Moskva, Ankara, Bakı və İrəvandan hərəkətlənmə: Qarabağın donu açılır?

28-12-2018, 09:30 435 dəfə baxılıb

Moskva, Ankara, Bakı və İrəvandan hərəkətlənmə: Qarabağın donu açılır?


Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması üçün bütün mümkün addımların atılmasına tərəfdardır.

Report xəbər verir ki, bunu Dağlıq Qarabağ münaqişəsinin 2019-cu ildə həll olunması ehtimallarından danışan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Biz vaxt məhdudiyyəti qoymuruq. Biz həmişə bu problemin tezliklə həll olunmasına və bu məqsədlə görülən bütün tədbirlərə tərəfdar çıxmışıq”, - deyən M.Zaxarova münaqişənin uzunmüddətli olduğundan konkret nə vaxt həllini tapacağını söyləməyin çətin olduğunu dilə gətirib.

“Lakin Rusiya tərəfindən istər həmsədr qismində, istər milli vahid, istərsə də Azərbaycan və Ermənistanla birgə tarixi keçmişi olan ölkə kimi, asılı olan nə varsa, bütün zəruri addımlar atılacaq”, - Rusiya XİN rəsmisi vurğulayıb.

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının XİN rəhbəri Elmar Məmmədyarovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışına münasibət bildirib.

Ermənistan XİN yaydığı bəyanatda Dağlıq Qarabağın “statusunun və təhlükəsizliyinin” İrəvan üçün prioritet olduğunu qeyd edib.

“Hesab edirik ki, kütləvi bəyanatlarda təmkin göstərmək və danışıqların gedişinə kömək etmək lazımdır - əlbəttə, əgər bu öhdəlikləri qorumaq istəyi varsa. Bu, xüsusilə, şəxsi birtərəfli baxışın şərt kimi təqdim edilməsi cəhdlərinə aiddir”.

Bəyanatda qeyd edilir ki, “Dağlıq Qarabağ xalqının” istəyini digərləri müəyyən edə, şərt və təhdidlər Ermənistanın danışıqlar prosesində mövqeyinə təsir göstərə bilməz.

“Müxtəlif səviyyələrdə optimizm və yaxud pessimizm danışıqlar prosesinin gedişində effektsizdir. Hesab edirik ki, realist olmaq lazımdır və hər tərəfi qane edən həllin tapılmasına cəhd edilməlidir”, - bəyanatda vurğulanıb.

E.Məmmədyarov müsahibədə münaqişənin Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında həll olunmağının vacibliyini bildirib.

Nazir həmçinin qeyd edib ki, münaqişənin həllinin hüquqi bazasına dünyada sülh və təhlükəsizliyin təmin olunmasına cavabdeh olan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, çoxsaylı digər beynəlxalq təşkilatların qərar və qətnamələri, o cümlədən, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, GUAM, NATO, Avropa Parlamenti və digər sənədlər, eləcə də ikitərəfli və çoxtərəfli formatlarda qəbul edilmiş birgə sənədlər daxildir.

Ermənistan Xarici İşlər Nazirliyinin Elmar Məmmədyarovun müsahibəsində yer alan fikirlərə münasibəti rəsmi İrəvanın ənənəvi açıqlamalarından yalnız daha diplomatik bir dildə ifadə olunması ilə fərqlənir.

Bu sözləri analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, Ermənistan XİN-in açıqlamasında nəzərə çarpan bəzi məqamlar var:
“Əsas məqamlardan biri də rəsmi İrəvanın danışıqlar prosesinin gedişi və bizə bəlli olmayan hansısa razılaşmaların hələlik gizli saxlanılmasında daha çox maraqlı olduğunu göstərməsidir.

Ermənistan XİN-in açıqlamasında yer alan “öhdəlikləri qorumaq istəyi varsa” sözləri də ortalıqda hansısa razılaşmaların olduğunu və rəsmi İrəvanın hələlik bu barədə Ermənistan ictimaiyyətinə məlumat vermək istəmədiyini göstərir. Yerdə qalan bütün digər məsələlər isə təfərrüatdır”.

Analitik vurğulayıb ki, açıqlamada yalnız Dağlıq Qarabağın təhlükəsizliyi və statusundan söhbət açılır: “Diqqət yetirsəniz, “müstəqillik” və digər bu kimi absurd mülahizələrdən söhbət açılmır.

Bu baxımdan, açıqlamanın ən azı inkarçı və aqressiv olmadığını söyləmək mümkündür. Çox güman ki, 2019-cu ildə danışıqlar prosesində müəyyən irəliləyişlər baş verəcək”.

Əgər Ermənistan təcrid şəraitində yaşamaq istəmirsə, problemlərini həll etməlidir. Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Ermənistanın yeni rəhbərliyi Türkiyə ilə ilkin şərt olmadan görüşə hazır olduğunu deyir, amma bizim ilkin şərtimiz tam dəqiqdir. Azərbaycanın həssasiyyətini diqqətə almadan hansısa addım ata bilərikmi?

Əsasən həm Türkiyə, həm də Azərbaycan ilə əlaqələri eyni anda normallaşdıracaq addımlar atılmalı, problemlər həll edilməlidir. Bu, Ermənistan üçün daha yaxşı olar. Qarabağ məsələsini həll etmək, işğal edilmiş əraziləri azad etmək lazımdır.

Ermənistan təcrid edilmiş ölkə olaraq yaşamaq istəmirsə, problemləri ortadan qaldırmalıyıq. Azərbaycanın qəbul edəcəyi hər həll variantını biz də dəstəkləyəcəyik”, – deyə o bildirib.

Paşinyan bundan öncə İrəvanın heç bir şərt irəli sürmədən Türkiyə ilə münasibətləri həll etmək istədiyini, amma Türkiyə hakimiyyətinin münasibətlərin bərpası üçün ilkin şərtinin olduğunu bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR