“Nə dərman verirlər, nə iynə vururlar, Bakının demək olar ki, bütün poliklinikaları belə işləyir...”

6-11-2020, 14:00 193 dəfə baxılıb

Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir. Yoluxanların ümumilikdə sayı 48 milyon 438 min nəfəri ötüb. Virusdan ölənlərin sayı isə 1 milyon 231 mindən çox olub.

Virusa yoluxma sayına görə ilk üçlükdə olan dövlətlər ABŞ (9 801 355 nəfər), Hindistan (8 364 086 nəfər) və Braziliyadır (5 590 941 nəfər). Rusiyada 1 693 454, İranda 646 164, Türkiyədə 384 509, Ermənistanda 97 150, Gürcüstanda isə 46 817 nəfərdə koronavirus müəyyən edilib.

Azərbaycanda koronavirusa yoluxan 59 min 509 nəfərin 780-i ölüb, 45 min 697-si sağalıb.

Pandemiya ilə mübarizədə hər bir ölkədə olduğu kimi, Azərbaycanda da karantin rejimi tətbiq olunur. Koronavirusa yoluxmanın bir müddətlik azalması insanlarda məsuliyyətsizliyə və arxayınlaşmağa gətirib çıxardı.

Mövzu barədə Milli Məclisin deputatı Musa Quliyev Modern.az-a açıqlamasında bildirib ki, fikrimiz cəbhədə olduğu üçün xalq olaraq pandemiyanı ikinci plana atmışıq: “Pandemiyanın ilk dövründə insanların məlumatı az, qorxu və sərt karantin rejimi tətbiq olunduğu üçün karantin qaydalarına ciddi şəkildə əməl olunurdu. Yay dövründə epidemiyoloji vəziyyətin yaxşılaşması insanlarımızı arxayınlaşdırdı və məsuliyyət hissi aşağı düşdü. İndiki vəziyyətdə yenə sürətli artım müşahidə olunur. Hökumətin üzərinə düşən vəzifələr var və bunun öhdəsindən layiqincə gəlir. Hökumətin fəaliyyəti ilə vətəndaşınkı üst-üstə düşməsə, nailiyyətimiz çox da ürəkaçan olmayacaq. Hər bir vətəndaş öz məsuliyyətini dərk edib koronavirusla mübarizəyə ciddi şəkildə əməl etməlidir”.

Deputatın sözlərinə görə, karantin qaydalarına nəzarət daha da gücləndirilməlidir: “Mən düşünürəm ki, polislər karantin rejiminə nəzarəti daha da artırmalı və lazım gələrsə, biz açıq havada maska taxılmasının zəruri və məcburi olması barədə qanunvericiliyə dəyişiklik edə bilərik. Hazırkı dövrdə sərt karantin rejiminə keçilmə, iş yerlərinin bağlanması, SMS icazəyə keçirilməsi ən sonuncu addımdır. Müharibənin bitmədiyi bir şəraitdə bu rejimin tətbiq olunması iqtisadi, sosial, psixoloji gərginlik yarada bilər. Yoluxma bu şəkildə davam edərsə, sərt qaydaların qüvvəyə minməsi qaçılmazdır”.

Son günlər yoluxma sayında olan artım övladları həbsxanada olanları da narahat etməyə başlayıb. Valideynlər cəzaçəkmə müəssisələrində sıxlıq olduğunu, bunun isə koronavirusun kütləvi yayılmasına səbəb ola biləcəyini deyirlər.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Ədliyyə Nazirliyi yanında İctimai Komitənin koordinatoru Səadət Bənəniyarlı bildirib ki, hazırda həbsxanalarda epidemiya yoxdur: “Orada birbaşa görüşlər yoxdur, yalnız işçilər gedib-gəlirlər. Onlar da mütəmadi olaraq yoxlanılır. Bildiyiniz kimi, yaxın vaxtlarda bizim təklifimizlə həbsxanalarda sovqatlar qəbul edilməyə başlanılıb. Pandemiya başlananda, ümumiyyətlə, sovqat verməyə icazə verilmirdi. Biz istəyirdik, heç olmasa şüşəarxası görüşlər də bərpa olsun. Amma son günlər yoluxma sayı artdığına görə təkliflərimizi saxladıq. Hazırda, sadəcə olaraq, situasiyanı nəzarətdə saxlayırıq”.

S.Bənəniyarlı həbsxanada monitorinqlərin aparılmadığını deyib:

“Hazırda bizə müraciət yoxdur. Koronavirusun ikinci dalğasından sonra orada monitorinq aparmamışıq. Çünki biz özümüz də daşıyıcı ola bilərik. Belə dövrdə monitorinqləri saxlamaq ən optimal variantdır. Amma telefonla əlaqə saxlayırıq, maraqlanırıq, hazırda vəziyyət stabildir”.

Hüquq Müdafiəçisi Novella Cəfəroğlu mövzu ilə bağlı bunları deyib: “Həbsxanada vəziyyət şəhərdə olan vəziyyətdən yaxşıdır. Orada nəzarət güclüdür, kimsə virusa yoluxursa, dərhal xəstəxanaya yerləşdirilir. Çünki bir nəfərin yoluxması çoxlu sayda məhkumun xəstələnməsinə səbəb ola bilər. Həbsxanadakı vəziyyətlə tez-tez maraqlanıram, vəziyyət stabildir. Amma şəhərdə vəziyyət acınacaqlıdır. Mən özüm də koronavirusa yoluxduğum üçün vəziyyətin nə yerdə olduğunu bilirəm. Şəhərin içində poliklinikalar işlərinə məsuliyyətsiz yanaşırlar. Zəng vurursan poliklinikaya, deyirsən ki, xəstələnmişəm. Hərarətinin nə qədər olduğunu soruşur, deyirəm 38 dərəcə. Deyir, təcili yardıma zəng vur. Təcili yardımdan da yönəldirlər təzədən poliklinikaya. Süründürməçilik baş alıb gedir. Evə gələn, yoxlayan yoxdur. İnsanı təcrid etmirlər. Evdə olan hər kəs koronavirusa yoluxur. Nə dərman verirlər, nə iynə vururlar. Bakının demək olar ki, bütün poliklinikaları belə işləyir. Koronavirusun yayılması məhz poliklinikalardan, təcili yardımların işindən asılıdır. Xəstəxanada işləyənlər sağ olsunlar, çox gözəl işləyirlər. Amma poliklinikalar dərmanları satırlar, insanlara vermirlər. Bir dəfə də olsun həkim zəng vurub soruşmadı ki, nə lazımdır? Nə həkim, nə tibb bacısı evimizə gəldi. İynələri özümüz vurduq. Mənim qohumlarım, oğlum həkimdir. Nə dərmanlar lazımdırsa, yazdı, aldıq. Axı biçarə insanların imkanı yoxdur, hamının qohumu həkim deyil?! Nə dərman almağa, nə də iynə vurdurmağa pulu olmayan vətəndaşlarımız var. Hökumət poliklinikaları bütün dərman və preparatlarla təmin edib axı. Demişdilər, kim istəyir vaksinlərdən istifadə etsin. Zəng vurub soruşuram, deyirlər ancaq hamilə qadınlara vurula bilər. Qocalara da vermirlər. Bax, buna görə virus bu qədər yayılıb”.

Novella Cəfəroğlunun söylədiyi fikirlərlə bağlı Səhiyyə Nazirliyindən də mövqe öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətindən məsələnin araşdırılacağı bildirildi.
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR