağa başlayıblar. Belə anlaşılır ki, Kreml yaxın gələcəkdə Ermənistan ucbatından daha faydalı tərəfdaş ola biləcək ölkələr ilə münasibətlərin pozulmamasının vacibliyi qənaətinə meyilli görünür.

Yaranmış yeni geopolitik situasiyada Ermənistanın Rusiya üçün əhəmiyyəti böyük sürətlə "əriməyə" başlayıb. Hətta bunun açıq əlamətləri də müşahidə edilməyə başlayıb.

Belə ki, Ermənistan son vaxtlar Rusiyadan bir-birinin ardınca gözləmədiyi zərbələri almaqdadır. Rusiya sülhməramlı qüvvələrinin Ermənistan hərbi maşınlarının Laçın dəhlizindən keçmək cəhdinə verdiyi reaksiyanı da bunun əlamətlərindən biri hesab etmək olar.

Məsələ ondadır ki, Ermənistan ordusunun baş qərargah rəisi Onik Qasparyanın da içərisində olduğu üç hərbi maşın Laçın dəhlizində saxlanılıb və Azərbaycan hərbçiləri tərəfindən geriyə qaytarılıb. Onlara xəbərdarlıq edilib ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və oraya hər hansı ölkənin hərbçiləri keçə bilməzlər. Erməni tərəfinin Rusiya sülhməramlı qüvvələrinin rəhbərliyinə şikayəti isə konkret cavabla qarşılıq görüb: "Bu məsələ bizim səlahiyyətimizə daxil deyil".

Önəmli hadisədir. Bu, Laçın dəhlizinin Azərbaycan dövlətinin tam nəzarətində olduğunu göstərir. Və Rusiya buna qarşı deyil. Əksinə, Kreml Azərbaycan dövlətinin öz əraziləri üzərində suveren hüquqlarını tanıyır. Yəni, erməni hərbçilər əlini-qolunu yelləyə-yelləyə Xankəndinə gedib-gələ bilməzlər. O dövr bitdi.

Rusiya prezidenti Vladimir Putinin son vaxtlar daha tez-tez "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir" deməsi də qətiyyən boşuna deyil. Son 30 ildə bir dəfə də bu inkaredilməz hüquqi reallığı indi Kreml sahibinin belə konkret mətnlə dəqiq ifadə etməsi Azərbaycan üçün məmnunedici məqamdır. Çünki Kreml Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşdığını qabartmağa üstünlük verir. Ermənistana isə dolayısı ilə Azərbaycana məxsus ərazilərdən "gözünü nə qədər tez çəksən, daha yaxşı olar" mesajı verilir.

Prezident Vladimir Putinin "status məsələsinə gələcəkdə baxıla bilər" əlavəsi isə sadəcə, formal xarakter daşıyır. Çünki hər kəsə, o cümlədən, ermənilərə də artıq birmənalı şəkildə aydındır ki, "status məsələsi"nin artıq heç bir gələcəyi yoxdur. Bu mövzu keçmişdə qalıb.

Belə düşünmək olar ki, Rusiya dəyişən geopolitik situasiyanın yeni şərtlərini qəbul etməyə başlayıb. Ən önəmlisi isə yeni şərtlərdə Rusiyanın çiynində "erməni yükü" ilə Cənubi Qafqazda geopolitik oyunçu statusunu qoruya biləcəyi o qədər də inandırıcı deyil.

Böyük ehtimalla Kremldə bu önəmli reallığı artıq ciddiyə almağa başlayıblar. Ona görə də, Rusiya çiynindəki "erməni yükü"nü mümkün qədər tez bir zamanda atmağa çalışır. Bu, regionda Azərbaycan və Türkiyə ilə ortaq maraqları olan Rusiyanın Cənubi Qafqazda manevr imkanlarını genişləndirə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR