“Heç kimi məcbur etmirlər ki, filan kəslə yat, 2 ilə ev al”

5-07-2019, 13:01 283 dəfə baxılıb

“Heç kimi məcbur etmirlər ki, filan kəslə yat, 2 ilə ev al”

Türkiyə vətəndaşı Murat Təmiz ilə ailə qurduqdan sonra qardaş ölkəyə köçən aktrisa Cəmilə Tağızadə “Yeni Müsavat” qəzetinin reaksiyasında qonaq olub. Onunla şou-biznes və kino sahəsinin durumundan, gündəmdəki mövzulardan, ailə həyatından danışdıq.

- Uzun müddətdir ki, ölkədən uzaqdasınız. Geri dönəndə nələrin dəyişdiyini gördünüz?

- Yeni serial və filmlər çəkilir. Peşəkar aktyorlarla yanaşı, qeyri-peşəkarlar da artıb. Qeyri-peşəkarlar daha çox mənəm-mənəm deyir. Mənəm-mənəm deməklə yanaşı işləmək də lazımdır. Amma peşəkar, istedadlı gənclərimiz də çoxdur. Bu sevindirici haldır. Dünya praktikasında görünüşü, istedadı olan şəxsləri kino sahəsinə cəlb etmək var. Amma bir şərtlə ki, onlar üzərilərində çalışsınlar, sənətin incəliklərini öyrənsinlər. Bizdə isə işləmirlər, hazır aktyor olmaq istəyirlər. Mən İncəsənət Universitetini bitirmişəm. 10 ildir ki, film və seriallarda çəkilirəm. Son iki ildə ailə qurduğum üçün uzaqlaşmışam, amma yenə də kinolar izləyirəm, sənətimə aid nələrisə öyrənirəm. Daim öyrənmək lazımdır.

- Tanınmağa başlayan ərəfədə sənəti atıb, ailə qurdunuz. Hər sənət adamı bunu etməzdi. Peşman olmadınız?

- Sıfırdan başlamışdım. Təcrübə qazana-qazana yüksəldim. Karyeramın ən yaxşı vaxtında getdim. Bu məni bir az üzdü. Amma əsas odur, ailəm oldu. Çox gözəl ailəm var, xoşbəxtəm. Düzdür, yoldaşımdan asılı olmayaraq problemlər yaşadıq. Onun keçmiş xanımı həyat yoldaşımla şəkil paylaşdığım üçün məni də məhkəməyə verdi. Məhkəmə prosesi davam edir. Ona başa sala bilmirəm ki, sizin aranızda olanlar mənə maraqlı deyil. Onlar 5 il öncə ayrılıblar. Qadın o zaman hamilə olub. Mən həyat yoldaşımı 2 ildir ki, tanıyıram. Ondan əvvəl Murat tanımırdım. Onları mən ayırmamışam ki, mənimlə də mübarizə aparır.



- Həyat yoldaşınızın ilk evliliyindən olan övladı ilə foto da paylaşmışdınız. Münasibətiniz necədir?

- Çox ağıllı, gözəl uşaqdır. Mənə “Cəmilə abla” deyir. Onun günahı yoxdur. Düzdür, onun anasını əvəz edə bilmərəm. Amma ona ana kimi qayğı göstərirəm. İnşallah böyüyüb o da mənə qız olar. Onu çox sevirəm. Valideynlər arasında olanları uşaqlara hiss etdirmək lazım deyil. Gələcəkdə imkanım yaxşı olsa, övladlığa da uşaq götürərəm.

- Sənətinizi davam etdirmək fikriniz varmı?

- Əlbəttə, var. Yoldaşımla öncədən razılaşmışıq ki, aktrisa kimi fəaliyyətimi davam etdirəcəyəm. Nə isə təklif olanda isə Murat çox narahat olur, araşdırır. Türkiyədə agentliklərlə maraqlanmışıq. Hamısı deyir ki, Türkiyə türkcəsini mükəmməl bilməlisən. Mən də öyrənməyə başlamışdım, Türkiyəyə qayıdanda da türkcəmi təkmilləşdirəcəyəm. Murat Bakıda filmlərə çəkilməyə icazə verir. Seriallara isə qoymaz, çünki aylarla burada qala bilmərəm. Türkiyədə teatrda işə düzələ bilərəm. Ona da yoldaşım icazə vermir ki, bölgələrə səfərlərə gedirlər. Yəqin ki, uşaqlarım olandan sonra qısqanclığı azalar.


- Rejissor Kənan M. M açıqladı ki, onun sənətinə dəyər verilmədiyi üçün artıq peşəsini dəyişib, taksi sürücülüyünə başlayıb.

- Tək Kənan deyil, bir çox sənət adamı sənətdən küsüb. Onlar gözlədikləri qayğını, hörməti görmədikləri üçün özlərinə başqa peşə seçiblər. Onlara diqqət ayrılmasını istəyirəm.



- Kənan Türkiyədə “Savaşçı” serialında çəkilir, orada ona qarşı sevgi var, burda isə işləri tənqid olunur. Bundan başqa Azərbaycanda ara müğənnisi adlandırılan Talıb Tale və Üzeyir Mehdizadə Türkiyədə, Özbəkistanda sevilir. Hətta, bəzi Türkiyə dinləyicisi Talıb Taleyi “Azərbaycanın Tarkanı” da adlandırır.

- Orada Röyanı sevirlər. İctimai yerlərdə Röyanın, Üzeyirin mahnılarına rast gəlmək mümkündür. Aysel Əlizadənin “Yandırdın qəlbimi” mahnısı çox bəyənilir. Bizim ailəmiz də Üzeyiri dinləyir. Yol edəndə yoldaşım deyir ki, Üzeyirin mahnısı qoy. Mən dinləməsəm də, onun seçiminə hörmət edirəm. Burada zövq məsələsi var. Mən ailəmə klassiklərimizi, Zeynəb Xanlarovanı, Aygün Kazımovanı dinlədirəm. Onların təbliğatını aparıram.

- İnsanlarda məşhurlara qarşı aqressiya var. Sizcə, bunun günahı sənət adamlarının özünü aparmağındadır, yoxsa tamaşaçılar çox aqressivdir?

- İnsanların o qədər problemləri var ki, aqressivləşiblər. İnsanlar bütün sənət adamlarına qarşı əsəbidirlər. Nə etsən də, insanlar sənə qarşı aqressiv olacaq. 6 kasıba ev versən, 10 ailəni dolandırsan, yenə də insanlar narazı qalacaq. Deyəcəklər ki, pulu haradan alıb? Borcudur, etməlidir. Amma heç kim heç kimə borclu deyil. Mənim əvvəl başım işə qarışırdı, sosial şəbəkələrə baxmırdım. İndi izləyib, fikir bildirirəm. Bəzən insanların aqressivliyini anlayıram. Məni də narahat edən məqamlar var.

- Meyxanaçı Aqşin Fateh dedi ki, imkanlı məşhur xanımlar pozğundur. Məşhur xanımlardan isə heç kim ona cavab vermədi.

- Bizim insanlar çox komplekslidir. Əsasən də xanımlar, özlərini çox əzdirir. Demirəm ki, efirdə çıxıb sevgililərindən, maşın və evlərindən danışsınlar. İstəməzdim, sənət adamlarının adları belə işlərdə hallansın. Sənətçi xanımlar cavab verməli idi. Çünki hər kəs sevgili, sponsor hesabına ev, maşın almayıb. Kiməsə ailəsindən, kiməsə qohumlarından qalıb. Kiminsə biznesi var. Hamısı əxlaqsızlıqla qazanmayıb. Amma əxlaqsızlıq edənlər də çoxdur. Bizdə menecerlər, prodüserlər, şirkətlər yoxdur ki, müğənniyə, sənət adamına təmənnasız pul qoyub, onu tanıtsın və sonda hər iki tərəf qazansın. Bəlkə də, belə olsaydı, çox xanımımız istəmədiyi münasibəti yaşamazdı. Puldan ötrü kiminsə yatağına girmək iyrənclikdir. Düzdür, heç kimi kiminləsə intim münasibətə girməyə məcbur etmirlər. Bir evi 2 ilə deyil, 10 ilə tik, amma təmiz adın olsun. 10 ildir ki, sənətdəyəm, mənim niyə villam yoxdur? Çünki öz adımı, namusumu qorumuşam. İndi də Allaha şükür həyat yoldaşımın evi, avtomobili var.

- Əməkdar artistlər Sənubər İsgəndərli ilə Vəfa Zeynalovaya ev hədiyyə edilməsi bəzi sənət adamları tərəfindən birmənalı qarşılanmadı. Hətta aktrisa Hüsniyyə Mürvətova kinayəli status yazmışdı.

- Hüsniyyə mükəmməl aktrisadır, maddi imkanı da bəllidir. Onun evə ehtiyacı var. O siyahını kimin tərtib etdiyini bilmirəm, kaş, ehtiyacı olanlara ev verilərdi. Prezidentimiz izləmir ki, hansı sənət adamının nəyi var. Ehtiyacı olanlar ev alanda hamı sevinir. Hamı eyni səviyyədə yaşasaydı və Vəfa ilə Sənubər xanım ev alsaydı, heç kim narazı qalmazdı. Çünki onların evə ehtiyacı olmadığını bilirik.

- Son müzakirə olunan mövzulardan biri də “Qaloş piri” idi. Cəmilə pirlərə, falçılara inanırmı?

- Yalan deyə bilmərəm, falçı yanına getmişəm. Dedikləri də çıxmayıb. Falçılar çox gözəl psixoloqdur. 10 manat verib iki saat danışırsan. Psixoloq isə 50 manat istəyir, vaxt bitən kimi evə göndərir. Falçının isə saatlarla başını xarab edirsən. Ona görə falçılara gedənlər çoxdur. Mənim inancım yoxdur. Əvvəllər ailəmlə pirlərə gedirdim. Türkiyədə din geniş çox yayılıb. Ailəmiz dindar ailə olduğu üçün daim evimiz dualı olur. Mən deistəm. Allaha inanıram, dinləri isə qəbul edə bilmirəm. İnsanların seçimlərinə daim hörmətlə yanaşıram. Amma Allah birdir. Hər dildə olan duanı eşidir. Məkanın fərqi yoxdur. Mənə evimdə dua etmək bəsdir. Mənim atam da ateist olub. Mamam gəlib pirlərdən, göz-nəzərdən danışanda əsəbləşirdi. Deyirdi ki, evimdə elə şeylərdən danışmayın, gedib kitab oxuyun.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR