"Onların içərisində başları kəsilən..."

26-02-2020, 00:10 256 dəfə baxılıb

 "Onların içərisində başları kəsilən..."


Prezidentin keçmiş köməkçisi, hazırda Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri vəzifəsində çalışan Əli Həsənov Xocalı faciəsi barədə geniş məqalə yazıb. Məqalə rəsmi informasiya agentliyi olan "Azərtac"da tirajlanıb.

Əli Həsənov məqaləsinə ölkə başçısı İlham Əliyevin Xocalı faciəsi barədə fikirlərindən sitat gətirməklə başlayıb.

Daha sonra faciənin mahiyyəti, baş vermə səbəbləri, Azərbaycan dövlətinin ermənilərin törətdiyi bu bəşəri cinayətə beynəlxalq aləmin diqqət yetirməsi üçün atdığı addımlara toxunub. Məqalədən bəzi hissələri təqdim edirik:

"Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur...

...Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu. Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi...

...1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər ağır işgəncələrə məruz qalanlar çoxluq təşkil edirdi.

Bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi...

...Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. 1994-cü ilin fevralında Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri təhlil edərək, ermənilərin törətdikləri cinayət əməllərinin azərbaycanlılara qarşı soyqırımı olduğunu beynəlxalq hüquq məsuliyyəti baxımından təsbit etmiş və 26 fevral tarixinin "Xocalı soyqırımı günü" kimi qeyd olunması haqqında qərar vermişdir. Məhz 1993-2003-ü illərdə Heydər Əliyevin rəhbərliyi altında Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində olduqca əhəmiyyətli işlərin görülməsinə başlanılmışdır. Bundan əlavə, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR