Neft ucuzlaşır: NƏ ETMƏLİ? - TƏHLİL

26-11-2018, 10:34 504 dəfə baxılıb

Neft ucuzlaşır: NƏ ETMƏLİ? - TƏHLİL


Neftin büdcədə baza qiyməti 40 dollardan hesablanmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, ekspert Qubad İbadoğlu deyib. O bildirib ki, dünya bazarında "Brent" markalı neftin 1 barrelinin qiyməti ilin əvvəli ilə müqayisədə 20 faiz ucuzlaşıb:

“Neftin qiymətinin ucuzlaşmasının başlıca səbəblərindən biri bazarda təklifin artmasıdır. Belə ki, hazırda gündəlik hasilat ABŞ-da 11,7 milyon barrel, Rusiyada 11,2 milyon barrel, Səudiyyə Ərəbistanında 10,7 milyon barrel təşkil edir. Rusiya may ayı ilə müqayisədə gündəlik hasilatını 480 min barrel artırıb, 2019-cu ildə bu ölkədə gündəlik neft hasilatının 11,5 milyon barrel olacağı gözlənilir. Son 1 ayda Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 226 min barrel artırıb. ABŞ-da gündəlik hasilat daha çox artırıldığına görə bu ölkə Rusiyanı qabaqlayaraq dünya birinciliyinə nail olub. Bunun müqabilində İranda neft hasilatı 8,6 faiz azalaraq gündə 3,3 milyon barrelə, Venesuelada isə 5.5 faiz azalaraq 1,2 milyon barrelə düşüb. Hər iki ölkədə birlikdə azalma 382 min barrel təşkil edir. Venesuela gələn ilin 1-ci rübündə gündəlik neft hasilatını 1 milyon barrel artırmağı planlaşdırır. Hazırda Azərbaycanda gündəlik neft hasilatı isə 800 min barreldir".

İqtisadçı qeyd edib ki, oktyabrın 1-ə olan məlumata görə, dünya bazarında neftə olan gündəlik tələb 99.8, təklif isə 100.74 milyon barrel olub:

"Bununla yanaşı, ABŞ-Çin ticarət müharibəsi, Çində iqtisadi artım tempinin zəifləməsi neftə olan tələbatı aşağı salıb. Odur ki, dekabrın əvvəllərində OPEK+ növbəti toplantısını keçirib, hasilatın azalmasına qərar verməyi planlaşdırır. Lakin bu qərarın verilməsi o qədər də asan olmayacaq, ən azı Səudiyyə Ərəbistanı hasilatın artırılmasında israrlıdır, bu ilin sonunda Rusiya daha 3 neft yatağında hasilata başlayır, ABŞ-da hasilatın məhsuldarlığı artır, eləcə də İrana olan yumşaq sanksiya neft ixracatına və hasilatına ciddi problemlər yaratmır, gələn ildən Venesuela da hasilatı 2 dəfəyədək artırmağı planlaşdırır. Göründüyü kimi, bütün bu proseslər neftin daha da ucuzlaşacağına dair proqnoz verməyə ciddi əsaslar yaradır".

İqtisadçı dünya bazarında neftin gələn ildən sürətlənən qiymət enişinin Azərbaycan üçün hansı perspektivləri vəd etməsinə də münasibət bildirib:

"Artıq dünya bazarında cari qiymət büdcədə götürülən 1 barrel üçün 60 dollar həddindən aşağıdır. Hazırda "Brent" markalı neftin dünya bazar qiyməti 58 dollardır. Təbii ki, bu, büdcədə neftin qiymətinə yenidən baxılmasına zərurət yaradır. Fikrimcə, növbəti ilin büdcəsi üçün adekvat qiymət 40 dollar götürülməlidir. Hətta qiymət o səviyyədə ucuzlaşmasa da xarici şoklardan sığortalanmaq üçün büdcədə neftin qiyməti aşağı salınmalıdır. Neftin qiymətinin ucuzlaşması icmal büdcənin gəlirlərinə də təsirsiz ötüşmür. Odur ki, Dövlət Neft Fondunun büdcə gəlirlərinin aşağı salınmalı və icmal büdcənin bu mənbədən gəlirinə də düzəliş olunmalıdır. Neftin dünya bazar qiymətinin ucuzlaşması Azərbaycanın ixrac gəlirlərinin azalmasını, tədiyyə balansında kəsirin yaranmasını şərtləndirir ki, bu da orta və uzunmüddətli dövrdə manata təzyiqləri artıracaq".

Qeyd edək ki, dünya birjalarında neft kəskin ucuzlaşmaqdadır. Son iki ay ərzində "Brent" markalı neftin qiyməti 87 dollardan 58 dollara qədər enib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR