İran təlaşda: Əməliyyat Zəngəzurdan başlayır - GƏLİŞMƏ

6-09-2024, 16:00 16 dəfə baxılıb

İran təlaşda: Əməliyyat Zəngəzurdan başlayır - GƏLİŞMƏ


Politoloq Zərdüşt Əlizadə Zəngəzur dəhlizi və Ermənistan ətrafındakı son gəlişmələrlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rusiya xarici işlər naziri Sergey Lavrovun Zəngəzur dəhlizi ilə bağlı son açıqlaması İranda etirazla qarşılandı. Rusiya səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldıqdan sonra ölkənin rəsmi mediası Moskvanı tənqid etməyə başlayıb. İran niyə Zəngəzur mövzusundan qorxur?

- Çünki İran çox gözəl anlayır ki, Zəngəzur dəhlizi açılsa, Amerika bunun üzərindən bütün Trans-Xəzər dəmir yolunu (Orta dəhliz) nəzarətə götürəcək. Bu durumda Zəngəzur qapı rolunu oynayacaq, kilidi də Amerika və ya Qərbdə olacaq. Qərb istəyir ki, Ermənistanda yerləşib Cənubi Qafqaza nəzarət eləsin. İran bilir ki, Ermənistan gələcəyini NATO-ya girməkdə görür. Bu zaman NATO gəlib Ermənistanın İranla sərhədində oturacaq. Bu əməliyyat da Zəngəzur dəhlizindən başlayır. Zəngəzur dəhlizi açılsa, Qərb-Ermənistan yaxınlaşması daha da güclənəcək. İran bunu istəmir.

- Dəhlizə həm də Rusiya nəzarət eləmək istəyir, amma İran buna da qarşıdır.

- İran yaxşı başa düşür ki, artıq zaman Rusiyanın zamanı deyil. Yəni indi heç nə Rusiyanın istəyi ilə olmur. Rusiya çox şey istəyir, amma bunları nə Qərb, nə də Ermənistan istəyir. Rusiyanın geri çəkilməsinə nail olacaqlar. Rusiyanın yaratdığı boşluğu da Qərb dolduracaq. Ümumiyyətlə, İran Zəngəzur dəhlizinin açılmasını istəmir.

- Zəngəzur ətrafında gedən proses necə yekunlaşacaq?

- Zəngəzur uğrunda gedən mübarizə nüfuz mübarizəsidir. Dünənə qədər Cənubi Qafqazda üstün tərəf Rusiya idi, indi Qərb bunu etməyə çalışır. Ermənistan əvvəl bölgədə Rusiyanın forpostu idisə, indi də Qərbin forpostu olmaq istəyir. İran isə bunu bəyənmir.

- İran gedişata mane ola biləcəkmi?

- Hələlik İran prosesə mane olmaq üçün Ermənistana təsir edə bilir. İndi Ermənistan İrandan hərbi-siyasi baxımdan asılıdır. Hindistandan Ermənistana verilən silahlar necə çatdırılır? İran ərazisi ilə. Hələlik İran Ermənistanı yolundan döndərə bilir. Çalışacaq ki, prosesi dayandırsın və ya ləngitsin.

- Ermənistanda yeni Konstitusiyanın qəbulu ilə bağlı müzakirələr başlayıb. Sizcə, bu proses necə bitəcək?

- Bu, 2027-ci ildən əvvəl olmayacaq. Bilmirəm, Ermənistan müxalifətinin payızdakı mitinqlərindən sovuşsalar, bəlkə də prosesi sürətləndirəcəklər. Amma hələlik Paşinyan deyir ki, 27-ci ildən əvvəl olmayacaq. Yəni qarşıda ən azı üç il var.

- Ermənistan müxalifətinin payız hazırlığından gözləntiniz necədir? Artıq sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyan da prosesə qoşulub.

- Onlar 20 ildən artıq hakimiyyətdə olan adamlardır. Bu dövrdə çoxlu sayda cinayətlər törədiblər – oğurluq ediblər, qanunları pozublar və sair. Buna görə də nüfuzları aşağıdır. İndi həmin adamların ətrafında olanlar bir yerə toplaşırlar, nəsə eləməyə çalışırlar. Yəni hamı onları yaxşı tanıyır. Bu qüvvələr hakimiyyəti dinc yolla dəyişmək gücündə deyillər. Ümid edirlər ki, bəlkə bu payızda qan tökülsə, onda silah gücünə dəyişiklik üçün zəmin yaranar. Qan tökülməsini istəyirlər. Axırıncı mitinqlərdə parlamentin önündə bunun üçün çox çalışdılar, amma polis imkan vermədi. Ancaq bu dəfə Robert və Serjdən sərt göstərişlər var ki, çalışın, bu dəfəki qarşıdurmalarda qan tökülsün, bir neçə nəfər öldürülsün. Bundan sonra da şivən qoparsınlar ki, cəllad Paşinyan xalqı qırır. Bununla silahlı qiyam üçün zəmin yaratmaq istəyəcəklər.

Köçəryan və Sərkisyanın bu qanlı zəmin üçün silahı da, adamları da var. Paşinyan bunları bilir, buna görə də öz müdafiəsini gücləndirir və hazırlığını görür, ordunu da, polisi də hazırlayır. Amerika səfirliyinin 2500 əməkdaşı var, onların 200-300-ü diplomatdır, qalanı silahlı adamlardır. Onlar Paşinyanı qorumaq üçün gəliblər. Paşinyan amerikalıların adamıdır, istəyirlər ki, hakimiyyətdə qalsın.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR