"Camaatda bir psixologiya var ki, məşhur, tanınmış adamlar soyadını dəyişmirsə, mən niyə edim?"

16-10-2020, 15:20 181 dəfə baxılıb

Azərbaycan 29 ildir ki, müstəqillik əldə edib. Amma SSRİ-dən qalma soyadlardan hələ də qurtulmamışıq. Xüsusilə də orta və yaşlı nəslin nümayəndələri soyadlarını dəyişdirməyə həvəs göstərmirlər. Bunun səbəbi nədir? Soyadı milliləşdirməyin vacibliyi nədədir? Bu və digər suallarla bağlı ictimai-siyasi xadimlərdən fikirlərini öyrəndik.

“Yeni Müsavat”a danışan sosioloq Sahib Altay bildirib ki, soyad bir ailənin, bir nəslin mənsubluğunu bildirən müraciət formasıdır: “İnsanın sosial statusunu bildirir. Soyadların dünyada tətbiqolunma tarixi var. 18-ci əsrin əvvəllərinə qədər bütün dünyada soyadlar problemli məsələ idi. Çünki konkret olaraq rəsmi soyadlardan istifadə olunmurdu. Yalnız bəzi ölkələrdə, toplumlarda istifadə olunurdu. Bu günün inkişaf modeli kimi göstərilən Avropada yalnız zadəgan ailələrində soyadlar var idi. O da həmin ailənin adı ilə bağlı olurdu. Bəzən də təhkimçilik hüququndan asılı olaraq zadəgan ailələrinin adlarından istifadə edilirdi. İsveçdə hələ 1901-ci ildə soyadlardan istifadə etməyə başlayıblar. Təhkimçilik hüququnun qüvvədə olduğu dövrlərdə müxtəlif ölkələrdə müxtəlif soyadlar tərtib olunmuşdu. Məsələn, yaponlarda Sumadzi, gürcülərdə sənətlə, peşə ilə bağlı ata adlarının sonuna ”dze" şəkilçiləri artırılırdı. Türk toplumlarında əsasən yer anlamını bildirən “lı, lü” istifadə edilirdi. Bir də tanrının adı mənasında “ol, il, ul, ül” şəkilçilərindən soyadlarda istifadə olunurdu".

S.Altay əlavə edib ki, təhkimçilik hüququnun ortadan qaldırılmasından sonra soyadlar tərtib olunmağa başladı: “Əvvəllər sənətə, peşəyə görə türk toplumlarında dəmirçioğlu, dulusçuoğlu kimi soyadlar var idi. Insanlar bunda maraqlı oldular. Niyə, çünki təhkimçilik ləğv olunduqdan sonra artıq fərdiyyəçilik qüvvəyə minməyə başladı. Yəni insanın sosial statusunu müəyyənləşdirən müraciət forması, bir təqdimat forması olmalı idi ki, bu da soyadlarla bağlı idi. Bizdə də ”ev, yev, ov" Rusiya müstəmləkəçiliyi ilə bağlıdır. Təhkimçilik hüququ nə qədər ortadan qalxsa da, istər çar Rusiyası, istərsə də sovet Rusiyası işğal etdiyi ərazilərdə müraciət formalarını özlərinə uyğun tərtib edirdilər. Bu sırf özləri üçün toplum yetişdirmək məqsədi daşıyırdı. Müstəmləkəçiliyi ayrı-ayrı toplumların, fərdlərin adlarında yapışdırmaqla təqdim edirdilər. Tarixə də elə düşürdü. “Ev, yev, ov” şəkilçilərini bizim soyadlara artırırdılar.

Türkdilli toplum olduğumuza görə çar Rusiyası, sovet dönəminə qədər bizdə sırf peşə, sənədlə bağlı sonu “çı” ilə bitən, ata, baba adlarını simvolizə edən soyadlar var idi. Sonradan onların sonuna “ev, yev” şəkilçilərini artırdılar. Bunun da ilkin məqsədi milli şüurun təhrif olunması idi. Sovetin də, çar Rusiyasının da əsas məqsədi bu coğrafiyada milli şüurumuzu ortadan qaldırmaq, toplum olaraq sırf təhkimçi, müstəmləkəyə çevrilmiş bir toplum formalaşdırmaq idi. Əsas da buna sovet dövrünün ilkin mərhələlərində rəsmi siyahıyaalınmalar vasitəsilə etməyə başladılar. Bu da bizim şüurumuzda bir travma şəklində formalaşdığına görə bugünkü orta və yaşlı nəsil özlərini o dövrün bir parçası hesab edir. Ona görə bu soyaddan imtina etmək istəmirlər. Amma milli şüura dayanan bu və bir neçə mövzu var ki, onların ortadan qaldırılması üçün indiki yeni siyahıyaalınmada və sənədləşdirilmədə islahatlar aparılmalıdır. Bir də xüsusi sosial layihələr -istər orta məktəb, istər ali məktəb səviyyəsində tədris olunmalıdır. Dövlətin bunda marağı olmalıdır. Bunların səbəbləri elmi tərəfdən açıqlanmalıdır. Çünki sosial-psixoloji izahlar var ki, biz bunu bir müzakirəyə sığışdıra bilmərik".

Deputat Fazil Mustafa da məsələyə münasibət bildirib: “Bu, bilavasitə mühafizəkarlıqla bağlı məsələdir. İnsanlar yeniləşməyə gec adaptasiya olunurlar. Ənənəvi bildikləri soyadlarla tanınmağa daha çox üstünlük verirlər. Bir qism insan da bu yaşa qədər bu soyadla tanındığına görə dəyişmək istəmir. Amma məncə, tədricən cəmiyyətdə bir xətlə getmək lazımdır. Əvvəllər bu istiqamətdə fərqli baxışlar var idi, amma indi diqqət edirsinizsə, Türkiyə ilə hədsiz dərəcədə inteqrasiya olunduq. Uyğunlaşma baxımından da bizdə bu dəyişikliyin olması zəruridir. Yəqin ki, yaxın zamanda bununla bağlı də effektli dəyişikliklər olacaq. Yəni insanlar bunu etməyə həvəsli olacaqlar. Çünki bu olduqca diqqətçəkici məqamdır. Məsələn, xaricə gedəndə kimliyimizin yeni formada tanınması baxımından bunun yalnız faydası olacaq”.

Deputat onu da əlavə edib ki, bu məsələdə məcburiyyət olmamalıdır: “Bu məsələdə insanlar könüllü qərara gəlməlidirlər. Hər hansı bir məcburiyyət ola bilməz. Yaşlı insanlara necə təbliğat aparasan. Hər kəs bilir ki, bu doğru addımdır. Hər kəsin fərdi həyatı var, ona qarışmaq olmaz. Amma ümumi olaraq cəmiyyətdə mənəvi ab-hava fərqli şəkildə dəyişməlidir”.

Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd edir ki, əvvəllər soyadın dəyişdirilməsi ilə bağı bürokratik əngəl var idi: “İnsanlar müraciət edəndə uzun-uzadı sənədləşmə, arayış tələb olunurdu. Sonradan bu problemlər olmasa belə insanlarda bir tənbəllik var. ”Nəyimə lazımdı, bununla da keçinərəm" deyirlər. İnsan o qədər vətənpərvər, prinsipial olmalıdır ki, gedib soyadını dəyişsin. Bizim əhalidə təəssüf ki, vətənpərvərlik hissləri bu istiqamətdə inkişaf etməyib. Digər tərəfdən, bəzi adamlar sənədlərlə bağlı narahatlıq keçirir ki, soyadını dəyişərsə, sənədlər də dəyişdirilməlidir. Ən mühümü də odur ki, soyadının dəyişdirilməsi insanlardan tələb olunmur. Bu iş yerlərində tələb olunsa, çox asan mexanizmlə hamı dəyişər. Düşünürəm ki, bu məsələdə məcburiyyət lazımdır. İşə qəbulda deyilməlidir ki, müəyyən müddət ərzində soyad dəyişdirilsin. İş yerində arayış tələb olunan kimi, iki günə düzəldib aparırıq. Amma bunu bizdən tələb edən yoxdur deyə, əməl edilmir".

“Sevimli Arif Babayev soyadını dəyişmirsə...”

Ə.Qəşəmoğlu onu da deyib ki, maarifləndirici işlər də yox səviyyəsindədir: “Təbliğat, təşviqat işləri də zəifdir. İnsanların bir qismi dəyişdirib, əksəriyyəti isə yox. Bir məqamı da qeyd edim. Camaatda bir psixologiya var ki, məşhur, tanınmış adamlar soyadını dəyişmirsə, mən niyə edim? Məsələn, biri Arif Babayevi çox xoşlayır, fikirləşir ki, sevimli müğənni soyadını dəyişmirsə, mən niyə dəyişim. İncəsənət xadimlərinin, siyasətçilərin, deputatların çoxu familiyalarını dəyişməyiblər, bu amil də çox güclü təsir edib” .


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR