Adı kollec, qiyməti universitet

27-08-2019, 13:19 531 dəfə baxılıb

Adı kollec, qiyməti universitet


Azərbaycanda fəaliyyət göstərən bir sıra kolleclərdə təhsil haqqı dövlət universitetlərindəki bəzi ixtisasların ödəniş məbləği ilə eyniyyət təşkil edir. Onlar arasında fərq çox azdır. Lakin işə qəbul zamanı təbii olaraq qurumlar ali təhsil alan şəxslərə üstünlük verirlər. Hətta bəzən elə hallar olur ki, ali təhsil müəssisəsini bitirən şəxslər kadr çoxluğundan öz ixtisasları üzrə iş tapa bilmirlər. Problemi həll etmək üçün isə nə kolleclər bağlanır, nə də kollecə sənəd verən şəxslər azalır.

Maraqlıdır, görəsən, hazırladığı kadrları əmək bazarında yer tuta bilməyən kolleclərin bu qədər çox olmasının səbəbi nədir?

Məsələ ilə bağlı “Cümhuriyət”ə açıqlama verən təhsil eksperti Kamran Əsədov ilk növbədə bu il ərzində orta təhsil müəssisələrinə (kolleclərə) qəbulun nəticələrinə əsasən, 34 kollecdə plan yerinin 100 faiz dolduğunu qeyd edib və ümumilikdə ötən illə bu il kolleclərə qəbul üzrə plan yerlərinin müqayisəsini aparıb:



“İlk növbədə qeyd etmək istəyirəm ki, 2019-cu ildə tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 96.33% dolub. Qəbul aparılan 55 kollecdən 34 kollecdə plan yerləri 100% dolub. Cəmi 381 yer (3.67%) boş qalıb. Onlardan 275 yer xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir. Ötən il, 2018-ci ildə tam orta (11 illik) ixtisas təhsili müəssisələrinə qəbul üzrə 11981 plan yeri ayrılmışdı. Bu yerlərdən 9184 yer Azərbaycan, 2797 yer isə rus bölməsinə aid idi. Bu il,2019-cu ildə isə ümumi 12362 plan yeri ayrılıb ki, bunlardan da 9903 yer, Azərbaycan, 2459 yer isə rus bölməsinə aiddir. Buradan da göründüyü kimi, Azərbaycan bölməsi üzrə 719 plan yeri artıb, rus bölməsi üzrə isə 338 yer azalıb. 2019-cu ildə orta ixtisas təhsili müəssisələrində (kollec) apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, ölkəmizdəki bəzi kolleclərdə təhsil haqları kifayət qədər yüksəkdir. Yerli universitetlərdə ən bahalı ixtisaslar bank işi, mühasibat, sığorta, maliyyə, məktəbəqədər təhsil, tibb sahəsi üzrə müalicə işi, mamalıq və tibb bacısı və s. ixtisaslarıdır”.

Kamran Əsədov daha sonra ən yüksək təhsil haqqını tətbiq edən kollecləri sadalayıb. Onun sözlərinə görə, Odlar Yurdu Universitetinin kolleci təhsil haqqına görə ilk sırada dayanır:

“Odlar Yurdu universitetinin kolleci Azərbaycanda təhsil haqqının yüksəkliyinə görə birincidir. Burada yerli tələbələr üçün kompüter elmləri və informasiya texnologiyaları ixtisasları, bank işi, maliyyə, vergi, sığorta kimi ixtisası üzrə təhsil haqqı 1000 AZN, digər ixtisas fakültələri və qiyabi təhsil üzrə təhsil haqqı isə 950 AZN təşkil edir. Bakı Biznes və Kooperasiya kollecində kompüter elmləri, mühasibat uçotu və audit, bank işi, maliyyə, turizm və hotelçilik ixtisasları 950 AZN, digər ixtisaslar və qiyabi təhsil ixtisasları 900 AZN-dir. Qərbi Kaspi Universitetinin kollecində təhsil almaq istəyənlər informasiya, bank işi, maliyyə, sığorta və digər ixtisasları üzrə tələbələr illik 800 manat ödəməlidirlər. Avrasiya Universitetinin kollecinin mühasibat, maliyyə, sığorta, bank işi, vergi və digər ixtisasından məzun olmaq istəyənlər illik 700 AZN ödəməlidirlər”.

Kolleclərdəki təhsil səviyyəsinə gəldikdə isə ekspert hazırkı vəziyyətin heç də ürəkaçan olmadığını və kolleclərdə pul qarşılığı qiymət yazıldığı üçün orada savadlı kadr yetişdirməyin mümkünsüz olduğunu vurğulayıb. Kamran Əsədov bu kolleclərin sadəcə “diplomlular”ın sayını artırdığını və buna görə də heç bir faydası olmayan kolleclərin bağlanmalı olduğunu bildirib:

“Etiraf edək ki, hazırda kolleclərin vəziyyəti heç də ürəkaçan deyil. Ən məşhur kolleclərdə belə vəziyyət yaxşı deyil. Onlar savadlı kadr hazırlamırlar. Ümumiyyətlə, əmək bazarının tələblərinə uyğun olmayan, məzunları işlə təmin olunmayan kollecləri ya ləğv etmək, ya da plan yerlərini kəskin şəkildə azaltmaq lazımdır. Vaxtilə kadra ehtiyac çox olduğuna görə kolleclər kütləviləşdi. İndi isə belə deyil. Hesab edirəm ki, hazırda əksər kolleclər pulla qiymət yazmaqdan, savadsız kadrlar yetişdirib, "diplomlular”ın sayını süni şəkildə artırmaqdan savayı bir işin sahibi deyil”.

Kamran Əsədov kolleclərin müəyyən keyfiyyətə malik olması üçün onların ali təhsil müəssisələrinin nəzdinə keçirilməli olduğunu qeyd edib:

“Düşünürəm ki, ali təhsil müəssisələrində olan elmi-pedaqoji potensial daha yüksəkdir. Ali məktəblərdə Bolonya prosesinin tələblərinə keçid orta ixtisas təhsil müəssisələrinə nisbətən daha sürətlə gedir. Orta ixtisas təhsili pilləsində də tələbələrə verilən təhsilin səviyyəsi daimi yüksəldilməli və müasir əmək bazarının tələblərinə cavab verən kadrlar yetişdirilməlidir. Kolleclər ali məktəblərin nəzdinə keçirilərsə, orta ixtisas təhsili müəssisələrinin verdiyi təhsilin keyfiyyətinin və onlara marağın artırılmasına xidmət edər”.

Ekspert peşə təhsil müəssisələrində də vəziyyətin kolleclərdəki vəziyyətdən fərqlənmədiyini deyib və çıxış yolu kimi bu qurumların idarəçiliyini tamamilə dəyişilməli olduğunu göstərib:

“Peşə təhsili müəssisələrinin də vəziyyəti ürək açan deyil. Bu təhsil ocaqlarını müasir tələblərə cavab verən, əmək bazarının tələblərinə uyğun olan kadr hazırlığını həyata keçirə bilmirlər.

Ötən əsrin 20-30-cu illəri üçün orta ixtisas müəssisələri kifayət qədər gərəkli bir proses idi. Təcili kadrların hazırlanması üçün kolleclərin xidmətindən istifadə olunurdu. Həmin illərdə göstərilən fəaliyyət hesabına kolleclərin fəaliyyəti genişləndi və müəyyən qədər də nəticələr əldə edildi. Müharibə illəri və ondan sonrakı illərdə də orta ixtisas təhsili müəssisələrinə ehtiyac vardı. Amma bu gün dövran dəyişib. İndi dünyanın heç bir yerində ayrıca olaraq orta ixtisas təhsili müəssisələri fəaliyyət göstərmir. Eləcə də, artıq Azərbaycanda onların fəaliyyətinə ehtiyac duyulmur. Ali məktəb var və həmin təhsil ocaqları ali ixtisaslı kadr hazırlayırsa, deməli, orta ixtisaslı kadrlara ehtiyac olmamalıdır. Əslində, artıq Azərbaycanda həmin kadrları gözləyən iş yerlərimiz də yoxdur.

Ona görə də, ilk növbədə kollec və peşə təhsili müəssisələrini idarə edənlər dəyişməli, menecerlərlə əvəz olunmalıdır. Ondan sonra bu təhsil müəssisəsində mövcud olan ixtisaslar əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır. Bundan sonra isə peşəkar səviyyəli mütəxəssislər tədris və təlim prosesinə cəlb olunmalıdır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR