"Azərsun" dan iqtisadi sabotaj - Azerçay"ı 88 faiz bahalaşdırıb - ŞOK FAKTLAR

19-01-2016, 14:44 709 dəfə baxılıb

"Azərsun" dan iqtisadi sabotaj - Azerçay"ı 88 faiz bahalaşdırıb - ŞOK FAKTLAR

















Son günlər cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də "Azərsun” Holdinqin qiymətləri artırması ilə bağlıdır. Millət vəkili Zahid Oruc qiymət artımında "Azərsun Holdinq”i ittiham edib

Daxili istehsalı məhv edərək, Azərbaycanda böhran baş verməsinin əsas səbəbkarlarından biri olduğunu qeyd edib. Şirkət də öz növbəsində deputata cavab verərək onu qərəzdə və şirkətə iftira atmaqda və dağıdıcı mövqe nümayiş etdirməkdə ittiham edib.

Maraqlıdır ki, "Azərsun” qiymət artımını xammalı xaricdən alması ilə izah edir. "Azərsun”un istehsal etdiyi məhsullardan biri "Azerçay”dır. "Azərsun” Holdinqin "Doğma çay” şüarı ilə reklam etdiyi, "Azərbaycanı dünyada təmsil edən brend” adlandırılan çay. Şirkətin rəsmi saytında bildirilir ki, "Azerçay” 1996-cı ildən etibarən ” Azersun Holding”in nəzdində fəaliyyət göstərən "Sun-Tea” fabrikində istehsal olunur. Bu çay, Azərbaycanın Lənkəran və Astara bölgələrində yetişən çay bağçalarından toplanmış yüksək keyfiyyətli çayların qarışığıdır. Çay təbii berqamotla xüsusi qaydada ətirlənmişdir. Çayın dadı yumşaq, zərif xoş ətirli, rəngi parlaq, tünd qırmızı rənglidir.

”Azerçay”ın satışı nəinki respublikada reallaşdırılır, o cümlədən bir sıra MDB dövlətlərinə (Rusiya, Qazaxıstan, Gürcüstan və s.) də ixrac edilir.

Bazarda müxtəlif markalı çaylar mövcuddur ki, onların içərisində doğma Azərbaycan çayının yerini ”Azerçay” dan başqa heç bir çay vermir. Azərbaycan çayının təbiiliyini və təravətini özündə əks etdirən ”Azerçay” müvafiq istehlakçı qrupunun tələbatına tam uyğundur. Buna görə də "Azerçay" markasının hədəf kütləsi əsasən ənənəvi Azərbaycan çayını istehlak etmək istəyən, həmçinin bu çayı heç bir marka ilə əvəz etmək istəməyən doğma və yerli çaya bağlı insanlardır.

Bütün bu məlumatlar "Azərsun"un rəsmi saytından götürülüb. Yəni, "Azərçay”ın tamamilə yerli istehsal olduğu istehsalçının özü tərəfindən elan edilir. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan SSRİ dövründə sovet respublikalarını çay ilə təmin edirdi. Belə ki, Azərbaycanda 1970-1980-ci illərdə 36 min hektar sahədə çay əkilib becərilib və 34 min tondan çox çay istehsal edilib. Həmin vaxt 15 zavod tikilib istifadəyə verilib. Azərbaycanda yerli çayın istehsalı 1980-ci illərin ortalarında maksimuma çatıb. Həmin vaxt bu göstərici 8,6 min ton, çay kolluqları sahələri isə 13,4 min hektar olub. 300 milyon əhalisi olan SSRİ-nin çaya tələbatının 8-10 faizi Azərbaycan çayı hesabına ödənilib. O dövrdə Azərbaycanın cənub bölgəsində çay emalı ilə məşğul olan 10-dan çox fabrik var idi. Eyni zamanda Bakıda və Lənkəranda çayı qablaşdıran iki nəhəng fabrik fəaliyyət göstərir, bu müəssisələrdə minlərlə işçi çalışırdı.

Bu yerdə Zahid Orucun "Daxili istehsalı hər cür vasitələrlə vurub bazardan çıxardan "Azersun” şirkəti çox böyük minnətlə xalqa elan edir ki, bizim gətirdiyimiz məhsulların maya dəyərində, onun xammalında dolların yeni kursu oturub” sözləri yada düşür. Çünki çayçılıq Azərbaycanın kənd təsərrüfatında çəkisini itirib. Sovet dövrü ilə müqayisədə çay plantasiyaları 20 dəfəyədək azalaraq, təxminən 2000 hektara qədər aşağı düşüb. Azərbaycanda hər il 10 min tondan artıq çay içilir. Bunun cəmi 5 faizi ölkədə istehsal olunur.

Qısacası, çay sahəsində monopolist şirkətlər daxildə bu sahəni inkişaf etdirmək əvəzinə ucuz və keyfiyyətsiz, ancaq bolgəlirli biznesə üstünlük veriblər. Məsələn, iqtisadçı Natiq Cəfərli Azərbaycanda çayla bağlı formalaşmış yanlış təsəvvürü belə izah edir: "Belə bir uydurma rəy yaradılıb ki, guya ölkə özünü ərzaq məhsulları ilə 60-70% təmin edir və bu üzdən dolların qalxması ərzaq məhsullarını bahalaşdırmayacaq… Halbuki yerli istehsal adı ilə mağazalarda satılan məhsulların böyük əksəriyyətinin xammalı xaricdən gətirilir. Marketlərdə ən çox yerli mal kimi satılan məhsullardan biri çaydır. Ölkədə bu qədər çay bitmir və həmin məhsul xaricdən alınır. Yəni 4-cü növ ucuz və az keyfiyyətli çay xaricdən ölkəyə gətirilir, burada qablaşdırılır. Hətta qablaşdırmada istifadə edilən yapışqan da xaricdən gətirilir. Çay dollarla alınır, indi dollar qalxdı, çay niyə qalxmamalıdır? Sırf burada qablaşdırıldığı üçünmü?!"

Ancaq iqtisadçının sözlərinin "Azərçay”a dəxli olmamalıdır. Çünki şirkət rəsmən bəyan edir ki, "Azərçay” Azərbaycanın Lənkəran və Astara bölgələrində yetişən çay bağçalarından toplanmış yüksək keyfiyyətli çayların qarışığıdır. Yəni, yuxarıda vurğuladığımız üçün yerli istehsaldır.

Yerli istehsal ilə bağlı Azərbaycan Prezidenti son müşavirədə nə demişdi: "Azərbaycanda istehsal edilən ərzaq məhsullarında qiymət artımı mümkün deyil, olmamalıdır. Mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar manatın məzənnəsi məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalı, çox ciddi cəza tədbirləri görülməlidir. Biz sadəcə, cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları bu məsələ ilə çox ciddi məşğul olsunlar, bu vəziyyətdən öz şəxsi maraqlarını təmin etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Bu, mətbuatda işıqlandırılmalıdır”.

İndi isə gələk əsas məsələyə. Birinci devalvasiyadan öncə 100 qram "Azərçay” 80 qəpiyə idi. Bu gün isə həmin çayı ən yaxşı halda 1 manat 50 qəpiyə almaq olur. Bəzi dükanlarda isə qiymət 1.60 manatdır. Hər halda "Azərçay”da hesab işindən başı çıxanlar var və aradakı faizi hesablaya bilərlər. Yəni, yerli istehsal məhsulunun qiyməti ən yaxşı halda 88, pis halda isə 100 faiz artıb.

Nəzərə alsaq ki, bu bazarda əsas iki monopolistdən biri "Azərsun”dur və Azərbaycanda ildə 10 min tondan çox çay içilir, buradan gələn gəliri siz hesablayın.

Təbii ki, xaricdən gətirilən malların bahalaşmasını başa düşmək olar. Fəqət yerli məhsul niyə 88 faiz baha satılmalıdır? Biz hələ qiymətləri od tutub yanan "Bazarstore”un digər mallarından heç bəhs etmirik. Çünki onların da əksəriyyətinin yerli məhsul olduğunu "Azərsun” Holdinqin saytından öyrənirik... (yenicag.az)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR