Qarabağ ətrafında rəqabət: “Top” indi kimdədir?

19-04-2019, 11:54 430 dəfə baxılıb

Qarabağ ətrafında rəqabət: “Top” indi kimdədir?

ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün Vaşinqtonda keçirilməsini təklif edib. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov açıqlama verib.

"Azərbaycan və Ermənistan XİN başçılarının Moskvadakı son görüşü rusiyalı həmkarım Sergey Lavrovun təşəbbüsü ilə keçirilib", - deyə Məmmədyarov vurğulayıb.

"Dünən ABŞ-dan Vaşinqtona səfər etməklə bağlı dəvət gəlib. Dövlət katibi şəxsən münaqişənin həllində irəliləyişə nail olmaq üçün öz səylərini göstərəcək", - deyə Azərbaycanın XİN rəhbəri əlavə edib.

Qeyd edək ki, son zamanlar ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrin Azərbaycanla Ermənistan arasında gedən danışıqlar prosesinə münasibətdə fəallaşması müşahidə olunur. Aprelin 15-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Elmar Məmmədyarovla Zöhrab Mnasakanyan arasında Moskvada baş tutan görüşdən dərhal sonra Fransa məsələyə müdaxilə edib. Aprelin 17-də Parisdə Fransanın xarici işlər naziri Jan iv le-Drianla görüşən Z.Mnasakanyan Moskva danışıqlarının gedişi ilə bağlı onu məlumatlandırıb. ABŞ-ın son təşəbbüsü isə Vaşinqtonun prosesdən kənarda qalmaq istəmədiyini göstərir. Bu isə Dağlıq Qarabağ probleminin nizamlanması ətrafında həmsədr dövlətlər arasında geosiyasi rəqabətin artması kimi başa düşülə bilər.

Politoloq Nəzakət Məmmədova hesab edir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün Vaşinqtonda keçirilməsi təklifi münaqişənin nizamlanması prosesində ABŞ və Rusiya arasında rəqabətin artmasından xəbər verir:

“Əgər danışıqlar ayrı-ayrı həmsədr ölkələrin paytaxtlarında keçirilirsə, bu Dağlıq Qarabağ probleminin həllinə yanaşmada vasitəçi dövlətlərin fərqli mövqedən çıxış etdiyini göstərir. Xarici işlər nazirləri əvvəlcə Moskvaya dəvət olunur və Rusiya sülhə dair öz şərtlərini irəli sürür, Vaşinqtonun da öz şərtləri var. Bu baxımdan, xarici işlər nazirlərinin Vaşinqtona dəvət edilməsi Moskva görüşünə cavab mesajıdır. Beynəlxalq siyasi proseslərdə ABŞ-la Rusiyanın mövqeləri bir-birinə zidd olduğuna görə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına münasibətdə də bu iki dövlətin mövqelərinin üst-üstə düşdüyünü demək olmaz. Görünür, bu fərqli tərəfləri razılaşdırmaq üçün xarici işlər nazirləri Moskvadan sonra Vaşinqtona dəvət olunub. Bu isə Minsk Qrupuna həmsədrlik edən dövlətlərin mövqelərində ümumi nöqtələrin çox az olduğunu nümayiş etdirir. Yəni münaqişənin həlli ilə bağlı üç böyük dövlətin hər birinin öz marağı, Azərbaycanın və Ermənistanın da fərqli baxışı var. Bütün bu mövqelər uzlaşdırılmalıdır. Biz həmsədrlərin işğalçı Ermənistana daha çox diqqət ayırmasının şahidi oluruq. Halbuki, danışıqlarda əsas söz sahibi Azərbaycan olmalıdır. Çünki ərazisi işğal olunan, təcavüzə məruz qalan tərəf Azərbaycandır. Ermənistanın xarici işlər nazirinin Moskva görüşündən sonra Parisə səfər edərək danışıqların məzmunu ilə bağlı Fransa tərəfini məlumatlandırması Dağlıq Qarabağ problemi ətrafında və Cənubi Qafqazda böyük dövlətlərin maraqlar toqquşmasının kulminasiya nöqtəsinə çatdığını göstərir. Fransa Cənubi Qafqazda özünün geosiyasi mövqeyini möhkəmləndirməyə çalışır. Qeyd edim ki, Fransa İranla yaxın əlaqələrə malikdir. Ona görə də Fransa ABŞ-ın və Rusiyanın Ermənistanda güclənməsini istəmir. Fransa Ermənistanda möhkəmlənməklə İranın şimal sərhədlərini qorumağa çalışır. Ermənistanın xarici siyasətində Fransanın öz yeri var. Bu baxımdan, Zöhrab Mnasakanyanın Parisə səfər edərək Dağlıq Qarabağ məsələsinə dair məşvərət etməsi gözlənilən haldır. Amma son vaxtlar həmsədrlər bütün diqqətini Dağlıq Qarabağ məsələyə yönəldib. Münaqişə tərəflərinin bir-birinə nə qədər güzəştə gedəcəyini isə danışıqların gedişatı göstərəcək. Onu da qeyd edim ki, Rusiya Federasiya Şurasının sədri Yevgeni Matviyenkonun və İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri bu geosiyasi rəqabətin tərkib hissəsidir. Belə ki, Azərbaycan Avropa Birliyi ilə assosiativ saziş imzalayarsa bu, Cənubi Qafqazdakı proseslərə mühüm təsir göstərəcək. Rəsmi Bakının Avropa Birliyi ilə apardığı danışıqlar görünür, Rusiyanı və İranı narahat edir”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR