"İlk növbədə, müəllim kommunal və nəqliyyat xərcindən azad olunmalıdır ki..."

28-05-2020, 15:29 66 dəfə baxılıb

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən, güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişikliklər olunub. Bununla bağlı olaraq Prezident İlham Əliyev fərman imzalayıb. Belə ki, fərmanla ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar. İndiyə qədər bu müddət 5 il idi.

Eyni zamanda, qaydalara edilən əlavəyə əsasən, ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar. İndiyədək qanunvericilikdə bununla bağlı müddəa yox idi.

Bəs, müəllimlərin sosial yükünün azaldılması üçün başqa hansı addımlar atılmalıdır?

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb və bildirib ki, bu gün müəllimlərin ən böyük problemlərindən biri mənzil problemidir: "Ev almaq və tikmək onlar üçün çox çətindir. İpoteka kreditlərinin şərtləri isə onlar üçün ağır olduğuna görə bundan yararlana bilmirlər. Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan istifadə edə bilməsi çox vacib məsələdir. Amma bu gün orta məktəb müəllimləri ipotekadan yararlanaraq öz mənzil problemlərini həll edə bilmirlər. Özəlliklə orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əməkhaqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması və s. şərtlər əsas gətirilir və onların əksəriyyəti bu sistemdən yararlana bilmirlər".

Ekspert iş üçün regionlara göndərilən müəllimlər üçün dövlət tərəfindən görülən tədbirlərdən də danışıb: "Regionlarda çalışmağa yollanan müəllimlər üçün dövlət tərəfindən həvəsləndirmə tədbirləri həyata keçirilir. Həmin müəllimlər rayon mərkəzindən 20 kilometr aralıda yaşayırlarsa, onlara torpaq sahəsi ayrılır, ev tikmək üçün müəyyən dəstək göstərilir. Həmçinin, həmin müəllimlərin əmək haqlarna 100 manat əlavə olunur".

Azərbaycanda müəllimlərin orta əməkhaqqlarının 350-500 manat arasında dəyişdiyini deyən ekspert bildirir ki, bu məbləğlə ipotekanın ödənməsi reallığı əks etdirməyəcək. Bundan başqa, K.Əsədov bildirir ki, ilkin məbləğin ödənilməsi də müəllimlər üçün əlçatan deyil: "Mənzil şəraiti ağır vəziyyətdə olan və ya evsizlikdən əziyyət çəkən pedaqoqların sayı az deyil. Onlara dəstək olmaq lazımdır. Yaxşı olar ki, ipoteka ilə mənzil alan müəllimlərin aylıq əməkhaqqı özlərində qalsın. Bunun üçün bəzi işlər görülməlidir".

"İlk növbədə, müəllim kommunal və nəqliyyat xərcindən azad olunmalıdır ki, onun aldığı məvacib ipotekaya yönələ bilsin. Çarəsizlikdən müəllimlər sosial ehtiyaclarını ödəmək üçün digər sahələrdə çalışırlar. Hesab edirəm ki, müəllimlərə daha az faizlə, ilkin məbləğ üçün müəyyən edilən vəsait az olmaqla və uzunmüddətli ipoteka krediti verilərsə, bu, pedaqoqların həm evsizlik problemini həll edər, həm də onların sosial həyatı normal səviyyədə olar",- deyə o əlavə edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR