Vaxtilə fərarilik edən Elxan Qədimli, bu gün Şamaxıda “at oynadır”

25-02-2016, 14:27 819 dəfə baxılıb

Vaxtilə fərarilik edən Elxan Qədimli, bu gün Şamaxıda “at oynadır”













Təəssüf doğuran o haldır ki, Mürvət Qədimli həqiqi hərbi xidmətdə olmadığı halda, amma onun adına pay torpaqları, Bakıda, Sumqayıtda isə, neçə-neçə obyektlər var

Son illər bölgələrdə vəzifə sahiblərinin daşıdıqları vəzifələrindən ikiəlli yapışmaları və vəzifələrinə gəlir mənbəyi kimi baxmaları, sanki adi hala çevrilmiş məsələlərdən biri hesab olunur. Əslinə baxsan belə bir ab-havanın varlığı bir daha onu sübut edir ki, yerlərdə vəzifə sahiblərini qanunun aliliyi və onun icrası deyil, daha çox var-dövlət qazanmaq hərisliyi düşündürür ki, bu da əksər hallarda acı sonluqla da nəticələnir. Bu belə olduğu halda, görəsən əksər vəzifə sahiblərinin bu cür addımlarına nə vaxt hüquqi qiymət veriləcək və onlar nə vaxt lazımınca cəzalarını da alacaqlar?

Bir neçə gün bundan əvvəl, informasiya mərkəzimizə üz-üzə qaldıqları haqsızlıqlarla bağlı şikayət ərizəsi ünvanlayan Şamaxı rayonu Avaxıl kənd sakini Çingiz Əfəndiyev də, yerli vəzifə sahiblərinin əməllərindən zinhara gələn çoxsaylı sakinlərdən biridir. Məsələn, o, redaksiyamıza ünvanladığı şikayət ərizəsində yazır ki, “1969-cu ildə Şamaxı rayonu Soltan Məcid Əfəndiyev adına kolxozun idarə heyyətinin qərarı ilə, doğma əmim Hacı Nafis Şəmsəddin oğluna, kəndimizin yaxın ərazisindən bağ-bostan bitkiləri becərmək üçün 80 sot torpaq sahəsi verilir. 1996-cı ilə qədər kənd sakinlərinin istifadə etdikləri torpaq sahələrində aqrar islahat komissiyasının qərarı ilə islahatlar aparılsa da, 80 sotluq torpaq sahəsi əmimin ixtiyarında qalır. 1999-cu il bələdiyyə seçkilərində Avaxıl kənd bələdiyyəsinə sədr seçilən Elxan Qədimli çox keçmir ki, həmin torpaq sahəsini ələ keçirmək istəyir. Onun belə bir niyyəti Hacı Nafis Quliyevə bəlli olduqda, hər iki tərəf arasında ciddi mübahisə başlayır. Tərəflər arasında baş verən mübahisəyə baxmayaraq, 06 may 2006-cı il tarixdə əmim görür ki, ona məxsus torpaq sahəsini Elxan Qədimli əkib becərir. Bu zaman hər iki tərəf arasında mübahisə daha da qızışır və bələdiyyənin sədri vəzifəsini daşıyan Elxan Qədimli, ona məxsus arı yeşiklərinə belə, od vurmaqdan da çəkinmir.

Tərəflər arasında əmələ gələn ziddiyyət çox keçmir ki, ikinci tərəfin boğazından boğularaq öldürülməsi ilə də nəticələnir. Belə ki, mübahisəli torpaq sahəsində əlbəyaxa dava düşür və fiziki cəhətdən güclü olan Elxan Qədimli, əmimi boğaraq öldürür. Təəssüf doğuran hal o olur ki, dünyasını dəyişən Hacı Nafis Quliyevin meyti, bir müddət hadisə yerində qalır. Xeyli müddət vaxt keçdikdən sonra hadisə yerinə gələn hüquq-mühafizə orqanı əməkdaşları lazımi araşdırma işi aparmırlar, həkim ekspert komissiyasının səlahiyyətlisi Mamed Abdurazaqov isə, yazmış olduğu rəyində qeyd edir ki, “Hacı Nafis Quliyev sərxoş olub və belə bir səbəb üzündən də, o, dünyasını dəyişib”. Bu cür rəy çox böyük ehtimalla hansısa maraqlar çərçivəsində yazılır və olduqca gülünc, olduqca ikrah hissi doğuran bir rəy də olur. Amma, onu da unutmaq lazım deyil ki, Hacı Nafis Quliyev heç vaxt spirtli içki içən şəxs olmayıb və heç bir halda belə bir məclisdə də oturmayıb.

Elxan Qədimlinin keçmiş tarixçəsi haqda onu da açıqlaya bilərik ki, o, əvvəllər çəbhəçi olub və 1992-ci ildə, yəni DQ müharibəsi zamanı “Nasosnı”dakı hərbi hissədə olsa da, o, hərbi hissəni hansısa yolla özbaşına tərk edib fərarilik də edir. O, 1999-cu ilə kimi Avaxıl kənd orta məktəbində direktor vəzifəsini daşısa da, 1999-2004-cü illərdə isə, adı çəkilən kənddə bələdiyyəyə sədrlik edir. 2003-cü il prezident seçkisində Elxan Qədimli, Avaxıl kəndindən Müsavat Partiyasının namizədi olan İsa Qənbərə 51% səs də toplaya bilir. 2008-ci il prezident seçkisində də o, fərqli addımlarını atmaqla bir daha yadda qalır. Belə ki, Elxan Qədimli seçki dönəmində bacısı uşaqlarına narıncı köynək geyindirir və onları inqilaba da hazırlayır. Vaxtilə narıncı köynək geyinən və inqilaba hazırlaşan bacısı oğlanlarından biri, hal-hazırda Avaxıl kənd bələdiyyəsinə sədrlik edir. Bacısının həyat yoldaşı Səhit Şirinov isə, Avaxıl kənd orta məktəbində direktor vəzifəsini daşımaqdadır. Onun rəhbərlik etdiyi məktəbdə neçə-neçə “ölü can”lar var ki, onlar da hər ay Səhit Şirinova xeyli miqdarda gəlir əldə etməyə imkan verir. Məktəbin balansında DT-75 markalı traktor olsa da, bu gün həmin traktorun detallarından heç bir əsər-əlamət belə qalmayıb. Baxmayaraq ki, Səhit Şirinov hələ bir neçə il bundan əvvəl keçrilən test imtahanından kəsilsə də, o, hansısa himayədarının köməkliyi sayəsində, bu gün də Avaxıl kənd orta məktəbində direktor vəzifəsini daşımaqdadır.

Diqqəti o hal da cəlb edir ki, 2010-cu ildə Şamaxının sabiq icra başçısı Nazim İsmayılov bildikdə ki, Elxan Qədimli müxalifətçidir, dərhal onu icra nümayəndəsi vəzifəsindən azad edir. Digər bir məqama da toxunaq ki, Elxan Qədimli hələ bələdiyyə sədri olarkən vəzifə səlahiyyətini hədsiz dərəcədə aşır və kənd sakinlərinə məxsus əkin sahələri ilə bərabər, otlaq sahələrini də digər kəndlərdə yaşayan qohum-əqrəbasının, daha çox isə bacısı uşaqlarının adlarına sənədləşdirir. Bundan əlavə o, Avaxıl kəndinin “Qoşabulaq” adlanan ərazisində (hansı ki, Hacı Nafis Quliyevi o, həmin yerdə qətlə yetirib) istirahət mərkəzi də inşa etdirir. Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev daim vurğulayır ki, “pay torpaqlarından təyinatı üzrə istifadə olunmalı, digər məqsədlər üçün istifadə etmək heç cür yolverilməzdir” deyə lazımi tapşırıqlarını versə də, nədənsə Elxan Qədimli verilmiş tapşırıqları heç bir halda saya da salmayıb.

O, 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində təkrar iştirak etsə də, ona müxalifətçi olduğuna görə kənd sakinlərindən bir kimsə səs vermir. Belə bir səbəb üzündən də, Elxan Qədimli bələdiyyə şurasına üzv seçilə bilmir. Belə bir qüsurlu iş fəaliyyəti ilə xüsusi ad çıxaran bu şəxs, çox keçmir ki, hansısa himayədarının dəstəyi ilə, 2015-ci ilin martında bir daha Avaxıl kənd icra nümayəndəsi vəzifəsinə yiyələnə bilir. Çox keçmir ki, o, daşıdığı vəzifəsindən sui-istifadə edir və 2003-cü il prezident seçkisində İsa Qənbərə səs verməyən sakinləri dolayısı yollarla incidir, gözümçıxdıya salır, hətta pay torpaqlarını əllərindən də alır.

Elxan Qədimli 2005-2010-cu illərdə kənd icra nümayəndəsi vəzifəsini daşıyarkən, “Qoşabulaq” istirahət mərkəzi şəbəkəsinə rəhbərlik edib ki, bu da onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu göstərir. Həmin illərdə istirahət mərkəzi onun öz adına olsa da, voen isə oğlu Mürvət Qədimlinin adına olub. Təəssüf doğuran o haldır ki, Mürvət Qədimli həqiqi hərbi xidmətdə olmadığı halda, amma onun adına pay torpaqları, Bakıda, Sumqayıtda isə, neçə-neçə obyektlər var. Amma, canını, sağlamlığını bu Vətən, bu torpaq uğrunda itirən elə şəxslər var ki, onların adına bir sot olsun belə pay torpağı yoxdur.

Baxmayaraq ki, icra strukturunda çalışan vəzifə sahiblərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları qanunla qadağan olunur, amma Elxan Qədimli qanunun belə bir tələbinə heç bir halda məhəl qoymayıb. Əgər bu gün də müəyyən araşdırmalar aparılarsa o halda bəlli olar ki, Elxan Qədimli daşıdığı vəzifəsindən daim sui-istifadə etmiş və sahibkarlıq fəaliyyəti ilə də məşğul olmuşdur.

Elxan Qədimlinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq əməkdaşı Vidadi Zeynalovla (hal-hazırda o, həbsdədir) sıx bağlılığının olması da, hər kəsə bəlli olan həqiqətdir. Verilən məlumatlarda o da vurğulanır ki, hər iki şəxs arasında tanışlıq münasibəti, Elxan Qədimli icra nümayəndəsi vəzifəsini daşıyanda yaranıb. Belə ki, rayonun Məlhəm və Çuxuryurd adlı kəndlərinin arasında Vidadi Zeynalova məxsus istirahət mərkəzi olub ki, həmin obyekti idarə etməyi o, 2-3 ay müddətinə Elxan Qədimliyə də həvalə edir. O, həmişə deyərmiş ki, “mənim arxamda Vidadi Zeynalov durur, bir kimsə mənə nəsə edə bilməz” desə də, deyəsən onun güvəndiyi dağa “qar yağdı”.

Bəli, bütün bunlar keçmiş tarixi ləkəli olan, açıq-aydın müxalifətçilik edən, daha çox isə YAP-nın siyasi səhnədən getməsinə çalışan və çoxsaylı qanunsuzluq əməllərinə qol qoyan Elxan Qədimli barəsində olan açıqlamalarımızdır. O, bu gün Şamaxı rayonu Avaxıl kəndi üzrə icra nümayəndəsi olduğundan, hal-hazırda daşıdığı vəzifəsindən həm ikiəlli yapışır, həm də kənd ərazisində əməlli-başlıca “at da oynadır”. Amma, ona da inanırıq ki, onun “kor atı minib köndələn çapması” heç də uzun çəkməyəcək və yaxın vaxtlarda istər Hacı Nafis Quliyevin ölümündə, istərsə də digər əməlləri ilə bağlı işlərində, onun cavab verəcəyi gün, ona da nəsib olacaq.

Araşdırmamız davam edəcək.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR