Neftin qiyməti dəyişərsə: Hansı xərclərə təsir göstərəcək? - TƏHLİL

23-10-2019, 10:32 293 dəfə baxılıb

Neftin qiyməti dəyişərsə: Hansı xərclərə təsir göstərəcək? - TƏHLİL

2020-ci il üçün icmal büdcə gəlirlərinin hesablanması zamanı 55 ABŞ dolları səviyyəsində nəzərdə tutulan neftin bir barelinin satış qiyməti 40 ABŞ dollarına enərsə, icmal büdcə gəlirləri proqnoz göstərici ilə müqayisədə 16,6 faiz azala bilər.

Bu, Maliyyə Nazirliyinin 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin Təqdimatında qeyd olunub.

Bildirilir ki, 2020-ci il və ortamüddətli dövrdə dövlət maliyyəsi bir sıra daxili və xarici amillərə bağlı fiskal risklərlə qarşılaşa bilər ki, bu risklərin sırasına da əsasən neftin qiyməti, ticarət tərəfdaşlarında iqtisadi aktivliyin azalması, bank-maliyyə sistemindəki çağırışlar, iri dövlət müəssisələrinin maliyyə vəziyyəti və borc öhdəlikləri kimi məsələləri daxil etmək olar. Beynəlxalq əmtəə bazarlarında enerji daşıyıcıları, o cümlədən neftin qiymətlərinin dəyişkənliyi ortamüddətli dövrdə dövlət və icmal büdcələrinin gəlirlərinə təsir edəcək əsas amillərdəndir. Qeyd etmək lazımdır ki, icmal büdcə gəlirlərinin 52,7 faizi neft gəlirləri hesabına formalaşdığına görə neft qiymətlərindəki mümkün azalma icmal büdcə gəlirlərinin azalmasına və icmal büdcə kəsirinin artmasına təsir edəcəkdir.

2020-ci il üçün icmal büdcə gəlirlərinin hesablanması zamanı 55 ABŞ dolları səviyyəsində nəzərdə tutulan neftin bir barelinin satış qiyməti 40 ABŞ dollarına enərsə, icmal büdcə gəlirləri proqnoz göstərici ilə müqayisədə 16,6 faiz azala bilər. Bununla yanaşı, 2020-ci ildə neftin qiymətlərindəki mümkün azalmanın dövlət büdcəsinə əhəmiyyətli təsiri gözlənilmir. Belə ki, dövlət büdcəsinin neft gəlirlərinin əsas hissəsini Dövlət Neft Fondundan transfert təşkil edir ki, bu məbləğ də büdcə tərtibi zamanı xarici valyutada deyil, manat ifadəsində müəyyən olunub. Büdcə gəlirlərinin hesablanması zamanı 55 ABŞ dolları səviyyəsində nəzərdə tutulan neftin bir barelinin satış qiyməti 40 ABŞ dollarına enərsə, dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə cəmi 1,6 faiz azala bilər ki, bu azalmanın da 1,3 faizi birbaşa neft-qaz sektorundan olan gəlirlərin azalması, 0,3 faizi isə neftin qiymətindəki azalmanın dolayı yolla qeyri neft-qaz sektoruna təsirləri nəticəsində ola bilər. Neftin qiymətlərinin enişi ortamüddətli dövrdə də davam edərsə, bunun dövlət büdcəsinin gəlirlərinə mənfi təsiri daha əhəmiyyətli ola bilər. Belə ki, büdcə qaydasına əsasən, xərclənə bilən neft gəlirlərinin yuxarı həddi (habelə, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi), ölkənin xalis maliyyə aktivləri və icmal büdcənin proqnozlaşdırılan neft gəlirləri əsasında müəyyən olunur ki, ortamüddətli dövrdə icmal büdcənin neftin gəlirlərinin azalması Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləğini azaltmaqla, dövlət büdcəsinin neftin gəlirlərinə təsir edə bilər. Regionda geosiyasi gərginliklərin artması, bir sıra əsas ticarət tərəfdaşlarına sanksiyaların tətbiqi büdcə gəlirlərinə təsir edə biləcək risklərdəndir. Belə ki, əsas ticarət tərəfdaşı ölkələrin iqtisadiyyatlarında aktivliyin azalması ölkənin qeyri-neft sektorunun inkişafına, o cümlədən qeyri-neft ixracına mənfi təsir göstərməklə bu sahədən olan büdcə daxilolmalarının azalmasına gətirib çıxara bilər.

Maraqlıdır, 16.6 azalma hansı ödənişlərə təsir edə bilər?

İqtisadçı-ekspert Natiq Cəfəri “Cümhuriyət” qəzetinə bildirib ki, neftin büdcə qiymətinin 55 dollardan götürülməsində müəyyən risklər var:

“Doğrudur, daha konservativə yaxın yanaşmadır. 2018-ci il neftin büdcə qiyməti 60 dollardan götürülmüşdü. Neftin hazırkı qiymətlərinin tərkibinə və formalaşma qaydalarına baxanda iqtisadi faktorların kifayət qədər az olduğunu görmək olar. Əgər yalnız iqtisadi faktorlar rol oynasaydı, neft bəlkə də 40 dollara qədər ucuzlaşardı. Hazırda geosiyasi faktorlar, hərbi və beynəlxalq münasibətlərdəki gərginliklər fonunda neftin qiyməti 58 dollar civarındadır. Liviyada hasilat həcmləri kəskin azalıb, İranın neft satışına qadağalar qoyulub, gələcəkdə bu məhdudiyyətlərin aradan qalxması istiqamətində danışıqlar gedir. Bundan əlavə, Səudiyyə Ərəbistanına Yəmən tərəfindən olunan hərbi hücumlar, eləcə də Venesuela və digər ölkələr ətrafında gedən proseslər neftin qiymətini yuxarı səviyyələrdə saxlamağa şərait yaradır. Əslində, neftin qiymətinin daha aşağı olması ehtimalı çox yüksəkdir”.

İqtisadçı qeyd edib ki, Azərbaycanda ixracatın 88 faizi tamamilə xam neftdən ibarətdir:

“Neft məhsulları və mavi yanacağı da hesablasaq ixracatın təqribən 92 faizi enerji daşıyıcılarından asılıdırsa, təbii ki, neftin qiymətinin azalması çox ciddi fəsadlar gətirəcək. Söhbət tək büdcə parametrlərinin azalmasından getmir. Əgər neftin qiyməti 40 dollara düşsə, tədiyyə balansında mənfi saldo müşahidə olunacaq, yəni idxal ixracatı üstələyəcək. Bu da manatın məzənnəsində növbəti ucuzlaşma dalğasını qaçılmaz edir. Buna görə də neftin qiymətlərini müzakirə edərkən tək büdcə gəlirlərinin nəzərə alınması doğru yanaşma deyil. Maliyyə Nazirliyi sanki özünə aid olan hissəni analiz edib açıqlayıb. Çox təəssüf ki, ümumilikdə iqtisadiyyata təsirləri haqqında ciddi yanaşma görmədim. Çünki makroiqtisadi yanaşma olsaydı, bu, manatın məzənnəsinə də, tədiyyə balansına da, ticarət dövriyyəsinə təsirləri haqqında da nazirlik öz proqnozunu açıqlamalı idi. Görünən odur ki, nazirlik digər sahələrə toxunmayıb”.

Natiq Cəfərlinin sözlərinə görə, gələn ilin büdcəsində 16.6 faizlik azalma təqribən 4 milyarddan yuxarı azalmadır:

“Bu, az məbləğ deyil. Nəzərə almaq lazımdır ki, gələn ilin büdcəsində təqaüdlərin və minimum əməkhaqqının artımı proqnozlaşdırılır. Büdcə gəlirləri artmalıdır ki, bu hədəflərə çatmaq mümkün olsun. Maliyyə Nazirliyinin yaydığı büdcə Təqdimatının öz tərəfindən qiymətləndirməsini anlayıram, amma doğru saymıram. Ümumi makroiqtisadi göstəricilərə nəzər salsaq neftin qiyməti 40 dollara düşsə, manatın dəyərdən düşməsi prosesini izləyəcəyik. Həmçinin iqtisadi artım tempinin azalması müşahidə ediləcək”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR