Tibbi sığorta ilə bağlı ilginc iddia: Həkimlər mane olur?

2-12-2019, 17:18 296 dəfə baxılıb

Tibbi sığorta ilə bağlı ilginc iddia: Həkimlər mane olur?



Azərbaycanda sığorta sahəsində mövcud olan problemlər vətəndaşlar arasında bu sistemə inamsızlıq yaradır.

Bu baxımdan da istər əmlak, istərsə də sığortanın digər növləinə kütləvi olaraq üz tutma halları mövcud deyil. Sığortası məcburi olan sahələrdə də bir sıra narazılıqlar mətbuat səhifələrində yer alır.

Gələn ilin əvvəlindən tətbiqinə başlanacaq icbari tibbi sığortanın effektiv olub-olmayacağı ilə bağlı mövqe də birmənalı deyil. Şübhə və inamsızlığa səbəb olan başlıca amil isə odur ki, 2020-ci ilə az vaxt qalsa da, hələlik bunun şərtləri və necə tətbiq olunacağı cəmiyyətə məlum deyil. Əvvəl icbari tibbi sığortanın tətbiqinə yanvarın 1-dən başlanılacağı bildirilsə də, bir qədər əvvəl məlum oldu ki, bu bütün ölkəni əhatə etməyəcək. Xatırladaq ki, İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev əvvəlcədən açıqlanan qrafik və sığorta ilə bağlı bəzi qaydaların dəyişilməsinin təklif edildiyini deyib. Yeniliyə görə, layihənin tətbiqi birdən-birə bütün ölkə üzrə deyil, mərhələ-mərhələ başlanacaq. Bu məqsədlə ölkə ərazisi şərti olaraq 4 hissəyə bölünəcək. Yanvarın 1-dən tətbiq ediləcək icbari tibbi sığorta əvvəlcə ölkənin şimal bölgəsinin 20 rayonundan başlayacaq və hər 3 aydan bir digər rayonlar da qoşulacaq:

"İcğari tibbi sığortanın yanvarın 1-dən etibarən Azərbaycanın şimal bölgəsində başlanmasını təklif edirik. Şimal bölgəsinə 20 rayon daxildir. Bundan 3 ay sonra, yəni aprelin 1-dən etibarən bu prosesə ölkənin qərb bölgəsindəki rayonlar qoşulacaq, söhbət daha 17 rayondan gedir. 3-cü rübdən etibarən bu prosesə cənub bölgəsindəki 14 rayon qoşulacaq. 4-cü rübdən isə bu prosesə Bakı və Sumqayıt da qoşulacaq. Nəticədə 2020-ci ilin sonunadək bütün ölkə əhalisi tibbi sığortadan yararlana biləcək".

Digər tərəfdən isə məlumdur ki, bir sıra şirkətlər öz işçilərinin tibbi sığortasını həyata keçirir. Amma bu zaman da bəzi narazılıqlar yaranır. Məsələn, həkimə müraciət edən xəstəyə məlum olur ki, hansısa tibbi müayinə metodları və ya prosedurları sığorta paketinə salınmayıb.

Qeyd edək ki, "Kasko Butik" layihəsinin rəhbəri Xəyal Məmmədxanlı İctimai TV-də yayımlanan “Sabaha saxlamayaq” verlişində sığortanın iki əsas funksiyasının əhali üçün vacib olduğunu, lakin hər iki funksiyanın işləmədiyini vurğulayıb. Ekspertin sözlərinə görə, tibbi xidmətlərlə bağlı müəyyən edilən tariflər heç bir real hesablamaya əsaslanmır və reallığı əks etdirmir. X.Məmmədxanlı qeyd edir ki, icbari tibbi sığorta rayonlarda yaxşı işləyə bilər, amma Bakı şəhərində işləməyəcək. Onun fikrincə, Bakıda çalışan həkimlər buna razı olmayacaq.

Professor Adil Qeybulla “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, icbari tibbi sığorta dövlətin siyasəti və sosial müdafiəsinin bir formasıdır:



“Səhiyyəni icbari sığortasız təsəvvür etmək mümkün deyil. Sadəcə olaraq, müəyyən standartlar çərçivəsində aparmaq lazımdır ki, vətəndaşlar bundan faydalana bilsinlər. Hər halda, verilən açıqlamalar göstərir ki, icbari tibbi sığortaya yanaşmalar, onun mahiyyətinin dərk edilməsi istiqmətində təsəvvürlər yanlışdır. Çünki, bir ilin ərzində verilən vədlərin dəyişilməsi onu göstərir ki, icbari tibbi sığortanın tətbiqinə məsul olanların, xüsusilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində çalışanların təsəvvürləri yanlışdır. Ona görə də hesab edirəm ki, mütəxəssislərlə birlikdə müzakirə aparılaraq, bunun optimal yolunu seçmək lazımdır”.

Adil Qeybulla deyir ki, təklif olunan variantlar effektiv nəticəyə gətirib çıxarmayacaq:

“Verilən açıqlamalardan icbari tibbi sığortanın necə tətbiq olunacağı məlum olmur. Özləri də bunun detallarını hazırlaya bilmirlər. Əvvəla, bu bölgü nəyə lazım idi, niyə icbari tibbi sığortanın tətbiqi hissə-hissə həyata keçirilməlidir. Onsuz da daha əvvəl pilot rayonlarda eksperimentlər həyata keçirilib. Əslində, mən bunun da əleyhinə idim. Çox sadə mexanizmlər var. Ən azı Qonşu Türkiyənin təcrübəsi var, bizdə də bu təcrübəyə əsaslanıla bilər. Türkiyə ilə Azərbaycanın arasında siyasi, iqtisadi, elmi, mədəni əlaqələr getdikcə daha da inkişaf edir, hesab edirəm ki, təbabətimiz də Türkiyə təbabətinə analoq olmalıdır”.

Xatirə Nəsirova
Cebhe.info


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR