Məmurlara yeni tələb: Xalqla birbaşa təmas - Yeni gəlişmə...

15-02-2019, 09:36 304 dəfə baxılıb

Məmurlara yeni tələb: Xalqla birbaşa təmas - Yeni gəlişmə...

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun “Facebook” sosial şəbəkəsində canlı yayımda vətəndaşların suallarını cavablandırması, qurumun fəaliyyəti barədə məlumat verməsi ölkə ictimaiyyəti tərəfindən müsbət dəyərləndirilib.

Vüsal Hüseynov bununla həm də Azərbaycanda bir ilkə imza atmış olub. Görünən odur ki, bu müsbət tendensiya digər qurumlara da nümunə ola bilər. Belə ki, Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın katibi Kamal Cəfərov da özünün “Facebook” səhifəsində məlumat yayaraq canlı yayımda vətəndaşların suallarını cavablandıracağını bildirib.

“Canlı yayım vasitəsilə son zamanlar KİV-də vətəndaşların və xüsusilə bu sahədə ekspertlərin marağına səbəb olan - "2018-ci il Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycanın reytinqi ilə bağlı baş vermiş dəyişikliklərin əsl səbəblərindən danışacağam. Eyni zamanda, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyəti və bu sahə üzrə sizi maraqlandıran sualları cavablandıracağam”,-deyə K.Cəfərov qeyd edib.

Təbii ki, bunlar müsbət addımdır. Bir zamanlar rəsmi qəbula düşmək üçün vətəndaşlar aylarla çalışmalı olur, lakin məmurun üzünü görə bilmirdi. Vüsal Hüseynovun əsasını qoyan ənənə göstərdi ki, Azərbaycan məmuru istəsə, vətəndaş üçün əlçatan ola bilər. Təbii ki, ictimaiyyətlə əlaqələrdə pis nümunə olan qurumlar da az deyil. Qurum rəhbərləri bir yana, bir çox dövlət müəssisələrinin mətbuat katibləri belə özlərini “əlçatmaz” ediblər. Onlar mətbuatdan maksimum dərəcədə uzaq durmağa çalışırlar. Məsələn, media nümayəndələri Fövqəladə Hallar və Təhsil nazirliklərinin, “Azəristiliktəchizat” ASC, Qida Təhlükəsizlik Agentliyi, eləcə də bəzi güc strukturlarının mətbuat xidmətlər, ictimaiyyətlə əlaqələr üzrə şöbələrinin fəaliyyətindən narazıdır. Qurum rəhbərlərinin sosial şəbəkədə canlı yayım vasitəsilə sualları cavablandırdığı halda mətbuat katiblərinin mətbuatdan qaçması heç də anlaşılan deyil.

“Konstitusiya Araşdırmaları” Fondunun direktoru Əliməmməd Nuriyev “Cümhuriyət” qəzetinə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun bu sahədə təcrübəsinin bir ilk olduğunu deyib:

“O, birbaşa sosial şəbəkə üzərindən canlı yayıma çıxdı, bununla da fəaliyyətinin tam şəffaf olduğunu göstərdi və bütün suallara ətraflı cavab verdi. Bu, həm yeni bir yanaşma idi, həm də Xidmətin fəaliyyətində, istifadə edən vətəndaşları çox məmnun etdi. Əslində, ölkə başçısının Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirlərin həyata keçirilməsində əhəmiyyətli addım idi. Prezident demişdi ki, bizim fəaliyyətin əsas prioriteti şəffaflıqdır, dürüstlükdür. Vüsal Hüseynov bu addımı bütövlükdə Miqrasiya Xidmətinin fəaliyyətinin şəffaf olduğunu göstərdi. Eyni zamanda, bu addım çox yaxşı nümunə oldu. Daha sonra Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın katibi Kamal Cəfərovun da belə bir addım atması çox mütərəqqidir. Bu quruma vətəndaşların çox sayda sualları var. Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın katibliyi şəffaflıq və hesabatlılıq istiqamətində uzun zamandır fəaliyyət göstərir. Kamal Cəfərov reytinlə, hökumətin bu istiqamətdə gördüyü işlərlə bağlı bir çox məsələlərə aydınlıq gətirəcək. Prezident ötən gün verdiyi müsahibədə də korrupsiyaya qarşı mübarizənin prioritet olduğunu bir daha qeyd etdi”.

Ə.Nuriyev hesab edir ki, məmurların sosial şəbəkə vasitəsilə vətəndaşların suallarını cavabladırması çox müsbət yanaşmadır:

“Məmurlar yeni bir məsuliyyətli dövrə daxil olduğumuzu çox gözəl anlayır. Onlar fəaliyyətlərini yeni texnologiyalar, innovasiyalar üzərində qurmağa çalışır. Bunlar çox vacib olan məsələdir. Çünki gələcək üçün rəqabət innovasiyalara nə dərəcədə yiyələnməklə bağlı olacaq. Vüsal Hüseynov da, Kamal Cəfərov da yeni texnologiyaları, innovasiyaları tamamilə mənimsədiklərini göstərdi. Hesab edirəm ki, bu çox müsbət təcrübədir. Ümid edirəm ki, digər qurumlar da bu təcrübədən yararlanacaqlar. Vətəndaşlar bununla dəqiq məlumatı ilkin mənbədən almaq imkanı əldə edəcək. Bu da, çox mühüm məsələdir. Prezident də müsahibəsində mediaya çox önəm verdiyini, şəffaflığın artırılmasında medianın müstəsna rola malik olduğunu bir daha qeyd etdi. Xüsusilə də, elektron medianın bu proseslərdə iştirakı və məmurların bundan istifadəsi çox vacibdir ki, artıq bu prosesə başlanılıb”.

Tanınmış jurnalist Azər Həsrət isə hesab edir ki, yüksək vəzifəli məmurların vətəndaşlarla təmas üçün sosial şəbəkələrdən istifadə etməyə başlaması təqdir olunmalıdır:

“Hələ illər öncə Qazaxıstanın baş naziri Kərim Məsimov özünün internet saytını qurmuşdu və bunun vasitəsilə insanlarla təmas yaradırdı. O zaman “Kərim Məsimovun bloqu” başlıqlı yazı yazmışdım və çağırış etmişdim ki, Azərbaycan məmurları da vətəndaşlarla təmas qurmaq üçün yeni texnologiyalardan istifadə etsinlər. Bu gün isə bizim məmurlar gec də olsa, internet imkanlarının geniş olduğunu anlayıblar. “Facebook” vasitəsilə canlı yayımda istənilən vətəndaşla əlaqə yaratmaq üçün hərəkətə keçiblər. Qeyd edim ki, buna çox böyük zərurət var. Çünki nazirlər rayonlarda vətəndaşlarla görüşür, onların şikayətini dinləyir. Amma təəssüflər olsun ki, bir qayda olaraq nazirlər rayonlara getdiyi zaman rayon icra başçıları və digər vəzifəli şəxslər vətəndaşların nazirlərlə görüşünü təşkil etmək əvəzinə əngəlləməklə məşğul olurlar. Şikayəti olan vətəndaşları yaxına buraxmırlar, sadəcə özlərinin nəzarətində olan adamları guya şikayətçidir deyə nazirlərlə görüşə gətirirlər. Həmin şəxslər isə təbii ki, pis heç nə demirlər. Sadəcə olaraq, tərifləyirlər, “hər şey yaxşıdır” deyib yola verirlər. Nazirlərin rayonlarda vətəndaşlarla görüşməməsi isə ona gətirib çıxarır ki, ölkədə ictimai narazılıq artır. Bunun qarşısının alınması baxımından düşünürəm ki, yüksək rütbəli məmurların internet üzərindən vətəndaşlarla görüşməsi tədqirəlayiqdir. Belə olacağı təqdirdə yerli icra hakimiyyəti başçıları vətəndaşlarla nazirlərin görüşünə maneə yarada bilməyəcək. Bu zaman isə əsl gerçəklər üzə çıxacaq”.

Qurumların mətbuat xidmətlərinin mətbuatdan qaçmasına, açıqlama verməməsinə gəlincə, Azər Həsrət onların dövlət siyasətini sabotaj etdiyini deyib:

“Artıq dövr o deyil. Əgər bu gün prezident özü mətbuata daha açıq davranırsa, sosial şəbəkələri, mətbuatı izlədiyini deyirsə, hansısa qurumun mətbuat xidmətinin rəhbərinin bu təmaslardan yayınması sadəcə olaraq ayıbdır. Eyni zamanda, prezidentin siyasətinə zidd davranış örnəyidir.

Ona görə də düşünürəm ki, o cür mətbuat katiblərini müəyyənləşdirmək, adlarını açıqlamaq və onların kimliyi haqqında geniş məlumatlar dərc etmək lazımdır ki, zəhmət çəkib oturduqları kreslodan ayağa qalxıb mətbuatla normal təmas qursunlar. Mətbuat katibinin vəzifəsi mətbuatla işləməkdir. Bəs bunlar nə işlə məşğuldurlar? Əgər kimsə yerində deyilsə, onlarla vidalaşmağın zamanı çoxdan çatıb. Yəni, Azərbaycan bu gün açıq, şəffaf bir ölkədir. Bu ölkədə mətbuat katibi olub mətbuatdan yayınmaq, yayındırıcı cavablar vermək aparılan siyasəti sabotaj etməkdən başqa bir şey deyil”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR