Partiyalar iftar süfrəsi açacaqmı?

9-05-2019, 17:19 342 dəfə baxılıb

Partiyalar iftar süfrəsi açacaqmı?


Hər il Ramazan bayramında əksər siyasi partiyalarda iftar süfrələri açılır. Bu bayram süfrəsi açılması Türkiyədə daha çox formalaşmış ənənədir. Orada partiyalarda, müxtəlif rəsmi qurumlarda iftar süfrələri təşkil edilir.

Amma maraqlıdır ki, İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani nazirliyin tabeliyindəki şirkətlər, idarələr və müəssisələr tərəfindən istənilən iftar mərasimlərinin keçirilməsini qadağan edib. Nazir qadağanın səbəbini maliyyə ehtiyatlarında qənaət və qeyri-zəruri xərclərin qarşısının alınması ilə əlaqələndirib.

Bizdə isə bəzi partiyalar iftar süfrəsi açmağı ənənəyə çeviriblər. Partiyalarla əlaqə saxlayaraq iftar məclisləri təşkil edib-etməyəcəklərini soruşduq.

AĞ Partiya başqanının müavini Əhəd Məmmədli “Yeni Müsavat”a bildirdi ki, rəhbərlik və üzvlərin əksəriyyəti oruc tutur: “Üzvlərimizlə bir-birimizə iftar süfrəsi veririk. Bu ənənə davam edəcək”.

“Gələcək Azərbaycan” Partiyasının sədri Ağasif Şakiroğlu qeyd etdi ki, partiya fəaliyyət göstərdiyi mərkəzi qərargahından təxminən bir ay bundan öncə çıxarılıb: “Ötən il qərargahımız olan zaman partiya üzvlərinə iftar süfrəsi verilmişdi. Bu il qərargahsız qaldığımızdan və problemi hələ çözə bilmədiyimizdən bu məsələ sual altındadır. Hər hansı bir restoranda da bu işi təşkil etmək imkanı olduqca aşağıdır. Bu səbəbdən düşünürəm ki, hansısa partiya fəalımızın geniş ev imkanı olarsa, yalnız orada təşkil edə bilərik. Amma bu da hazırda dəqiq deyil”.

Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyəti üzvü Xəzər Teyyublu partiyada oruc tutanların olduğunu qeyd etdi. O, iftar süfrəsi təşkil olunacağı barədə hələlik qərar verilmədiyini açıqladı.

Vətəndaş Həmrəyliyi Partiyasının şöbə müdiri Səlahəddin Əsgər Ramazan ayının təzə başladığını bildirdi: “Partiya rəhbərliyində olan bir sıra şəxslər iftar süfrələri təşkil edirlər, rayon təşkilat sədrləri də edirlər. Bu il də yəqin ənənələrinə sadiq olarlar”.

ADP sədrinin müavini Həsrət Rüstəmov bildirdi ki, Ramazanda həmişə partiya sədri oruc saxlayan fəalları üçün iftar təşkil edir: “Yəqin bu il də belə olacaq. Hələ ay təzə başladığı üçün dəqiq bir məlumatım yoxdur”.

Qeyd edək ki, Müsavat Partiyası, AXCP və digər partiyalarda da iftar süfrəsi açılacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR