1993-cü il dönüş nöqtəsi oldu

6-06-2024, 09:49 139 dəfə baxılıb

1993-cü il dönüş nöqtəsi oldu




Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı və söhbət təkcə ölkənin enerji seqmentindən getmir. İrimiqyaslı iqtisadi islahatlar, yeni demokratik Konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi və iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaları cəlb etmək cəhdləri. Birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar etdilər.
Üç il müddətində “Çıraq” platformasından ilk neft hasil olundu. Bu, neft sahəsinin tarixində çox əlamətdar və rekord bir hadisə idi. Müqavilənin imzalanmasından hasilata qədər cəmi üç il vaxt ötdü və sonra Qara dəniz limanlarına gedən iki boru xətti istismara verildi. 1999-cu ildə onların hər ikisi artıq işlək idi. Sonra çox çətin relyef şəraitində və region ölkələrinin və şirkətlərinin güclü əməkdaşlığı ilə uzunluğu 1700 kilometrdən artıq olan Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəməri ərsəyə gəldi.
Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı. BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasimi əlamətdar hadisədir. Bu layihələrin başlanması Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir. “Şahdəniz” Azərbaycanda qaz qıtlığına son qoydu. Çünki ondan əvvəl biz təbii qazı idxal edirdik, indi onu ixrac edirik və bizim ixracımız artır, çox güman ki, bu il 24 milyard kubmetrdən artıq olacaq. Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırdı. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi.
Qaz təchizatımızın coğrafiyası artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir. Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər.
“Bizim sözümüz imzamız qədər dəyərlidir”. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik. Hazırda iki layihə işlənilməkdədir – onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaqdır. Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR