"Bizim erməni virusuna yoluxmaq durumumuz nə yerdədir?"

2-03-2020, 13:01 282 dəfə baxılıb

"Bizim erməni virusuna yoluxmaq durumumuz nə yerdədir?"


Zehinlərin savaşı...
Mədəniyyətlərin toqquşması...
İnformasiya müharibəsi...

Bir gerçək dünya var...
Bir böyük güclərin planlaşdırdığı dünya modeli var...
Bir də dünyanı bəşəriyyətə təqdim edən, dünya haqqında beynəlxalq ictimai rəyi formalaşdıran informasiya şəbəkəsi var.
- İnsanların gördüyü-bildiyi bunlardan hansıdır?!
- İnsanlar bilavasitə görmə/duyma məsafəsində olanları, bir də ona təqdim olunanları görə bilir.
Böyük güclərin planlaşdırdığı dünya modeli - qlobal proje/layihələr gizli saxlanır. Üzə çıxarılan bu qlobal layihələri həyata keçirmək üçün vacib olan hazırlıq işləri, ilkin addımlardır. Bu addımların arxasında nə gizləndiyini sadəcə o layihəni quranlar bilir(di). Beynəlxalq ictimaiyyət isə bunlardan xəbərsizdir, çünki gizli saxlanır.
İnformasiya, ictimai rəy, psixoloji durum... Və ən əsası lokal siyasi güclərin, dövlət rəhbərləri və xarici siyasət "uzmanlarının", yerli ideoloqların dünyaya baxışlarının yönləndirilməsi, onların da hərlənib-fırlanıb bu tilova düşməsi...

Bəli, yeni dövrün yeni də müharibə formaları var.
Qloballaşma şəraitində hər ölkənin daxili ictimai rəyi yetərli olmur; beynəlxalq ictimai rəy böyük güclərin uzun əli ilə dünyanın fərqli məkanlarındakı “daxili” məsələlərin həllinə təsir edir, onlara yön verir.
İctimai rəy təkcə münaqişələrin, müharibələrin gerçək səbəbləri, haqlı və haqsız məqamları ilə bağlı deyil, həm də bu müharibənin tərəfləri olan ölkələr haqqında, onların demokratiya, hüquqi dövlət standartlarına uyğunluğu haqqında təsəvvürlər, gerçək və yanlış məlumatlar əsasında formalaşır. Yəni ölkəyə olan münasibət konkret hadisəyə də münasibət üçün şərt olur. Ona görə də münaqişənin həlli bəzən ölkələrin ictimai-siyasi durumu ilə müəyyənləşir.
Bəs bu sahədə erməni sindromu/virusu necə təzahür edir və bizim bu virusa yoluxmaq durumumuz nə yerdədir?
İlk baxışda ermənilər də beynəlxalq ictimai rəyi öz xeyirlərinə dəyişmək üçün işlər görür, özlərini yazıqlamaqla başqa xalqların simpatiyasını qazanırlar. Və bu aldadıcı vəziyyət hərdən bizimkilərin də analoji kampaniyalar təşkil etməsinə, "soyqırımı tanıtmaq" illüziyasına qapılmağımıza səbəb olur.
Amma bir neçə mühüm məqamı unuduruq.
Əvvəla, bu cür məsələlər, lokal gerçəklərin beynəlxalq ictimai rəyə təqdim edilməsi ildə bir dəfə - kampaniya şəklində həyata keçirilməməlidir. Ağlayıb-sızlamaq fərdi miqyasda, kimlərdəsə bir duyğusal münasibət yarada bilər, amma dövlət siyasəti miqyasında çox vaxt əks effekt yaradır. Biz məhz bu cür kampaniyaçılığı erməni sinromu adlandırmışdıq. Kim isə deyə bilər ki:
- Bəs onda ermənilər bu yolla necə uğur qazanırlar?
- Bu, ermənilərin uğuru deyil, dünya öncədən yönləndirilib və ancaq görmək istədiyini görür. Yəni böyük güclərin layihələrinə uyğun olduğuna görə.
- Bəs onda biz nə etməliyik?
- Öncə beynəlxalq ictimai rəyi formalaşdıran amilləri kompleks halda, sistemli şəkildə gözdən keçirməli, özümüzə yenidən nəzər salmalıyıq. İkincisi, düşdüyümüz labirintə daha böyük kontekstdə baxmalı, ən azından indi Suriyada baş verənləri, milyonlarla qaçqın-köçkünün bütün dünyanın gözü qarşısında necə, hansı ssenarilərlə həyata keçdiyini, bunu törədənlərin kimliyini götür-qoy etməli, öz problememezlə müqayisələr aparmalıyıq.
Daha sonra o böyük layihələri hazırlayanların məqsədlərinə ulaşmlıyıq. Onlar əslində nə istəyirlər? Nə istədiklərini bilirlərmi, yoxsa yeni texnoloji vasitələr, iqtisadi və hərbi güc inersiya ilə əski ideoloji layihələrin gerçəkləşdirilməsinə yönəldilir? Bəlkə bu böyük güc dediyimiz subyektlər də əslində nə istədiklərini dəqiq bilmirlər?
Dünya müharibələrinin və o vaxtdan qalan nihilist və antihumanist ideologiyaların sadəcə tarixi deyil, indi də davam edən gizli həyatı var. Müharibənin ancaq görünən tərəfləri bitmiş və bəzi tərəf-müqabillər dəyişmişdir.
İdeoloji inersiya... Əski düşüncələrin yeni dövr üzərinə saldığı qaranlıq ləkələr; Marşall planları və bu qəbildən olan neçə-neçə məkrli tuzaqlar...
Onlar bu qartmış, doqmtikləşmiş ideoloji kabusun kölələrinə çevrilmişlər. Və yeni fəlsəfələr qafaları sarmış olan bu ideoloji doqmatizmdən xilas yolu aramaq əvəzinə, yaxasını kənara çəkir, özünə qondarma problemlər oluşdururlar. Bəli, müasir Qərb bu absurdun çözülməsinə yaxın durmur. Bu vəziyyət Qərb filosoflarını bəlkə heç narahat da eləmir. Düzdür, tək-tək filosoflar bu vəhşətə seyrçi münasibət bəsləməyərək, sözlərini deyirlər. Amma tək-tək... Çünki əslində bu problem onlardan əvvəl bizim problemimizdir. Çünki od düşdüyü yeri yandırar. Və xilas/şəfa pöhrələri də öncə burda cücərməlidir.
Hələ oluşmamış fəlsəfəmizə rekviyemmi yazaq?!
Nə qədər ağır bir missiya!
Ağır, amma şərəfli!
Ya doğulacaqsan, oluşacaqsan və dünyanı bu yanlış ideoloji axından xilas edəcəksən, ya da bu zehinlərin savaşına heç girmədən məğlub duruma düşəcəksən - budur tarixin qarşıya qoyduğu vəzifə.

Səlahəddin Xəlil,
fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR