Qubada meşə “cəlladı” hələ də vəzifə başındadır

6-10-2016, 11:43 687 dəfə baxılıb

Qubada meşə “cəlladı” hələ də vəzifə başındadır


















Təqdim olunan çəklişlərə diqqət yetirdikdə müəyyən etmək olur ki, bu şəxslərin qol qoyduqları əməllər, sanki böyük bir cinayət hadisəsidir

Ətraf mühitin mühafizəsi, onun qorunmasının təşkili zaman-zaman tam əksəriyyəti düşündürən məsələlərdən biri hesab olunub. Odur ki, meşə zolaqlarının mühafizəsi ilə bərabər, müxtəlif ərazilərdə, o cümlədən dağ yamaclarında, düzənlik sahələrində, çay vadilərində əmələ gələn saysız-hesabsız problemlərin aradan qaldırılması, müəyyən erroziyanın qarşısının alınması, olduqca əhəmiyyət kəsb edən məsələlər olduğundan, onların həlli hər zaman aktuallıq kəsb edib. Elə bu səbəbdən də, hələ bir neçə il bundan əvvəl ölkə rəhbəri cənab İlham Əliyev belə məqamlara xüsusi diqqət göstərmiş və aidiyyətı qurumlara problemlərin həlli ilə bağlı müvafiq tapşırıqlarını da vermişdir.

Bu da bir həqiqətdir ki, meşə zolaqlarının varlığı hər zaman ictimai həyatımızın yaşadılmasında mühüm rol oynayıb. Xüsusilə də, meşə zolaqlarından istifadə etməklə müəyyən tələbatların ödənilməsi və digər təminatların həyata keçirilməsi, bütövlükdə bu sahəyə yönələn diqqətin artmasına səbəb olub. Hələ məhrum prezidentimiz Heydər Əliyev hakimiyyətdə olarkən "Bir ağacın kəsilməsi bir qolumun kəsilməsidir" demişdir.

Ümumiyyətlə, məhrum prezidentimiz hakimiyyət illərinin bütün dönəmlərində, meşə zolaqlarının qorunmasına, yaşadılmasına xüsusi diqqət yetirmiş və bu sahənin mühafizə olunması istiqamətində lazımi tapşırıqlarını da vermişdir. 2010-cu ilin möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən "Ekologiya ili" elan olunması, bir daha ətraf mühitə göstərilən diqqət və qayğının varlığını göstərdi.

Ətraf mühitə qarşı ölkə rəhbəri səviyyəsində belə bir münasibətin varlığına baxmayaraq, bu gün Qubanın meşə təsərrüfatına rəhbərlik edən Mustafa Əhmədovun xeyr-duası nəticəsində, rayonun müxtəlif ərazilərində, o cümlədən Zərdabi-Barlı kəndlərində Namiq adlı şəxsə, Vladimirovka kəndində Fətullah adlı şəxsə və Nüğədi kəndində Ağası və Aydın adlı şəxslərə məxsus sexlər fəaliyyət göstərməkdədir. Yəni, Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru bu gün həmin şəxslərlə işbirliyinə girərək, rayonun olub-qalan meşə zolaqlarını talan etməkdədir. Onu da vurğulayaq ki, həmin sexlərdə daha çox taxta yeşiklər hazırlanır və meşə zolaqlarına həddi-hüdudu bilinməyən zərbələr də vurulur. Bu haqda İnterTV.az xəbər portalı olaraq, xeyli məlumatlar və çəklişlər əldə etmişik. Təqdim olunan çəklişlərə diqqət yetirdikdə onu da müəyyən etmək olur ki, bu şəxslərin qol qoyduqları əməllər, sanki böyük bir cinayət hadisəsidir.

Əməkdaşlarımızın apardığı araşdırmalar zamanı belə bir məlumatlar da əldə etmişik ki, Mustafa müəllim Göygöl, Daşkəsən, Zaqatala və digər rayonlarda meşə təsərrüfatına rəhbərlik edən zaman oxşar addımlarını atmış və əksəriyyətə özünü “meşə cəlladı” adı ilə də tanıtmışdır. Belə bir səbəblər üzündən də, əksər media qurumlarında zaman-zaman onunla bağlı ciddi tənqidi məqalələr işıq üzü görmüş və qol qoyduğu cinayət əməlləri də ifşa olunmuşdur. Məsələn, bir müddət bundan əvvəl Azerinfo.az saytında “Bəy Mustafanın sərgüzəştləri”, “Quba meşələrinin bazar halı” başlıqlı tənqidi məqalələr də yer almışdı. Həmin məqalələrdə onun qol qoyduğu qanunsuzluqlarla bərabər, ayrı-ayrı şəxsləri aldatması, onları minbir oyun qaydalarına salması da açıqlanmışdı. Məsələn, Mustafa Əhmədov Zaqatalada meşə təsərrüfatına rəhbərlik edən zaman, rayonunun Muğanlı kənd sakini Tərlan İbrahimovun başına minbir oyunlar açır. Şikayətçi üz-üzə qaldığı olaylarla bağlı, hətta Azerinfo.az saytının əməkdaşına geniş müsahibə də verir.

Ümumiyyətlə, bu gün Quba rayonunun meşə zolaqlarında baş alıb gedən həngamələr “yaşıl soyqırım” harayından xəbər verir. Elə bu səbəbdəndir ki, adı çəkilən ünvanlardakı "yaşıl soyqırım" harayının səs-sorağı, nəinki Quba rayonu ərazisində, hətta ətraf şəhər və rayonlarda da eşidilir. Məsələn, rayondakı mənbəmizin İnterTV.az xəbər portalına çatdırdığı məlumatlarda bildirilir ki, bu gün sex sahiblərinin başlıca amalı, Quba meşələrini soyub-talamaq və bu yolla var-dövlət qazanmaqdır. Amma, onu da unutmaq olmaz ki, belə bir addımların atılmasında Mustafa Əhmədovun xeyd-duası olmasa, sex sahibləri hansısa “riskə” getməzlər. Belə bir səbəblərdən də, yerli sakinlər Mustafa bəyi, hətta meşə zolaqlarının qənimi hesab etməkdən də çəkinmirlər.

Elə ki, redaksiya əməkdaşlarımızdan bir kimsə “yaşıl soyqırım” harayı ilə bağlı meşə təsərrüfatının rəhbərliyinə sual ünvanlayıb cavab əldə etmək istəyir, o zaman “kor atı” minib köndələn çapan Mustafa bəy, əməkdaşımızı təhqir etməkdən belə çəkinmir. Bu zaman bəzi məqamlar aşkara çıxır və meşə təsərrüfatı rəhbərinin hansı səbəbdən əndazəni aşması bəlli olur. Sən demə Mustafa Əhmədovun illər uzunu qanunsuzluğa söykənən yollarla topladığı var-dövlət, onu o qədər harınladıb ki, artıq gözləri ayaqlarının altını belə görmür. Bütün bunlardan sonra, Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi rəhbərinin atdığı addımlar, hər kəs də belə bir fikrin formalaşmasına da səbəb olur ki, deyəsən o, ölkə rəhbəri səviyyəsində verilmiş tapşırıqları belə vecinə almır. Görəsən o, bu cür qanunsuzluğa söykənən əməllərini, bundan sonra da davam etdirəcəkmi? Bəlkə Ekologiya və Təbii Sərvətlər naziri cənab Hüseyn Bağırovla bərabər, digər vəzifə sahibləri də, Qubanın meşə zolaqlarında yaşanan durumdan, düşünülmüş şəkildə həyata keçirilən “yaşıl soyqırım” harayından xəbərdar deyillər? Belə bir informasiyalardan sonra inanırıq ki, cənab Hüseyn Bağırov “Bağırovsayağı” addımlarını atıb, meşə təsərrüfatının rəhbərinə lazım olduğu “qiyməti” verəcək.

Amma, rayondakı mənbəmiz bəzi məqamlara toxunaraq onu da vurğulayır ki, Mustafa Əhmədov ayrı-ayrı ünvanlarda açıq-aşkar danışır ki, “mənim nazirlikdə və yüksək kürsülərdə elə arxa-dayağım var ki, bir kimsə mənə nə söz deməyi bacarar, nə də ki, qaşın üstə qara” deyə bilər.

Hörmətli oxucular! Bizim bu yöndə araşdırmamız davam edəcək və cənab Mustafa bəyin qol qoyduğu digər rüsvayçı əməlləri haqda da, ətraflı açıqlamalarımızı növbəti saylarımızda oxuya biləcəksiniz.

Odur ki, bizi izləməyi unutmayın!


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR