Mehriban xanım Əliyevanın yeni dövlətçilik missiyası və Rəqəmsal Şuşanın fəthi

Bu gün, 05:41 8 dəfə baxılıb

Mehriban xanım Əliyevanın yeni dövlətçilik missiyası və Rəqəmsal Şuşanın fəthi


Torpaqların azadlığından rəqəmsal suverenliyə keçidin mahiyyətini anlamaq Azərbaycanın yeni dövlətçilik modelini dərk etməyin əsas şərtidir. Son otuz ildə Qarabağ məsələsi millətimiz üçün hərbi-siyasi və milli səfərbərlik - dövlətçilik mübarizəsinin simvoluna çevrilmişdi. Zəfərdən sonra tarixi missiyanın yerinə yetirilməsi ilə Azərbaycan fiziki coğrafiyası ilə yanaşı, rəqəmsal sərhədlərini də yenidən müəyyən edən fərqli inkişaf mərhələsinə daxil olur.

Yeni tarixi transformasiya fonunda Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti Ulu öndər Heydər Əliyev kursunun davamlılığına zəmanət verən və 2003-cü ildə xalqın iradəsi ilə rəsmiləşən siyasi varislik qədər önəm daşıyır. Lakin ərazi bütövlüyü və suverenliyin təminatından sonra humanitar missiyadan rəqəmsal dövlətçiliyə keçid texnoloji vəzifə olsa da, eyni zamanda institusional liderlik hadisəsidir.

Tarix göstərir ki, dövlətlər dəyişən təhlükələrə uyğun idarəetmə sistemi qurduqları halda inkişaf edirlər. Bir zamanlar dövlətlərin ən böyük vəzifəsi öz sərhədlərini xarici işğal və hücumlardan qorumaq idi. Daha sonra iqtisadi, enerji, ərzaq və informasiya təhlükəsizliyi siyasətin ayrılmaz hissəsinə çevrildi. XXI əsrin ikinci rübündə isə yeni anlayışlara daha bir mühüm istiqamət əlavə olunur – rəqəmsal suverenlik.

Dövlətlərin sərhədləri xəritədə çəkilən xətlərlə məhdudlaşmır, məlumat bazaları, enerji şəbəkələri, bank sistemləri, elektron hökumət platformaları, süni intellekt modelləri və rəqəmsal infrastruktur da onun milli sərhədlərinin ayrılmaz hissəsi sayılır. Müasir dünyada dövlətlərin informasiya sistemlərinə edilən kiberhücum bəzən klassik silahlı basqın qədər ağır nəticələr doğura bilir.

Son otuz ildə ölkənin keçdiyi inkişaf yolu göstərir ki, dövlətçilik anlayışı mərhələli şəkildə yenilənib. Əgər 1990-cı illərdə əsas məqsəd müstəqil dövlətin qorunması idisə, sonrakı mərhələdə insan kapitalının inkişafı, iqtisadi modernləşmə və beynəlxalq nüfuzun artırılması ön plana çıxdı. 2020-ci ildə Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və ölkə postmüharibə inkişaf mərhələsinə qədəm qoydu. Qalib Yüzilin əsas çağırışı Qələbənin rəqəmsal müstəvidə davamlılığını təmin etməkdir.

Azərbaycanın müstəqillikdən sonrakı dövrünü üç böyük suverenlik mərhələsi kimi dəyərləndirmək mümkündür.

Birinci mərhələ, dövlət suverenliyinin xilası idi. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin dağılmasının qarşısını aldı, siyasi sabitlik bərpa edildi, mərkəzi-yerli hakimiyyət institutları formalaşdırıldı və ölkənin gələcək inkişaf strategiyasının əsası qoyuldu.

İkinci mərhələ, ərazi suverenliyinin bərpasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci ildə tarixi Zəfər qazanaraq beynəlxalq hüquqla tanınmış əraziləri üzərində suverenliyini bərpa etdi. Hərbi qələbə uzun illər davam edən siyasi və mənəvi mübarizə də öz məntiqi nəticəsinə çatdı.

Üçüncü mərhələ isə, rəqəmsal-texnoloji suverenliyin formalaşmasıdır. Müasir texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik, milli məlumat bazalarının qorunması və rəqəmsal dövlət idarəçiliyi yeni mərhələnin əsas istiqamətlərini təşkil edir.

Rəqəmsal İnkişaf Şurasının yaradılması və Birinci vitse-prezidentin rəhbərliyi ilə keçirilən ilk iclasda qəbul olunan qərarlar strateji yanaşmanın institusional ifadəsidir. Dəyişikliklər dövlət institularının üzərinə yeni vəzifələr qoyur. Humanitar layihələr, sosial proqramlar, beynəlxalq mədəni diplomatiya, postmüharibə quruculuğu və rəqəmsal inkişaf ayrı istiqamətlər deyil, vahid dövlətçilik strategiyasının bir-birini tamamlayan mərhələləridir.

Təsadüfi deyil ki, son illərdə dünyanın bir sıra inkişaf etmiş dövlətlərində də rəqəmsal transformasiya ən yüksək siyasi rəhbərlik səviyyəsində koordinasiya olunur. Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Estoniya və Finlandiya kimi ölkələrin təcrübəsi göstərir ki, rəqəmsal inkişaf dövlət idarəçiliyinin yeni fəlsəfəsinə çevrilir.

Azərbaycanın yeni dövlətçilik kursunda Birinci vitse-prezident Mehriban Əliyeva 2003-cü ildə üzərinə götürdüyü tarixi missiya yeni mahiyyət qazanır. Onun Heydər Əliyev Fondunun prezidenti, Birinci xanım və Birinci vitse-prezident kimi uzun illər ərzində həyata keçirdiyi fəaliyyət ölkəmizin humanitar inkişaf modelindən rəqəmsal dövlətçilik mərhələsinə keçidinin mühüm institusional dayaqlarından biri kimi qiymətləndirilə bilər.

Azərbaycan postmüharibə erasını xarici mərkəzlərin göstərişi ilə yox, dövlətimizin müstəqil iradəsi ilə bərqərar edir. O, Zəfərdən sonra yeni siyasi mərhələyə - "Dördüncü Azərbaycan Respublikası" adlı inkişaf modelinə daxil olur.

Son iki əsrdə dəfələrlə parçalanmaya və xarici geosiyasi təsirlərə məruz qalan Azərbaycan ilk dəfə olaraq öz təhlükəsizlik gündəmini, regional siyasətini və gələcək inkişaf prioritetlərini əsasən öz milli iradəsi əsasında müəyyən edən qalib dövlət kimi çıxış edir. Məhz buna görə rəqəmsal suverenlik Dördüncü Respublikanın əsas siyasi dayaqlarından biridir.

İyirmi ildən artıq müddətdə Mehriban xanım Əliyeva təhsil, səhiyyə, sosial müdafiə, mədəni irsin qorunması, beynəlxalq humanitar əməkdaşlıq və postmüharibə quruculuğu istiqamətində həyata keçirilən layihələr bir-birilə canlı bağlarla Vətən, Dövlət və xalq anlayışlarını birləşdirirdi. Əsas prinsip dəyişməz qalırdı – birinci Qarabağ müharibəsinin ağır humanitar və mədəni faciələrindən xalqımızı qorumaq və Prezident İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunmasına yönələn strateji kursuna dünya azərbaycanlılarının iradəsinin ifadəçisi kimi dəstək verməkdən ibarət olub. Zaman göstərdi ki, Mehriban xanımın tarixi missiyası qalib gəldi və O, Ulu öndər kursunun layiqli davamçılarından biri oldu.

Mehriban xanım Əliyevanın qazandığı ali dövlət vəzifəsi onun Qələbəmizin qazanılmasında və möhkəmlənməsində daşıdığı misilsiz rolla müəyyənləşir. Patriarxal Şərq cəmiyyətlərində formalaşan min illik ənənələrə sadiq qalmaqla yanaşı, müasir çağırışları və zamanın tələblərini Yeni Azərbaycan dövlətinin simasına gətirən də məhz Xanım Lider Mehriban Əliyeva olub.

Əleyhinə aparılan kampaniyaları Azərbaycanın düşmənlərinin təbii mübarizəsi kimi qəbul edən, heç zaman ideallarından və qarşıya qoyduğu məqsədlərdən geri çəkilməyən Prezidentlə eyni dövlətçilik kursu və siyasi xəttini aparan bir şəxsiyyət xalqımızın həyatını dəyişdirən fenomen oldu. Zəfərimizdən öncə və Suverenlikdən ötən illər ərzində heç bir qüvvə Mehriban xanım Əliyevanı millətini güclü görmək və qalibiyyətə çatdırmaq mübarizəsində Birinci Şəxsdən kənarda qoya bilmədi.

İşğal dövründə məqsəd məktəblərin tikintisi, uşaq evlərinin yenidən qurulması, qaçqın və məcburi köçkün ailələrinin sosial müdafiəsi vasitəsilə həyata keçirilirdi. Sonrakı mərhələdə yaralı hərbçilərin reabilitasiyası, şəhid ailələrinə dəstək və Qarabağın bərpası davam etdirildi. Zəfər dövründə isə eyni prinsip rəqəmsal müstəvidə yeni məzmun qazanır. Fiziki təhlükəsizliyi, humanitar missiyanı və mədəni xilası vətəndaşlarımızın rəqəmsal şəxsiyyətinin, özəl məlumatlarının, maliyyə təhlükəsizliyinin və kiberməkandakı hüquqlarının qorunması əvəz edir. Başqa sözlə, dəyişən təhlükələrlə aparılan yeni mübarizə üsulları, idxal olunan və hər bir insanın malik olduğu, könüllü can atdığı şəxsi və korporativ texnologiyalardır.

Lakin dövlətçiliyin əsas fəlsəfəsi dəyişmir. Azərbaycanın müasir inkişaf modeli də məhz eyni prinsip üzərində qurulur – insanı, dövləti və milli maraqları zamanın dəyişən çağırışlarına uyğun şəkildə qorumaq.

XXI əsrdə dövlətlərin qarşısında duran əsas vəzifə torpaqlarını müdafiə etməklə bərabər, öz məlumatlarını, rəqəmsal infrastrukturunu, süni intellekt sistemlərini və milli informasiya məkanını da qorumaqdır. Türk dünyasının parlayan ulduzu və İlham Əliyevin etimadını qazandığı üçün azərbaycanlı gəncliyin simvolu olmağa layiq bilinən Səlcuq Bayraktarın ifadəsi ilə desək, rəqəmsal əsarətə düşməmək üçün gələcəyin suverenliyi coğrafiyadan çox, texnologiya ilə müəyyən olunur.

Azərbaycan xanımlarının Zəfəri

Son iki yüz ildə millətimizin taleyini zərif çiyinlərində daşıyan Azərbaycan xanımları xalqımıza bəxş etdikləri ordunun və mənsub olduqları cəmiyyətin humanitar ən böyük sınağı 2020-ci ildə baş verdi. Müharibə şəraitində məktəb tikmək, xəstəxana yaratmaq və sosial layihələr həyata keçirmək kifayət etmirdi. Dövlətin qarşısında xalqın mənəvi birliyini, informasiya təhlükəsizliyini və beynəlxalq mövqeyini eyni vaxtda qorumaq vəzifəsi dayanırdı.

Vətən müharibəsi XXI əsr müharibələrinin mahiyyətini dəyişən hadisələrdən biri oldu. Azərbaycan Ordusu cəmi 44 gün ərzində işğal altındakı torpaqlarını azad etməklə yalnız hərbi üstünlük nümayiş etdirmədi. Müharibə göstərdi ki, müasir qarşıdurmalar iki paralel müstəvidə aparılır: biri döyüş meydanında, digəri isə informasiya məkanında.

Prezident İlham Əliyev beynəlxalq informasiya cəbhəsində bir nömrəli xüsusi təyinatlı kimi çıxış edirdisə, Mehriban Əliyeva daxildə milli həmrəyliyin, humanizmin və mənəvi dayanıqlığının qorunmasında xüsusi missiya daşıyırdı. Bir tərəfdən informasiya müharibəsi aparılırdı, digər tərəfdən isə xalqın ruh yüksəkliyi, şəhid ailələrinin qayğısı, yaralı hərbçilərin dəstəklənməsi və milli həmrəyliyin möhkəmləndirilməsi təmin edilirdi.

Əgər əvvəlki müharibələrdə qələbəni əsasən silahların gücü müəyyən edirdisə, XXI əsrdə informasiya axınına nəzarət, beynəlxalq ictimai rəyi formalaşdırmaq bacarığı və dezinformasiyaya operativ cavab vermək də hərbi əməliyyatların ayrılmaz hissəsinə çevrildi. Döyüş meydanında qazanılan üstünlük informasiya məkanında müdafiə olunmadıqda onun siyasi nəticələrini qorumaq çətinləşir. Buna görə də Azərbaycanın Vətən müharibəsində qazandığı təcrübə sonrakı dövrdə təhlükəsizlik siyasətinin və rəqəmsal suverenlik konsepsiyasının formalaşmasına mühüm təsir göstərdi.

Alqoritmlər vasitəsilə hazırlanan deepfake videolar, saxta səs yazıları, avtomatlaşdırılmış dezinformasiya şəbəkələri, dövlət informasiya sistemlərinə yönələn kiberhücumlar və kritik infrastrukturun rəqəmsal sabotajı gələcəyin əsas riskləri sırasında göstərilir.

Ona görə də Vətən müharibəsinin informasiya təcrübəsi ölkəmizin kibertəhlükəsizlik siyasəti üçün sınaqdan uğurla keçən təcrübədir. Söhbət yalnız məlumat yaymaqdan getmir, məlumatları qorumaqdan, beynəlxalq auditoriyanı məlumatlandırmaqdan, dövlətin informasiya sistemlərinin dayanıqlığını təmin etməkdən, həqiqətin rəqəmsal manipulyasiyalar nəticəsində təhrif olunmasının qarşısını almaqdan gedir.

Prezident İlham Əliyevin Vətən müharibəsində formalaşdırdığı informasiya üstünlüyü Azərbaycanın sonrakı rəqəmsal inkişaf strategiyasının da siyasi əsasını təşkil edir. İnformasiya təhlükəsizliyi ilə kibertəhlükəsizlik arasında sərhədlər getdikcə aradan qalxdığı üçün savaşın növbəti mərhələsi kiberməkanda aparılır.

Azərbaycanın qarşısında duran yeni vəzifə əldə edilən qələbəni qorumaq, Zəfərin informasiya və rəqəmsal müstəvidə də davamlılığını təmin etməkdir.

İnformasiya müharibəsindən "Kibervətən"ə: XXI əsrin yeni təhlükəsizlik fəlsəfəsi

XXI əsrin əvvəlində dünya təhlükəsizlik sistemi köklü şəkildə dəyişməyə başladı. Əgər əvvəlki yüz ildə dövlətlərin müdafiə siyasəti əsasən quru, dəniz və hava qüvvələri üzərində qurulurdusa, informasiya texnologiyalarının sürətli inkişafı tamamilə yeni əməliyyat mühiti yaratdı.

Rəcəb Tayyib Ərdoğanın uğurla ifadə etdiyi kimi "Kibervətən" (Siber Vatan) konsepsiyası belə yanaşmalardan biridir. Əgər coğrafi Vətən geçək fiizki məkanı, "Mavi Vətən" dənizi əks etdirirsə, "Kibervətən" anlayışı dövlətin rəqəmsal sərhədlərinin qorunmasını milli təhlükəsizlik siyasətinin ayrılmaz hissəsi kimi müəyyənləşdirir.

Dövlətin məlumat bazaları, milli serverlər də, enerji sistemləri də, elektron hökumət platformaları da, milli süni intellekt modelləri də vətəndir.

Obyektlərin hər hansı birinə qarşı həyata keçirilən hücum dövlət təhlükəsizliyinə yönəlmiş qəsddir.

Son illərdə Türkiyənin ASELSAN, HAVELSAN, TÜBİTAK BİLGEM, Türksat, Türk Telekom və digər qurumlar vasitəsilə yaratdığı milli kibermüdafiə infrastrukturu məhz həmin konsepsiyanın praktik ifadəsidir.

Dördüncü Respublika: Rəqəmsal Şuşa Zirvəsi

Azərbaycanın təhlükəsizlik gündəliyi də oxşar transformasiya yaşayır. Rəqəmsal İnkişaf Şurasının ilk iclasında qəbul olunan qərarlar yalnız texnologiya sektorunun inkişafına xidmət etmir. Burada dövlət idarəçiliyinin gələcək modeli müəyyən edilir. 58 təşəbbüs, 34 qanunvericilik dəyişikliyi, Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, my.Gov platformasının genişləndirilməsi, milli məlumat mərkəzinin formalaşdırılması, süni intellekt həllərinin dövlət idarəçiliyinə tətbiqi, tənzimləyici "sandbox" mexanizmi, 20 illik vergi güzəştləri, İT mütəxəssisləri üçün stimullar nəzərdə tutulur. Azərbaycanın rəqəmsal inkişaf strategiyasının institusional əsasları formalaşır.

Əgər XX əsrdə neft strateji resurs hesab olunurdusa, XXI əsrdə məlumat strateji resursa çevrilir. Bir vaxtlar dövlətlər neft yataqlarını qoruyurdularsa, yeni yüz ildə onlar məlumat bazalarına keşik çəkirlər. Keçmişdə neft kəmərləri əsas infrastruktur hesab olunurdusa, indi data mərkəzləri, bulud sistemləri və rəqəmsal platformalar eyni strateji əhəmiyyət daşıyır.

Yeni dövlətçilik modeli – Azərbaycanın yeni inkişaf strategiyasına diqqətlə baxdıqda maraqlı qanunauyğunluq görünür. Əvvəl insan-təhsil-iqtisadiyyat-dövlət modeli qurulurdu. İndi isə insan-məlumat-süni intellekt-rəqəmsal iqtisadiyyat-dövlət ardıcıllığı formalaşır. Mexanizm dövlət idarəçiliyinin fəlsəfəsini də dəyişir. Artıq dövlət xidmətçidir, eyni zamanda məlumatın etibarlı qoruyucusuna çevrilir. Vətəndaş dövlətə təhlükəsizlik, şəxsi məlumatlarının qorunması, rəqəmsal hüquqlarının təmin olunması, elektron xidmətlərin təhlükəsizliyi üçün də etibar edir.

Azərbaycanın yeni nəsil mühəndisləri, proqramçıları, kibertəhlükəsizlik mütəxəssisləri, süni intellekt tədqiqatçıları və TEKNOFEST ruhunda yetişən texnoloji gəncləri gələcəyin rəqəmsal ordusunun əsas dayaqlarına çevrilirlər.

Beləliklə, Rəqəmsal İnkişaf Şurasına rəhbərlik Azərbaycanın inkişaf modelini yeni mərhələyə daşıyan strateji missiyadır. İşğaldan Suverenliyə aparan tarixi yol tamamlanıb. İndi isə Azərbaycanın qarşısında yeni bir zirvə dayanır – rəqəmsal suverenlik. Rəqəmsal Şuşa Zirvəsinə aparan yolun mərkəzində isə insan, elm, texnologiya və milli dövlətçilik ideyası dayanır.

Azərbaycan ilk dəfə olaraq öz taleyini kənar güclərin diktəsi olmadan müəyyən edən qalib dövlət statusuna yüksəlib. Uzun onilliklər boyu regionun siyasi gündəmini müəyyən edən Qarabağ münaqişəsi Azərbaycanın dövlət quruculuğunun əsas yükü deyil. Ərazi bütövlüyünün və suverenliyin tam bərpası ilə ölkə inkişaf gündəmini müdafiə mövqeyindən təşəbbüskar mövqeyə keçirib.

Əgər əvvəlki mərhələlərdə dövlətin əsas məqsədi mövcudluğunu qorumaq, işğala son qoymaq və beynəlxalq hüququn təmin edilməsinə nail olmaq idisə, yeni mərhələdə Azərbaycan regional təhlükəsizlik gündəmini formalaşdıran, nəqliyyat marşrutlarının, enerji əməkdaşlığının, rəqəmsal inteqrasiyanın və Cənubi Qafqazın yeni siyasi arxitekturasının fəal iştirakçısına çevrilir.

"Dördüncü Azərbaycan Respublikası" anlayışı Zəfərdən sonra formalaşan yeni dövlətçilik modelini dəqiq ifadə edir.

Rəqəmsal İnkişaf Şurası Azərbaycanın yeni inkişaf mərhələsində humanitar fəaliyyətlə rəqəmsal dövlətçiliyi birləşdirən strateji missiyanın ifadəsidir. Yeni əsrdə qarşıda duran əsas vəzifə Zəfərin nəticələrini qorumaq, Qələbəmizi Dördüncü Respublikanın rəqəmsal təməlləri üzərində möhkəmləndirməkdir.

Bir vaxtlar Şərq riyaziyyatın, astronomiyanın və alqoritmik təfəkkürün beşiyi idi. Əl-Xarəzmi alqoritmik düşüncənin əsasını qoydu, Biruni kainatın riyazi qanunauyğunluqlarını araşdırdı, Nəsirəddin Tusi elmi təfəkkürün yeni üfüqlərini açdı, Fəzlullah Nəimi isə insanı mənəvi və intellektual bütövlüyün mərkəzinə qoyurdu.

Sonrakı əsrlərdə isə texnoloji inqilabın ağırlıq mərkəzi Qərbə keçdi. Dördüncü sənaye inqilabı, süni intellekt, yüksək texnologiyalar və qlobal rəqəmsal platformalar dünya iqtisadiyyatının və siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir.

Necə ki, XX əsrin ikinci yarısında Yaponiya və Cənubi Koreya təbii sərvətlərdən daha çox insan kapitalı və texnologiyaya söykənən inkişaf modeli ilə dünya iqtisadiyyatında yeni mövqe qazandılar.

Azərbaycan da yeni dövrə öz milli maraqlarını qoruyan rəqəmsal dövlət kimi daxil olmağa çalışır. Çünki texnoloji gerilik XXI əsrdə iqtisadi gerilikdən daha ağır nəticələr doğura bilər.

Mehriban xanım Əliyevanın Rəqəmsal İnkişaf Şurasına rəhbərlik etməsi məhz həmin tarixi keçidin rəmzi kimi qiymətləndirilə bilər. İşğaldan suverenliyə aparan tarixi yol başa çatıb. İndi isə Azərbaycanın qarşısında daha mürəkkəb, lakin bir o qədər də taleyüklü vəzifə dayanır – Dördüncü Respublikanın rəqəmsal təməllərini qurmaq vacibdir.

XXI əsrdə dövlətlərin gücü yalnız ərazilərinin ölçüsü ilə qiymətləndirilməyəcək, beyin sərvəti, elmin səviyyəsi, texnoloji müstəqilliyi və rəqəmsal suverenliyi ilə ölçüləcək.

Azərbaycanın XXI əsrdə ən böyük sərvəti düşünən insan, milli elmi potensial və azad rəqəmsal gələcəkdir.

Tarix göstərir ki, hər sənaye inqilabı yeni liderlər yetişdirib.

Necə ki, Şuşanın azadlığı Azərbaycanın coğrafi bütövlüyünün rəmzinə çevrildi, Rəqəmsal Şuşanın fəthi də Dördüncü Azərbaycan Respublikasının texnoloji suverenliyinin simvolu olacaq!Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR