Ermənilər Kazan sənədinin təfərrüatlarını açıqladılar: Bizi hansı təhlükə gözləyirmiş?

9-02-2019, 22:01 303 dəfə baxılıb

Ermənilər Kazan sənədinin təfərrüatlarını açıqladılar: Bizi hansı təhlükə gözləyirmiş?

2016-cı ildən bəri Dağlıq Qarabağ münaqişəsinin həllində “Kazan sənədi” deyilən sülh razılaşması haqqında çox danışılsa da, istər Azərbaycan, istərsə də Ermənistan ictimaiyyəti “Kazan sənədi” ilə tanış olmadığından cəmiyyətdə həmişə söz-söhbətə səbəb olub. “Kazan sənədi”ni Samvel Babayanın ofisi Araik Arutyunyana cavab kimi dərc edib. Hesab edirik ki, həm cavab, həm də sənədin maddələri Azərbaycan ictimaiyyəti üçün də maraqlı olacaq.

Moderator.az “Aravot” qəzetinə istinadən həmin adı çəkilən materialı təqdim edir

“Cənab Araik Harutyunyan, biz əminik ki, siz Kazan sənədi ilə tanış olmusunuz. Görüş aprel, iyun və ya iyul aylarında deyil, 2016-cı ilin sonunda baş tutub. Müzakirənin sonunda söhbət Kazan sənədindən getdi və burada Razmik Petrosyan və bir neçə nəfər sənədə qarşı çıxdı, qalanları isə səssizcə dinlədilər. Siz sakitcə dinləyirdiniz ki, Artsax xalqı heç nə həll etməyəcək, referendum olmayacaq, Artsax yalnız aralıq statusuna sahib olacaq. Yeddi rayonun geri qaytarılması birinci və ikinci mərhələlərə bölünüb və təhlükəsizlik gələcəkdə KTMT qüvvələri tərəfindən təmin ediləcək. Burda artsaxlıların öz torpaqlarında səs vermək hüququndan məhrum ediləcəyi səsləndirildi və Şuşa-Laçın ərazisində, qaçqın azərbaycanlıların məskunlaşmasının başlanacağı qeyd olundu. Yəni, 1988-ci ilə qayıdılırdı. Bu növbəti görüş yox, bu aydın bir tələb idi: ya müharibə, ya da bu sənəd. Cənab Arutyunyan, öz xalqınızı aldatmaq yaxşı deyil. Söhbət bu çərçivədə baş verdi, yoxsa indi demək ki, bu adi bir müzakirə idi, sadəcə ayıbdır. Əlbəttə, çox yaymaq lazım deyil, ancaq qoy hər kəs həqiqəti bilsin. Əgər Artsax xalqı bunu qəbul etməlidirsə, onda başqa bir şey yoxdur. Bu yollar isə, ayrı bir mövzudur, yolun tikintisinin öz izahatı var, amma bu, növbəti dərsdə olacaq. Aşağıda Kazan sənədini təqdim edirəm.

Kazan sənədi:

Ərazilər

Ermənistanın nəzarətində olan, Dağlıq Qarabağa bitişik bütün Azərbaycan torpaqları Azərbaycanın nəzarətinə qaytarılır. Geri qaytarmanın detallarını tərəflər Sülh sazişinə uyğun olaraq razılaşdıracaq. İlk mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları qaytarılır. Daha sonra, Kəlbəcər rayonu və Laçın rayonunun qeyri-dəhliz bölməsi qayıdır. Ermənistan qüvvələri Kəlbəcər rayonundan çıxarılır. Rayonun Azərbaycanın nəzarəti altına qaytarılmasından əvvəl, Sülh müqaviləsi imzalananadək məhdud bir erməni hərbi kontingentinə orda qalmağa icazə verilir. Erməni məhdud hərbi kontingenti yeri Beynəlxalq keçid komissiyası tərəfindən müəyyən edilir. Kəlbəcər rayonu Azərbaycanın nəzarəti altına keçənədək ATƏT-in Beynəlxalq keçid Komissiyasının nəzarəti altında olacaq. Komissiyaya Ermənistan və Azərbaycan nümayəndələri də daxil olacaq. Aralıq dövrdə Kəlbəcər rayonunun erməni əhalisinin çıxışı təmin olacaq. Sülh sazişinin qüvvəyə minməsindən beş il sonra məcburi köçkünlərin Kəlbəcər rayonuna qayıtmasına icazə verilir. Laçın rayonunun da Ermənistan və Dağlıq Qarabağı birləşdirən dəhlizdən kənar olan əraziləri Sülh sazişi qüvvəyə mindikdən sonra Azərbaycanın nəzarətinə qaytarılır.

Təhlükəsizlik zəmanəti

Azərbaycan rayonlarına nəzarət edən erməni qüvvələrinin çıxarılmasından sonra təhlükəsizlik və demilitarizasiya monitorinqini təmin etmək üçün sülhməramlı qüvvələr orada yerləşdirilir. Sülhməramlı qüvvələrin dövlətləri könüllü şəkildə formalaşdırılır. Sülhməramlıların seçilməsi tərəflərin qarşılıqlı razılığı ilə həll olunur. Hər bir tərəf digər tərəfin seçiminə veto qoymaq hüququna malik olur. Tərəflər Dağlıq Qarabağda və ətraf ərazilərdə bir-birinə qarşı güc tətbiq etməmək haqqında öhdəlik götürür. ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistanla və Azərbaycanla məsləhətləşmədən sonra Cənubi Qafqazda ümumi təhlükəsizliyin təmin olunmasına dair ikitərəfli və birgə təhlükəsizlik təminatları verirlər. Azərbaycan öhdəlik götürür ki, Azərbaycan-İran sərhədində polis bölmələri və sərhəd qoşunlarını yerləşdirmək istisna olmaqla, mövcud təmas xəttindən kənara hərbi qüvvə və silahlılar göndərməyəcək.

Dağlıq Qarabağın aralıq statusu

Dağlıq Qarabağın hüquqi statusunu müəyyənləşdirməzdən əvvəl Dağlıq Qarabağ müvəqqəti status alır və öz əhalisinə müəyyən hüquq və imtiyazlar verir. Bunlar, Sülh Sazişində öz əksini tapacaq, xüsusilə: Dağlıq Qarabağ sakinləri demokratik bir cəmiyyətdə sosial və iqtisadi həyatı və təhlükəsizliyi qorumaq və nəzarət etmək hüququna malikdirlər. Dağlıq Qarabağ sakinlərinin hüquq və əsas azadlıqlarına əməl olunur. Dağlıq Qarabağ xalqı aralıq dövründə Dağlıq Qarabağın idarə edilməsi məqsədilə qanunverici və icraedici hakimiyyət orqanlarını seçmək hüququna malikdi, qanunvericilik və icra hakimiyyətini həyata keçirən orqanları seçmək hüququna malikdir. Ədalətlə idarə olunmanı həyata keçirmək üçün Dağlıq Qarabağ məhkəmələr yaratmaq hüququna malikdir. Dağlıq Qarabağın rəsmi vəzifəli şəxsləri Sülh sazişində müəyyən edilmiş sahələrdə xarici təmasların qurulmasına imkan verəcəklər. Dağlıq Qarabağın aralıq hakimiyyəti ATƏT-in sessiyalarında Dağlıq Qarabağla bağlı məsələlərin müzakirə olunduğu zaman müşahidəçi statusuna malik ola bilərlər. Onlar o beynəlxalq təşkilatlara daxil ola bilərlər ki,onların beynəlxalq tanınma statusu bir şərt kimi qoyulmur. Dağlıq Qarabağ xarici ölkələrdən və beynəlxalq təşkilatlardan maliyyə yardımı ala bilər, bir şərtlə ki, belə bir kömək insan hüquqlarının müdafiəsinə, sülh iqtisadi və demokratik inkişafına, mədəni və ticarət əlaqələri və ya əsas humanitar ehtiyacların təmin olunmasına yönəlsin.

Sərbəst iradə bildirmək

Dağlıq Qarabağın son hüquqi statusu Dağlıq Qarabağ xalqının azad iradəsi ilə müəyyən edilir. Səsvermənin şərtləri və təfərrüatları gələcək danışıqlarda tərəflər arasında razılaşdırılır. Dağlıq Qarabağ əhalisi dedikdə 1988-ci ildə Dağlıq Qarabağda yaşayan bütün xalqların əsasən münaqişədən əvvəlki nisbəti nəzərdə tutulur. Səsvermə zamanı gələcək statusla bir sualın və ya sualların formalaşdırılmasında məhdudiyyət olmayacaq.

Laçın dəhlizi

Razılaşdırılmış geniş dəhliz Ermənistanla Dağlıq Qarabağı birləşdirməlidir. Dağlıq Qarabağın hüquqi statusu dəqiq müəyyən edilənədək, dəhliz Dağlıq Qarabağın müvəqqəti hakimiyyətinin nəzarəti altında olacaq. Dağlıq Qarabağın son hüquqi statusunu müəyyən etdikdən sonra dəhlizdən istifadə prosesi Dağlıq Qarabağın son hüquqi statusunu nəzərə alaraq həll olunacaq.

Qaçqınlar

Bütün məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı əvvəlki yaşayış yerinin təhlükəsizliyinin təmin olunduğunu elan etdikdən sonra könüllü olaraq geri qayıtmaq hüququna malikdirlər. Yerlərinə qayıtmış şəxslər heç bir ayrı-seçkilik olmadan insan hüquqları və əsas azadlıqlardan istifadə edə bilərlər.


Blokadanın götürlməsi

Regionda bütün tərəflərin açıq və maneəsiz nəqliyyat və kommunikasiya əlaqələri, o cümlədən Naxçıvanla birbaşa və maneəsiz təmas qurulması, bütün sərhədlərin açılması və kommunikasiya istiqamətlərinin bərpası təşviq edilir.

Donorların Konfransı

Beynəlxalq maliyyə qurumları tərəfindən həmsədr ölkələrlə əməkdaşlıq edərək toplanan Beynəlxalq Donorlar Konfransı, hərbi əməliyyatlardan və Dağlıq Qarabağda təsir göstərən ərazilərdə minaların təmizlənməsi və bərpası üçün bir fond yaradır.

Komissiyalar

Tərəflər həmsədr ölkələrlə əməkdaşlıqda ayrı komissiyalar yaradır. Bu komissiyalar konsensus əsasında hərəkət edir və Dağlıq Qarabağın son hüquqi statusu üzrə referendumun vaxtı, Laçın dəhlizinin texniki detalları və Kəlbəcər rayonunun Azərbaycanın inzibati nəzarətinə ötürülməsi ilə bağlı detalların ATƏT Komissiyası tərəfindən beynəlxalq monitorinqdən keçirilməsi barədə razılaşdırılır.

Qaradağın sabiq müdafiə naziri Samvel Babayan

Tərcümə etdi: İlham İsmayıl


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR