ABŞ və Fransanın Minsk Qrupu israrı: Bakı çətin seçim qarşısında... - NƏ BAŞ VERİR?

19-05-2021, 14:50 121 dəfə baxılıb

Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr ABŞ və Fransanın əlinə düşmüş fürsət kimi oldu, Qarabağ münaqişəsinin həllində kənarda qalan hər iki ölkə bəyanatlar verdi, "problemlər qalır”, "biz də varıq” dedilər. "Yeni Müsavat” xəbər verir ki, mayın 16-da ABŞ dövlət katibi Entoni Blinken və Fransanın xarici işlər naziri Le Drian digər məsələlərlə yanaşı "Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi nizamlanmasının vacibliyinə toxunaraq ATƏT-in Minsk Qrupu çərçivəsində iki ölkənin əməkdaşlıq məsələsini müzakirə ediblər”.

Bu barədə Dövlət Departamentinin mətbuat katibi Ned Praysın məlumatında deyilir. Görünür ki, Qərb Qarabağdakı proseslərə Minsk Qrupu ilə qayıtmaq istəyir. Lakin həmsədr ölkələrdən olan Fransa açıq şəkildə balansı pozmaqla, Ermənistanı müdafiə, Azərbaycanı işğalçı adlandırmaqla Minsk Qrupunda təmsil olunmaq mandatını tamamilə şübhə altına almış oldu. O baxımdan 30 il bir işə yaramayan bu üçlüyün yenidən aktivləşməsinə zərrə ehtiyac qalmayıb.

Elə Prezident İlham Əliyev də konkret ad çəkməsə belə, Naxçıvanda verdiyi açıqlamalarda "Qarabağ münaqişəsinin həll edildiyini” bir daha təkrar edərək, bu məsələdə vasitəçilərə ehtiyac qalmadığına işarə etmişdi. Yəni Bakının mövqeyi aydındır. Amma ABŞ və xüsusilə Fransa həmsədrləri yenidən fəallaşdırmaqda israrlıdırlar, dövlət katibi ilə fransalı nazirin son telefon danışığı da bunu sübut edir.

Maraqlıdır ki, hər iki ölkənin budəfəki bəyanatları bir-birilərindən çox da fərqlənmədi, Azərbaycana qınayıcı sözlər sərf edildi, xüsusilə Fransa tərəfindən...

Eyni zamanda mayın 17-də ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan İ.Əliyevə telefonla zəng edib. Sallivan Azərbaycan və Ermənistan sərhədində yaşanan son gərginliklə bağlı narahatlığını bildirib və bu kimi fikir ayrılıqlarının sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıb. Yəni hiss olunur ki, Vaşinqton proseslərə fəal şəkildə qoşulmağa hazırlaşır. İ.Əliyev həmsədrlər ölkəyə gələndə onları dəvət etmədiyini, sözləri varsa kameraya deyə biləcəklərini söyləməklə mövqeyini aydın ifadə etmişdi. Lakin görünən budur ki, ABŞ və Fransa bu məsələdə "iki ayağını bir başmağa dirəyib”. Bəs bu israrların qarşısında nə etməliyik, Minsk Qrupu ilə əməkdaşlığı birtərəfli kəsəriksə, nə olar?

AMİP sədri Arzuxan Əlizadənin "Yeni Müsavat”a bildirdiyinə görə, Minsk Qrupunun fəaliyyəti barədə ictimaiyyətin və Prezidentin mövqeyi lakonikdir, aydındır. Onun fikrincə, onlar 30 ildə fəaliyyətsizliyi ilə torpaqların işğalda qalmasının rəsmiləşdirilməsi üçün səy göstəriblər: "Amma Azərbaycan BMT qətnamələrini özü yerinə yetirdi, Minsk Qrupunun görməli olduğu işi həll etdi. Ona görə Minsk Qrupundan bu mənada imtina olunmalıdır. Amma orada başqa dövlətlər də var, məsələn, Türkiyəni qeyd etmək olar. Əgər bölgədə sərhədlərin açılması reallaşarsa, sülhün təmin edilməsində Minsk Qrupunun fəaliyyətinə ehtiyac yaranarsa, ilk növbədə Fransanın həmsədrliyindən imtina edilməlidir. Çünki Paris həm müharibə vaxtı, həm postmüharibə dönəmində açıq şəkildə ermənipərəst mövqedən çıxış edir, artıq bitərəf sayıla bilməz”. A.Əlizadə hesab edir ki, digər həmsədr ölkə - Amerikanın prezidenti Baydenin də türk dünyası ilə bağlı baxışı bizə məlumdur: "Əgər gələcəkdə Minsk Qrupuna zərurət yaransa, Fransa kənarlaşdırılmalı, Türkiyəyə mandat verilməlidir. Digər formatda - münaqişənin nizamlanması formatında isə Minsk Qrupuna ehtiyac yoxdur. Çünki münaqişə geridə qalıb və Azərbaycan torpaqlarının böyük hissəsini azad edib”.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev qeyd etdi ki, müəyyən Qərb dairələri Ermənistana dəstək vermək istəyirlər, onun məğlubiyyətini kompensasiya etməyə çalışırlar: "Eyni zamanda regionda təmsil olunmaq istəyirlər. Bunun da yolu Minsk Qrupudur. Amma Azərbaycan Prezidenti onları qovdu, Bakıya gələndə elə üz göstərdi ki, bir də gəlməməli idilər. Ancaq hiss olunur ki, yenə qayıtmağı planlaşdırırlar”.

E.Musayev hesab edir ki, Azərbaycan Minsk Qrupundan imtina etməlidir: "Onlar bizim üçün maraqlı deyil. Ancaq rəsmi Bakı imtina edəcəkmi, edərsə hansı təzyiqlər ola bilər, bir başqa söhbətin mövzusudur. Bütün hallarda prosesi uzatmalıyıq, biz qalib gəlmişik. Həmçinin Fransa və ABŞ-ın mövqeyində fərqlilik olacaq. Amerika ilə enerji əməkdaşlığımız var, 907-ci düzəlişlə bağlı qadağa qərarı qüvvədə saxlanıldı, ABŞ-dan bizə yardımlar nəzərdə tutulub, yəni Bayden bununla mövqeyini nümayiş etdirdi”.

Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, Minsk Qrupunda təkcə ABŞ və Fransa deyil, Rusiya da israrlı görünür: "Daha doğrusu, Moskva buna etiraz etmir. Çünki Cənubi Qafqazda öz varlığını həll edib, sülhməramlı qüvvələri Qarabağa yerləşib, işini görüb deyə ABŞ və Fransadan təkliflərə dirsək göstərmir. Kreml fikirləşir ki, buna qarşı çıxarsa, vəziyyəti kəskinləşdirə bilər. Ona görə qoy Minsk Qrupu gəlsin-getsin, özləri üçün danışsınlar. Azərbaycanın da birmənalı şəkildə imtina edəcəyini gözləmirəm. Bakı da Moskva kimi düşünə bilər ki, qoy müzakirə eləsinlər, onsuz da işğala son qoyulub, məsələ hərbi yolla həllini tapıb”.

Siyasi şərhçi bununla belə Fransanın həmsədr kimi heç bir nüfuzu olmadığını güman edir: "Makronun məlum açıqlamasından sonra Fransa danışıqlarda hansı balansı gözləyə bilər? Ona kim inanır?

Digər tərəfdən, Qarabağ məsələsini Rusiya və Türkiyə müzakirə edir, Minsk Qrupuna ehtiyac görünmür. Biz, hər halda, vaxt udmağa çalışacağıq ki, məsələ uzansın. Axı Minsk Qrupu nəyi müzakirə edəcək? Azərbaycan beynəlxalq hüquqla tanınan torpaqlarını işğaldan azad edib. O halda yalnız "status”u gündəmə gətirib, acı bağırsaq kimi uzada bilərlər. İndiki fəallıq isə Zəngəzur və Qaragölə görədir. Qərbin əlində arqumentlər o dərəcədə azalıb ki, Minsk Qrupunu qaytarmaq üçün hansı əsaslar irəli sürəcəyini götür-qoy edir".
"Yeni Müsavat”



loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR