"21-ci əsrdir, seçkiləri 20-ci əsrdə "selsovet" seçkiləri kimi keçirmək olmaz"

15-02-2020, 18:38 32 dəfə baxılıb

"21-ci əsrdir, seçkiləri 20-ci əsrdə "selsovet" seçkiləri kimi keçirmək olmaz"


"Seçkidə iştirak olmasaydı, bu gün cəmiyyətdə hökumətin seçki institutu ilə məzələnməsinə belə kəskin, sərt reaksiya olmazdı"

"Bu gün bir daha əminliklə deyə bilərəm ki, siyasi təşkilatların, müstəqil namizədlərin seçkiyə getməklə bağlı verdikləri qərar ən doğru, ən düzgün qərar idi. Ölkə üzrə 200-ə yaxın müxalif, əsl müstəqil namizədlərin, onların, təqribən, 5-6 minə yaxın müşahidəçilərinin, fədakar jurnalistlərin seçki prosesinə qoşulması 9 fevralda bir çox rəzalətli, pozuntuların üzə çıxmasında həlledici rol oynadı". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərliyə məxsusdur.

Onun sözlərinə görə, seçkidə iştirak olmasaydı, bu gün cəmiyyətdə hökumətin seçki institutu ilə məzələnməsinə belə kəskin, sərt reaksiya olmazdı: "Bir daha, iştirak ən doğru qərar idi. Bu seçkilərdə son illər səsləndirdiyimiz 2 tezis də özünü tam doğrultdu. 1) Yeni nəsl - illərdi deyirik ki, ölkədə yeni nəsl artıq yetişib, bu nəsl müstəqillik dövründə formalaşıb, tam fərqli düşüncə tərzi olan, savadlı, ruhən azad, heç bir süni avtoriteti qəbul etməyən gözəl insanlardır - bu seçki sürəci məhz onların üzə çıxması və siyasi prosesə toxunması ilə yadda qaldı. Və işin ən gözəl tərəfi odur ki, onlarda heç bir xəyal qırıqlığı yaranmayıb - tam tərsi, daha böyük əzm formalaşıb, 2) Bu seçkilər illərdir dediyimiz bir məsələni də sübut etdi - ölkədə ən aktiv kəsm orta sinif, kiçik-orta sahibkarlar, kiçik məmurlardır. Onlar plakatları öz obyektinə vurmaqdan çəkinmədilər, maddi-mənəvi dəstək göstərdilər, seçkilərə də, əsasən onlar gəldi. Yəni, özü gələnlər onlar idi, gətirilənlər daha az təminatlı və büdcədən asılı kəsm idi - bir daha sübut olundu ki, rifah halı yüksəkdikcə ölkədə demokratik dəyişiklik üçün zəmin daha güclü və dayanıqlı olacaq".

REAL-ın icra katibinin fikrincə, hökumət bir məsələni də anlamalıdır ki, 21-ci əsrdir, hər kəsin əlində smatfon, internetə çıxış imkanı varsa, ölkədə seçkiləri 20-ci əsrdə "selsovet" seçkiləri kimi keçirmək olmaz: "Bu, mümkün deyil! Ya gərək hamımızın əlindən smartfonları, planşetləri alıb ölkədə interneti də lap girişdən söndürəsiz, ya da ölkənin, cəmiyyətin dəyişdiyini anlayıb siz də dəyişəsiz. Başqa yol, sadəcə, yoxdur".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR