Cangüdənlə gəzən müxalif partiya liderləri

18-12-2018, 08:54 183 dəfə baxılıb

Cangüdənlə gəzən müxalif partiya liderləri


Düşərgədə əksər sədrlər buna lüzum görmür
1990-cı illərin ortaları, 2000-ci illərin əvvəllərində Azərbaycanın müxalifət düşərgəsinin güclü olduğu zamanlarda partiya liderlərinin bir çoxu şəxsi mühafizələrlə əhatə olunurdu. Onların sıralarında 10 nəfərə yaxın şəxsi cangüdəni olanlar da var idi.

Son illər müxalifət partiyaları əvvəlki güclərini xeyli itirmiş görünürlər. Bunu hətta həmin partiyaların özləri də etiraf edirlər. Bəs müxalifət düşərgənin əvvəlki gücünü itirməsi partiya liderlərinin cangüdənlərdən imtina etməsinə səbəb olubmu? Hazırda hansı partiya rəhbəri mühafizəçi ilə gəzir?

Müsavat Partiyasının lideri, sabiq başqan İsa Qəmbər hazırda mühafizəçilərdən istifadə eləmir. Partiyanın başqanı Arif Hacılı da mühafizəçisiz fəaliyyətə üstünlük verir. Bu barədə Müsavatdan bildirdilər.

ADP sədri Sərdar Cəlaloğlu də mühafizəçiyə ehtiyac duymur: “Azərbaycan Demokrat Partiyası bir zamanlar hakimiyyətin əsas hədəfində idi. Partiyamızın üzvlərinə qarşı hər cür qanunsuzluqlara əl atılırdı. O dövrdə partiyamızın üzvlərinin təşəbbüsü ilə kütləvi aksiyalarda və tədbirlərdə mənim mühafizəm təşkil edilirdi. Lakin heç zaman öz təşəbbüsümlə şəxsi cangüdəndən istifadə etməmişəm. İndi də istifadə etmirəm”.

VİP sədri də Əli Əliyev mühafizəçiyə ehtiyac duymadığını dedi: “Ehtiyac duymamam səbəbilə bu kateqoriyadan olan vakansiyamız yoxdur. Yalnız kütləvi tədbirlərdə iştirak üçün müvafiq komandamız var. Bu qədər”.

AXP sədri Pənah Hüseyn isə bildirdi ki, müxalifətdə olduğu heç bir dövrdə mühafizəçidən istifadə etməyib. Bu gün də istifadə etmir.

KXCP sədri Mirmahmud Mirəlioğlu da mühafizəsiz fəaliyyət göstərir.

AMİP lideri Etibar Məmmədovun da mühafizəçisi yoxdur. AMİP katibi Əli Orucov bildirdi ki, Etibar bəyin əvvəllər mühafizəçiləri olub. Hazırda isə yoxdur.

VHP sədri Sabir Rüstəmxanlı da mühafizəçisizdir. Partiyadan bildirildi ki, sədr cangüdənlə hərəkət etməyə üstünlük vermir.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər də mühafizə xidmətindən yararlanmayan siyasətçilərdəndir.

Ümid Partiyasının sədri İqbal Ağazadənin isə həmişə olduğu kimi indi də mühafizəçisi var. Bu barədə onun müavini Tamella Qulami məlumat verdi: “Bəli, İqbal bəyin mühafizəçisi var. Nə üçün ehtiyac duyduğu barədə sualınıza isə cavabı İqbal bəy özü daha dəqiq bilir”.

Müxalifət düşərgəsində cangüdəni olan digər partiya lideri AXCP sədri Əli Kərimlidir. Əli Kərimlinin iki mühafizəçisi var.

AĞ Partiyanın sədri Tural Abbaslı isə mühafizə xidmətindən istifadə etməyən partiya sədrlərindəndir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR