Peşəkar jurnalistika

22-07-2024, 08:33 57 dəfə baxılıb

 Peşəkar jurnalistika


Respublikamızın tarixi inkişafında əldə olunmuş yüksək səviyyə milli mediamız qarşısında da yeni vəzifələr qoyur. “Bu gün Azərbaycan mətbuat müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndilirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır" – Prezident İlham Əliyev.
Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.
Azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün heç zaman qayğısını əsirgəmir. Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən medianın mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir.
1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.
Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər.
Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövləti başçısının diqqət mərkəzində olduğuna görə, KİV-lərə birdəfəlik yardımların göstərilmiş, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilmişdir. Həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə dövlətin qayğısı kimi dəyərləndirilməlidir.
2022-ci ildə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişiklikliyə əsasən Media Reyestrinə daxil edilmiş ən azı 5 il jurnalist işləyən və gənc ailənin üzvü olan şəxs, həmçinin ən azı 15 il jurnalist işləyən şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir.
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 7 mart 2023-cü il tarixli Qanunla 2023-cü il yanvarın 1-dən media subyektlərinin məhz media ilə bağlı fəaliyyətdən əldə etdikləri gəlirləri, o cümlədən reklam gəlirləri, habelə media subyektlərinə MEDİA Agentliyi tərəfindən verilən maddi yardımlar gəlir (mənfəət) və sadələşdirilmiş vergilərdən 3 il müddətinə azad edilib. Həmçinin, rəqabətə davamlı milli media məhsullarının istehsalının stimullaşdırılması məqsədilə media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də həmin tarixdən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib. Həmçinin, Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi də 2023-cü ilin 1 yanvar tarixindən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib.
Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu 2021-ci il fevralın 1-də Milli Məclis tərəfindən təsdiq edilmişdir. Raşılaşmaya əsasən iki ölkənin mediasının əlaqəli şəkildə hərəkəti baxımından səmərəli fəaliyyət göstərməsi məqsədilə Birgə Media Platforması yaradılması çərçivəsində tərəflər arasında əməkdaşlıq aparılacaq sahələr müəyyən edilmişdir (media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması, iki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması, beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması, televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi, müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması, peşə təhsili və mübadilə proqramlarının təşkil ediməsi, iki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması).


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR