Xalq artistinin qızı: Mən ona erməni deyil, sehrbaz kimi baxıram

13-07-2016, 09:48 667 dəfə baxılıb

Xalq artistinin qızı: Mən ona erməni deyil, sehrbaz kimi baxıram










Xalq artisti Ramiz Novruzun son vaxtlar adı mətbuatda erməni stilistlə birgə hallanan qızı, tanınmış stilist Şəfəq Novruzova aznews.az-a müsahibə verib

Həmin müsahibəni təqdim edirik:

- Georgi Kotu haradan tanıyırdınız?

- Azərbaycanda onu heç kim tanımırdı. Mən isə onu İnstaqramdan tanıyırdım. Onu ilk dəfə görəndə düşündüm ki, Yer üzündə belə stilist ola bilməz. Çox ustalar tanımışam. Amma heç bir usta məni heyrətləndirə bilməyib. O isə məni sözün əsl mənasında təəccübləndirdi. Lakin indi onun işi də mənim üçün adiləşib. Mən onu görəndə “bir stilist saçı əlində belə firlada bilməz” deyə şoka düşmüşdüm. Onun yanına Azərbaycandan ilk gedən mən olmuşam.

Məndən sonra Azərbaycandan Georgi Kota yollar açıldı. Əslində buna çox sevinirəm, çünki mən nə edirəmsə, kimlərsə arxamca gəlir. Hamı bilir ki, mənim atdığım addım səhv deyil. Sevinirəm ki, onlar məni özlərinə kumir seçirlər.

- Şəfəq xanım, sonradan onun erməni olması ortaya çıxdı.

- Biz bilirik ki, ermənilərin soyadının axırı “yan”la bitir. Mən də o qədər də gözüaçıq deyiləm ki, soyadı başqa cür bitən birinin erməni olduğunu düşünəm. İnanmazdım ki, o, erməni olar. Getdim yanına, dərs aldım. Dərs keçdiyimiz anlardan fotolar paylaşdım. Bir də baxdım yazırlar ki, utanmırsınız, erməninin yanında dayanmısınız, ondan dərs alırsınız. Şoka düşdüm. İnsanlar həm də başqalarının tərcümeyi-halını oxuyurlar. Mən isə bütün bunları oxumadan onun yanına getmişəm. Sən demə, onun atası rus, anası isə ermənidir.

- Siz onun yanında nə qədər qaldınız?

- Haradasa iki həftə.

- Sizdən sonra həmin ermənidən dərs almaq üçün Azərbaycan stilistlərindən onun yanına gedən oldu?

- Əlbəttə. Məndən sonra Azərbaycanda Georgi Kot dəbə düşdü. O, söhbət əsnasında dedi ki, Azərbaycandan mənim yanıma ilk gələn sizsiniz.

- Bəs niyə “Şəfəq Novruzova ermənidən dərs alıb”, “Erməni ilə şəkil çəkdirir” deyə təkcə sizi ittiham etdilər?

- Ondan dərs alan həmkarlarımın məni hədəfə gətirdiyinə işarə edirsinizsə, mən belə düşünmürəm. Stilistlərin hamısının bir amalı var, bu sənəti mükəmməl öyrənib pul qazanmaq, vəssalam. Onun sənətinin böyüklüyünü görüb Georgi Kotu Azərbaycana dəvət etmişdim, hətta ona buna görə qabaqcadan avans da vermişdim. O, Bakıya aprelin 7-də gəlməliydi.

Mən heç vaxt bilməzdim ki, atası rus, anası erməni olan bir stilistin gəlişi Azərbaycanda sensasiyaya səbəb ola bilər. Bizdə əsas atadır. Ata haralıdırsa, uşaqlar da oralı sayılırlar. Bundan əlavə, mən onun yanına gedəndə erməni olduğunu bilmirdim. Bunu onun yanında olarkən mənə gələn mesajlardan bildim. Araşdırdım, baxdım ki, anası ermənidir. Amma yenə də fikirləşdim ki, atası rusdur, əsas da ata tərəfdir.

- Necə oldu ki, Georgi Kotun Bakı səfəri təxirə salındı?

- Baxdım ki, mesajların ardı-arası kəsilmir, mən də təxirə saldım. Erməni olsa da, bu insan sənətkardır. Bəlkə də dünyada tapıntıdır. Qeyri-adi stilistdir, mən ona erməni deyil, sehrbaz kimi baxıram. Bu günə kimi məni heç bir stilist təəccübləndirməyib. Yeri gələndə mənim imkanım da böyükdür, buradan Amerikaya kimi gedə bilərəm. Ərəblər də gözəl saç düzümləri edirlər, oraya da gedə bilərdim. Amma çox araşdırandan sonra qənaətə gəldim ki, bu sənətdə yeganə sənətkar budur.

- Ünvanınıza deyilən dedi-qodulardan sonra erməni stilistlə əlaqənizi kəsdiniz, yoxsa...

- Yox, mən ondan dərs aldığıma görə ünvanıma deyilənlərlə bağlı heç nə düşünmürəm. Mən ona ancaq sənətkar gözü ilə baxıram. Onun milliyyəti məni qətiyyən maraqlandırmır. O da istəməzdi ki, bu söz-söhbətlər, xalqlar arasında dava olsun. Məndə videolar var. Bunlar faktdır. Erməni mənim şərəfimə Azərbaycan mahnısı oxutdurur. Özü də dərs gedə-gedə. Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısı oxunur, o da bərkdən deyir ki, gəlin Şəfəqi alqışlayaq.

Qoy məni pisləyənlər bilsinlər ki, Kotun Azərbaycan-Ermənistan davasından xəbəri yox idi. O, bu dava haqda məndən eşidəndə şoka düşdü. Kot Soçidə yaşayan adam olub, bu boyda davadan xəbəri olmayıb. Ümumiyyətlə, o akademiyada erməni-müsəlman davasından çoxunun xəbəri yox idi. Mən bunu Georgiyə deyəndə gözləri kəlləsinə çıxmışdı. Dedi ki, yəni bunlar doğrudan baş verib? İnternetdə bütün faktları qoydum qarşısına. Pis olmuşdu. Amma Georgini Bakıya dəvət etməyimi şişirtdiyinə görə bəzi şəxslərə “təşəkkür edirəm”.

- Niyə?

- Mənim bir sözüm var. Həmişə deyirəm ki, mən Allahın sevimli bəndəsiyəm. Burada çox məna var. Allah həmişə pis insanların iç üzünü mənim qarşımda açır. Aprel döyüşləri oldu. Şəhidlərin 3-ü aprelin 7-nə düşürdü. Həmin gün də Georgi Bakıya gəlməliydi. Nə yaxşı ki, əvvəlcədən bu dedi-qodunu görüb onun Bakıya olan səfərini təxirə salmışdım. Nə yaxşı ki, mənim bəzi həmkarlarım üstümə hücuma keçdi, adımı erməni ilə iş birliyində hallandırdılar. Onlar bilmədən mənim gözdən düşməyimin qarsısını aldılar.

Özləri də bilmədən mənə kömək əli uzatdılar. Sağ olsunlar, onlar mənim xalqın gözündən daha da düşməyimə mane oldular. Çünki aprelin 7-si, şəhidlərin 3 mərasimində, o, Bakıya gəlsəydi, bəlkə də məni yumurta yağışına tutardılar. Çünki həmin döyüşlərdə mənim də yaxınlarım şəhid oldular. Düşünürəm ki, mən yuxudan ayılıb onun Bakı səfərini təxirə salmasaydım, gözdən düşəcəkdim. Əgər belə bir hadisə baş versəydi, özümün-özümə hörmətim azalardı. Paxıllığımı çəkənlərə təşəkkür edirəm. Onlar məni xalq qarşısında biabırçılıqdan qorudular.

- Bütün bunlardan sonra erməni stilistdən yenə dərs almaq istəyirsiniz?

- Gizlətmədən deyirəm ki, hə. Mən onun sənətini sevirəm. Bizim üçün onlar düşməndir. Amma eyni zamanda onlar da bizi düşmən sayırlar. Biz nə deyiriksə, onlar da elə deyirlər. Bütün bunlara baxmayaraq, Kot, həqiqətən də, sənətkardır. Nə qədər nəfəsim var, ürəyim istəyəndə bilet alıb onun yanına gedəcəyəm. Onun əllərinə baxanda ilham alıram.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR