Əmlak Komitəsində əsrin saxtalaşdırılması gedir

21-06-2016, 10:19 466 dəfə baxılıb

Əmlak Komitəsində əsrin saxtalaşdırılması gedir












Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyi kollektivdən xəbərsiz MMC-yə “çevrilib”, 20 müəssisəsi isə dağıdılıb Kərəm Həsənov 72 yaşlı rəis qadını Eldar Mahmudovla hədələyib
İş qadını Əfruz Əfəndiyeva Əmlak Məsələləri Dövlət Komitəsinin hesabatı və həmin sənəddə qurumu heyrətləndirən məhkəmə çəkişmələri barədə "Bizim Yol" qəzeti və Bizimyol.info saytında oxuyandan sonra redaksiyamıza müraciət etmək qərarına gəlib.


Dediyinə görə, həmin məhkəmə çəkişmələrinin bir xeylisi onunla bağlıdır, gah komitə onu məhkəməyə verib, gah da o, komitəni. Səbəb isə rəhbəri olduğu Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyinin qanunsuz yolla MMC-yə çevrilməsi və birliyə daxil olan 20-dən artıq müəssisənin onun əlindən alınmasıdır. Ə.Əfəndiyeva nəql edir ki, 1962-ci ildə məktəbi bitirdikdən sonra o vaxtkı Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Azkommunlayihə kontorunda korrektor kimi işləməyə başlayıb. Həmin il Xalq Təsərrüfatı İnstitutuna daxil olub. Təhsil almaqla bərabər nazirlikdə pillə-pillə vəzifəsi də artıb: iqtisadçı, böyük iqtisadçı, plan şöbəsinin rəisi, maliyyə və iqtisadiyyat şöbəsinin rəisi, maliyyə məsələləri üzrə rəis müavini və nəhayət 1999-cu ildən birliyin rəisi vəzifəsinə qədər yüksəlib. Nazirlik sonra komitə olub, ondan sonra komitə ləğv edilib, Tikinti və Arxitektura Komitəsinə verilib, bu komitə də ləğv olunub, Şəhərsalma Komitəsi yaranıb və s. Qurumda struktur dəyişikliyi olsa da onların hamısının tabeçiliyində fəaliyyət göstərib.

Sərəncama verilən təşkilatları "levıy" işlədiblər

Ə.Əfəndiyeva: "Mən rəis gələndə Əmlak Məsələləri Dövlət Komitəsinin "sayəsində" təşkilat yox səviyyəsindəydi. Birliyin balansında Azərbaycanın bütün rayonlarında yerləşən təmir-tikinti idarələri nəzdində trest də vardı. Birlik təmir-tikinti işləri, istehsalatla məşğuldu. Dəmir-beton məmulatları buraxır, şəhərləri asfaltlaşdırır, böyük tikintilər aparırdıq. Müəssisələrimiz tenderlərdə iştirak edirdi, bir sıra müəssisələrlə də öz aralarında müqavilələr bağlayırdılar. Son illərdə Bakının mərkəzi yerlərindəki hündürmərtəbəli binaların bəzilərini biz tikmişik. 2000-dən artıq işçimiz olub, kadr potensialımız da vardı, texniki-avadanlığımız da. Birliyi 2007-ci ildən sərəncama veriblər və bütün problemlər də ondan sonra yaranıb. Əmlak Məsələləri Dövlət Komitəsi birliyin müəssisələrinə "əl qoyandan" sonra idarələr kənarda qaldı, "levıy" işləməyə başladılar. Tabeliyimdə olan idarələrin müdirini kənara qoyub, yerinə mənim möhürümlə öz "adamlarını" "müdir" təyin ediblər. Mənə xəbər vermədən, hesabat almadan gedib idarələri özbaşına dövlətin balansından çıxarırdılar. Bir də görürdüm zəng edirlər ki, "möhürünü götür, bura gəl". Komitəyə gedirdim, qarşıma blanklar qoyub, "bunlara möhür vur, qol çək", deyirdilər. Bir neçə dəfə dediklərini elədim. Sonradan soruşdum ki, "niyə mənə boş blank verirsiz, göstərin görüm mənə nəyə qol çəkdirirsiz"? Boş blankı imzalamadım. Ondan sonra mənə qarşı sərtləşdilər. Görürdüm idarələrdən birinin müdiri gəlib deyir ki, "mənim əmək kitabçamı ver". Səbəbini soruşurdum, deyirdilər "idarəm özəlləşib". Necə özəlləşib, hansı sənədə, hansı balansa əsasən? Elə bilirdim Komitə sədri Kərəm Həsənovun bu olanlardan xəbəri yoxdur".

Müəssisədən imtina məktubu Əmlak Komitəsindən hazır gəlib

Rəis xanım bunları nəzərə alıb K.Kəsənova 2 aprel 2010-cu il tarixli məktub yazıb, əmək kollektivinin güzəştli pay almaq hüququnu komitə sədrinə xatırladıb, özünə qarşı qanunsuz hərəkətləri dayandırmağı xahiş edib. Şikayətçi deyir ki, komitədən onun yazdıqlarına cavab gəlmirmiş, müəssisələri isə bir-bir aradan çıxarıblar: "Təkidlə idarə müdirlərini işdən çıxarır, yerinə başqalarını təyin edirdilər. Sonralar heç mənə də demir, özləri müdir təyin edir, idarələri özəlləşdirirdilər. Bir gün idarə müdirlərindən Mahir Cabbarov yanıma gəldi ki, "Akif müəllim məni Əmlak Komitəsinə çağırdı, kağız verib həmin məzmunda məktub hazırlayaraq onlara təqdim etməyimi tapşırdı". Məktubun məzmunu belədir: "Balansınızda olan ümumi tikinti sahəsi 1 442,5 kv/m., torpaq sahəsi 11 366,1 kv/m təşkil edən əmlak kompleksi uzun müddət istifadəsiz qaldığından yararsız vəziyyətdədir. Həmin sahənin abadlaşdırılması üçün maliyyə vəsaitimiz olmadığından mövcud qanunvericiliyə uyğun balansınıza götürülərək özəlləşdirilməsini məqsədəuyğun hesab edirik. Xahiş edirik nəzərə alasız". Bu "forma"nı təqdim edən Komitənin işçisi Rüfət Kərimov telefonunu da qeyd edib. Deməli, məktub formasını bu adam hazırlayıb idarə müdirlərinə "instruksiya" verir. Yazılan məktub heç qeydiyyat şöbəsinə də gedib çatmır, deyirlər ki, "gətir, aşağıdan bu adama zəng edib ona ver". Bizim birlik böyükdür, idarələrin işçilərinin uşaqları güzəştli qiymətlərlə Şüvəlandakı düşərgəmizdə dincəlirdilər. Guya biz öz müəssisəmizdən imtina edirik. Əvvəla o adamın müəssisədən imtina etməyə ixtiyarı yoxdur. İkincisi də düşərgəm heç də istifadəsiz deyil, hazırda orada 30-dan artıq köçkün ailə məskunlaşıb. Biz ora bir xərc çəkmirik, ödəniş eləmirik. O adamın səlahiyyəti çatmadığı halda vadar ediblər ki, imtina barədə məktub yazsın. Məktubu məndən yox, mənim idarəmdən istəyirlər. Buna icazə vermədiyimi dedim. İşçim onlara cavab verib ki, "mən hüquqi şəxs deyiləm, balansdaşıyıcı tabeçiliyində olduğum Birlikdir". Çağırıb ona sənəd göstərib, deyiblər ki, "artıq birlik yoxdur, ondan alınıb, bu idarənin yiyəsi deyil, bura MMC-dir, onu tanımayın". Mənimlə əlaqə saxlamağa heç kimə imkan vermirlər. İşçim də həmin məzmunda məktubu yazıb ona verib".

20-dən artıq təşkilatı olan birlik 100 manat dəyərləndirilib

Məktubu alandan sonra "təhvil-təslim komissiyası" yaradıblar, guya birliyin işçiləri "komissiyanın" tərkibində iştirak edib. Ə.Əfəndiyeva deyir ki, özləri saxta protokollar yazıb, "əmrlər" veriblər. O isə komitəyə məktubla müraciət edib, bunun qanuni olmadığını bildirib, protokolu, təhvil-təslim komissiyasını ləğv edib, müdirə də töhmət verib. "Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası"na görə "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramının təsdiq edilməsi haqqında" Prezidentin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdən məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır.

Şikayətçi deyir ki, saxta əmr verib 21 müəssisəni tabeçiliklərinə keçirib, birliyi də MMC-yə çeviriblər: "Özü də hamısını müstəqil təşkilat kimi bir əmrlə tabeliyə veriblər. Bunlar hazırkı tarixə qalan təşkilatlardır, ondan əvvəl müəssisələrin sayı bundan çox idi. İndi bilmirəm, bəlkə onların da heç biri qalmayıb. Əslində özəlləşdirmə barədə sənəd təqdim etməlidirlər ki, dövlət müəssisəsi kimi onları strukturdan çıxardım, mən belə sənəd verəndən sonra özəlləşdirməlidirlər. Müəssisələrin möhürləri təhvil verilməlidir, amma möhürlər əllərdə gəzir. Mənim tikinti idarələrim qalıb, möhürüm, nizamnaməmlə işləyirlər, ancaq mən "yoxam". Əmrə baxın görün müəssisəni hansı qiymətə MMC-yə çeviriblər. "Bakı şəhər Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 247 ünvanda fəaliyyət göstərmiş Sənaye Müəssisəsi və Təmir-Tikinti Birliyinin adı və təşkilati-hüquqi forması dəyişdirilərək Sənaye Müəssisələri və Təmir-Tikinti MMC-yə çevrilsin və nizamnaməsi təsdiq edilsin. MMC-nin nizamnamə kapitalı 100 manat məbləğində müəyyən edilsin". Öz işçisi Səttarı buraya müdir "təyin" edib, o da 100 manat ödəyib, birlik MMC olub. 2010-cu ildə verilən bu əmrə görə guya birliyin heç nəyi yoxdur. Halbuki birlik tək deyil, idarələri ilə birlikdə xeyli əmlakı var. Onda bu boyda dövlət müəssisəsinin kapitalı hara getdi? Yerdə qalan əmlakı dağıdıblar".

Əmlakı ələ keçirib, sonra da mənimsənildiyindən şikayət ediblər

Ə.Əfəndiyeva deyir ki, ondan heç nə soruşmadan, sənəd tələb etmədən 2009-cu ilin dekabrın 6-da birliyi MMC ediblər: "Mənə gərək müraciət edəydilər ki, sən işdən çıxmısan, gəl təhvil-təslim elə. Birlik MMC-yə ancaq kollektivin iclas qərarı ilə çevrilə bilər. Qəbələ Təmir-Tikinti Sahəsi 2010-cu ilin yanvarın 18-də xəbərim olmadan Əmlak Məsələləri Dövlət Komitəsinin tabeçiliyində, hüquqi şəxs olmayan İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə (İXMİM) verilib, tikililəri də buldozerlə söküb-dağıdıblar. 2010-cu ildə də Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə məndən şikayət ediblər ki, guya dövlət əmlakını mənimsəyib, yararsız hala salmışam. Halbuki, həmin tikililəri özləri yerlə-yeksan ediblər. Mən rəhbəri olduğum birliyin tərkibindəki müəssisəni niyə dağıdım?! Məni idarəyə çağırdılar ki, sizdən şikayət var. Dedim "nə yaxşı, bəs mənim elədiyim şikayətlərə heç cavab verən yoxdur". Dedilər "hələlik sizinlə məşğuluq". Sənədləri təqdim etdim, tabeliyimdə olan idarələrin rəhbərlərini çağırıb izahatları alındı, yerli prokurorluq orqanları tərəfindən idarələr yoxlandı, mənə atılan şər təsdiqini tapmadı, bununla da iş bağlandı. Əsl səbəbkarlara "gözün üstə qaşın var" deyən olmadı. Onlar əmlakı oğurlayandan sonra idarənin ləğvi haqqında əmr vermişəm. başqa çarəm yoxdu, söküb, yerini də silib-süpürüblər. Sahəsi çox böyük idi, 3 hektara yaxındı, binası, köməkçi tikililəri, sexlər, maşınlar vardı. Maşınları həyətdən oğurlayıb hissələri satmışdılar. Rəhbəri olduğum hüquqi şəxsi götürüb öz sərəncamıyla İXMİM-in tərkibinə verib. Hazırda aparılan məhkəmələrdə hüquqi şəxs olmayan təşkilatın hüquqi şəxsə qarşı qaldırdığı işə baxılmamalıdır. Mənə yazdıqları məktubda göstərirlər ki, Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının 7.4. bəndinə əsasən MMC-yə çeviriblər. Sözügedən bənddə isə deyilir ki, "Dövlət Proqramı qüvvəyə minənədək fəaliyyət göstərən dövlət müəssisələrinin təşkilati-hüquqi formasının qanunvericiliyə uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təkliflər irəli sürülür".

"Ləğv olunan" təşkilatın möhürü ilə banklardan kredit çəkilir

İş qadını deyir ki, təkcə onun rəhbəri olduğu müəssisələri əlindən almayıblar, dövlətin büdcəsini də talayıblar. Ə.Əfəndiyeva: "İşçim Mahir Cabbarov ola-ola onun yerinə Hasil Məmmədovu götürüblər. O da Əmlak Komitəsinin yox, mən verdiyim möhürü əlinə alıb, onunla banklara məktub yazaraq kredit götürür. Sosial Müdafiə Nazirliyinə fəaliyyətə olmayan, guya idarədə "yıxılan"a pensiya düzəldir, məhkəmələrə məktub yazır. İdarənin Qaz 31 avtomobilini Hasil oğluna verib, Bərdədə "taksovatlıq" etdirir. Tabeliyimdə olan Mexanizasiya İdarəsinin balansında olan iki kranı "Həsənoğlu" şirkətinə kirayə verib, ayda 5 min manat alıb, dövlətə çatmalı olan pulu aralarında bölüb ciblərinə qoyurlar. Biz 6 ildir maaş almırıq. Zabratda olan idarəmin ocaqxanasını söküb çənlərini, ankeri satıblar. Çinar İstirahət Mərkəzimizdə mobil operatorun antennasını qurub, ordan aldıqları pulları da ciblərinə qoyurlar. Zərdab Təmir-Tikinti Sahəsini ASC-yə çevirib, idarənin müdirini işdən çxarıblar. Bundan qabaq torpaqlarını hissə-hissə satıblar. Bir hissəsini hamamın sahəsi kimi özəlləşdirib, bir hissəsini bir qadına verib, yerdə az sahə qalıb. Rayon müəssisələrinin ərazisi böyük idi, hamısını qanunsuz satıblar. Bütün idarələr bir şəkildə yoxa çıxarılıb, hazırda mübarizə əlimdə qalan 600 kvm.-lik tək əmlakın - zirzəmi ofisin üzərində gedir".

Ə.Əfəndiyeva çox çalışdıqdan sonra Kərəm Həsənovun qəbuluna düşə bilib: "Salamımı almadı, özümü təqdim etmək istədim, ağzımı açmağa qoymadı, dedi "lazım deyil, səni tanıyıram, özünü yaxşı aparmırsan, mən sənin üçün Şair Həsənov deyiləm, mən Kərəm Həsənovam, elə eləmə ki, MTN-i, DİN-i, Prokurorluğu sənin üstünə töküm, sonra başın ağrıyar". "Heç kimdən qorxmuram, kimi istəyirsiz, göndərin, kimin haqlı, kimin haqsız olduğu bilinər", dedim. "Qurtardıq, qurtardıq söhbəti", deyib danışmağıma imkan vermədi. Cəlilabadda da tabeliyimdə olan idarə vardı, deyilənə görə qohumunun adına rəsmiləşdirib. "Mən Cəlilabada rəis olaraq gələndə sən "zapçast" satırdın", deyib çıxdım. O görüşdə anladım ki, hər şeydən xəbərdarmış və hətta olanların başında da özü durur..."

(ardı növbəti sayda)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR