Azərbaycana gətirilən 3 peyvənd: Hansı daha yaxşıdır? - "Gizli siyasət", "səhvdən yaranan uğur"

7-05-2021, 10:30 44 dəfə baxılıb

Azərbaycanda əhalinin yanvar ayının ortalarından başlayan vaksinlənməsi prosesi davam edir.

Ölkədə bu kampaniya Çindən yanvarda sifariş edilən 4 milyon doza Sinovac şirkətinin "CoronaVac" vaksini ilə başlanıb.

Bundan əlavə, bazar günü Azərbaycana Rusiyanın "Sputnik V” peyvəndinin ilk partiyası gətirilib ki, bu da 40 min doza təşkil edib. Eyni zamanda, aprelin 4-də 84 min doza "AstraZeneca” peyvəndi gətirilib və onun istifadəsinə də artıq start verilib.

Maraqlıdır ki, bu peyvəndlərdən hansı daha effektivdir, hansının qoruculuğu daha çoxdur və ən çox ölüm hansı peyvəndin tətbiqindən sonra qeydə alınıb?

Cebhe.info bununla bağlı araşdırma aparıb.

*"CoronaVac"

Braziliyalı alimlər vaksinin müalicəyə ehtiyac olan və yüngül keçirilən hallarda 78 faiz, orta və ağır hallarda 100 faiz təsirli olduğunu, ümumilikdə orta hesabla 50.4 faiz effektiv olduğunu bildirirlər. "CoronaVac" peyvəndindən sonra əsas təsirlər bunlardır:

Peyvənd bölgəsindəki şiş, qızartı, baş ağrısı, qızdırma, üşütmə, əzələ, oynaq ağrısı, qusma, ishal, yorğunluq və halsızlıq. Bu peyvəndi vurduran şəxslər bu kimi amillərdən öz narazılıqlarını bildirirlər. Bu peyvəndin tətbiqindən sonra bəzi ölkələrdə ölüm halı qeydə alınıb. Məsələn, Honq-Konqda mart ayı statistikasına əsasən, 3 nəfər vaksin olunduqdan bir neçə gün sonra həyatını itirib. Hökumət bildirir ki, bu ölüm digər ağır xəstəliyi olan insanlar arasında olub. "CoronaVac"dan ölüb halı Fillipində də qeydə alınıb. Belə ki, 50 yaşlı polis peyvəndin tətbiqindən sonra həyatla vidalaşıb. İordaniyada isə 60 yaşlı kişi "CoronVac"ın tətbiqindən 2 gün sonra vəfat edib.

Peyvəndlə daha və qəribə ölüm faktı tıcrübə müddətində qeydə alınıb. Belə ki, noyabr ayında üzərində sınaq keçirilən bir nəfər bir neçə gün sonra həyatını itirib. Bəzi ölkələrdə bu kimi ölüm halları qeydə alınsa da, mütəxəssislər sözügedən peyvəndin əks təsirlərinin çox olmadığını düşünür. Məşhur "The Lancet" elmi jurnalı yazır ki, hazırda "CoronaVac" peyvəndinin ancaq birinci və ikinci mərhələsi üzrə məlumatlar məlumdur. Məqalənin müəlliflərindən biri olan Zhu Fengcai deyir ki, birinci və ikinci mərhələdə iştirak edən ümumilikdə 744 nəfərin nəticələrinə əsasən, peyvənd "təcili istifadə üçün əlverişli olub". Vaksinin üçüncü mərhələsinin nəticələri müxtəlif ölkələrdə fərqli rəqəmlər göstərib. Türkiyədə aparılan testlər peyvəndin 91.25 faiz effektiv olduğunu göstərib. İndoneziyada göstərilən nəticə isə, 65,3 faiz olub.

*"AstraZenca"

Ümumdünya Səhiyyə Təşkilatı, İngiltərə-İsveç ortaqlığı ilə yaradılan "Oxford/AstraZeneca"nı 15 fevral tarixində təsdiqləyib. Qoruması daha asan olan peyvəndin yoxsul ölkələrə göndərilməsi hədəflənib. Bir çox ölkələrdə İngiltərə-İsveç şirkətinin məhsulu olan "AstraZeneca” ilə vaksinasiya olunan şəxslərdə qan laxtalanması və ölüm halları yaşanır. Bu səbəblə də artıq ölkələr sözügedən peyvənddən istifadəni ya tamamilə, ya da müvəqqəti dayandırıb. Məsələn, Avstriyada "AstraZeneca" peyvəndinin tibb bacısının ölümünə səbəb olub. Eyni zamanda, hökumət başqa bir xəstəyə peyvəndin ilk dozası vurulduqdan sonra ağciyərində laxtalanma yaratdığı ilə bağlı xəbər yayıb.

Eyni hal Estoniyada və Cənubi Koreyada da yaşanıb. Estoniyada 1, Cənubi Koreyada 7 nəfər "AstraZeneca" peyvəndi ilə vaksinləndikdən sonra həyatını itirib. Latviya, Almaniya, Fransa, İtaliya, Kipr və Sloveniya da bu peyvənddən istifadəni dayandırmaq qərarını elan edib. Peyvəndin müvəqqəti istifadəsini dayandıran ölkələr isə Danimarka, Norveç, İslandiya, Avstriya, Rumıniya, Bolqarıstan, Tayland, İrlandiyadır. "ÜST "AstraZeneca" peyvəndinin faydalarının riskləri üstələdiyini hesab edir və peyvəndin tətbiqinin davam etdirilməsini tövsiyə edir," - təşkilatın martın 17-də açıqladığı bəyanatında deyilib.

Bəyanatda eləcə də qeyd olunub ki, ÜST-nın peyvənd təhlükəsizliyini qiymətləndirmə komitəsi "AstraZeneca” vaksini ilə bağlı son məlumatları diqqətlə nəzərdən keçirir və bu proses tamamlandıqdan sonra nəticələri ictimaiyyətə açıqlanacaq. Trombların yaranmasına gəlincə, ÜST bunun nadir hal olmadığını və ürək-damar xəstəliklərindən sonra sayca üçüncü ən çox rast gəlinən xəstəliyin məhz venoz tromboembolizminin olduğunu vurğulayıb.

Bununla yanaşı, Avropa Dərman Preparatları Agentliyinin (EMA) icraçı direktoru Emer Cook da AstraZeneca peyvəndinin faydalarının onunla bağlı bütün riskləri üstələdiyini söylədi. "AstraZeneca" şirkətinin məlumatlna görə, bu günədək Aİ və Britaniyada 17 milyon insana COVID-19-a qarşı məhz bu peyvənd vurulub. Marta qədər olan statistikaya əsasən, "AstraZeneca" ilə vaksinlənmiş insanlardan yalnız 40-da tromb yaranması halları müşahidə olunub. Lakin bütün bunlara baxmayaraq, peyvəndlə bağlı narahatlıqlar, qaranlıq məqamlar çoxdur.

ÜST peyvəndin hər yaş qrupu üçün uğurlu olacağını bildirsə də, almaniyalı mütəxəssislər deyir ki, vaksin yalnız 18-64 yaş aralığında olan şəxslər üçün etibarlı sayıla bilər. Əslində 4 həftə aralığında 2 dozada tətbiq edilən peyvəndin effektivliyinə dair məlumatlar da dəqiq deyil. Elmi məlumatlar dozanın təyin olunmasına görə 62 - 90 faiz arasında təsirli olduğunu göstərir. Elm adamları birinci dəfə yarı, ikinci dəfə tam doza qəbul edənlərdə peyvəndin 90 faiz təsirli olduğunu, lakin iki dəfədə də tam doza qəbul edənlərdə təsirin 62 faizə düşdüyünü qeyd edir. Əslində peyvəndin ilkin mərhələdə yarım doza vurulması və bunun effektivliyinin görülməsi də təsadüfən olub.

Belə ki, sınaqlar zamanı səhvən ilk mərhələdə yarım dozadan istifadə olunub. Bundan sonra həmin şəxslərdə az da olsa, hərarət və halsızlıq kimi hallar müşahidə edilib. "AstraZeneca" şirkətinin vitse-prezidenti Mene Panqalos bildirib ki, doza səhv ölçülüb və yalnız vurulduqdan sonra onun az olduğu görülüb. Ardından yarım dozanın ilkin mərhələdə tam dozayla müqayisədə daha effektiv olduğu müşahidə edilib. Bu səbəbdən vitse-prezident bu səhvi "Şans əsəri olan uğur" adlandırıb. Yəni peyvəndin hazırda təsdiqlənib istifadəyə verilməsi guya bir səhvdən yaranıb. Bəzi mütəxəssislər isə qeyd edir ki, əslində, dozanın səhv ölçülməsi bir səhv olmayıb, qəsdən edilib.

*"Sputnik V"

Rusiya Səhiyyə Nazirliyinin qolu olan Hamaley adına Tədqiqat İnstitutu tərəfindən hazırlanan "Sputnik V" peyvəndinin 18 mindən çox şəxs üzərindəki sınaq nəticəsinə görə, peyvənd 91,4 faiz təsirə malikdir. Müstəqil rəy sorğusuna görə, respondentlərin 58-i "Sputnik V"nin əleyhinədir, 38-i isə peyvəndi dəstəkləyir. Peyvəndin üçüncü mərhələ sınağı zamanı iki nəfər ölüb, bir könüllü isə insult keçirib.

Lakin Rusiya peyvəndlə bağlı mənfi fikirlərin, xoşagəlməz hadisələrin mətbuatda yayılmasına icazə vermədiyindən suallar açıq olaraq qalır. Bir çox Avropa ölkələri peyvəndin müsbət təsirli olduğu qənaətində deyil. Buna da səbəb peyvəndlə bağlı narahatlıqların dilə gətirlməsidir. Burada isə rəqabət məsələsi ortaya çıxır. Kreml 11 noyabrda peyvəndin 92 faiz effektiv olduğunu iddia edib. Rusiyanın bu açıqlamasından sonra "Pfizer” və "Moderna” peyvəndinin 94 faiz etibarlı olduğu açıqlanmışdı. Bunun ardınca - 24 noyabrda Rusiya "Sputnik-V"nin 95 faiz etibarlı olduğunu qeyd etmişdi.

İndi isə Rusiya KİV-i peyvındin 97 faiz təsirə malik olduğunu yazır. Yəni bu kimi rəqabət hiylələri ölkələrdə çaşqınlıq yaradır. Rəqəmlərin dəyişdirilməsi peyvəndin təsir faizində şişirdilmə olması faktını bir daha göz önünə sərir. Baxmayaraq ki, Rusiya peyvənd məsələsində də gizli siyasət həyata keçirməyə çalışır, bəzi ölkələr bu sirri pozur. Belə ki, Tunisdə 81 nəfər bu peyvəndin tətbiqindən sonra ciddi narahatlıqla tibbi mərkəzlərə müraciət edib. Bəzi vaksin olunan şəxslər isə yorğunluq, halsızlıq, təzyiq artması kimi hallarla qarşılaşıb.
Cebhe.info


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR