Gürcüstan nə qazandı və Azərbaycan nə qazana bilər(di)?

4-07-2020, 14:25 259 dəfə baxılıb

“Bakı gec-tez əsas iqtisadi tərəfdaş kimi Moskvadan imtina etməli olacaq və bu, nə qədər tez baş versə, bir o qədər yaxşıdır”

Gürcüstan Avropa İttifaqı ilə Assosiasiya Sazişinin imzalanmasının 6-cı ildönümünü qeyd edir, ölkə rəhbərliyinə Avropa diplomatları və digər yüksək vəzifəli şəxsləri tərəfindən təbriklər gəlməkdədir. Məsələn, Aİ-nin Gürcüstandakı səfiri Karl Hartsel bu müqavilənin "güclü və inkişaf edən münasibətlərimiz üçün" əsas olduğunu söyləyib. O, Gürcüstanı son bir ildə əldə etdiyi irəliləyiş münasibətilə təbrik edib və söz verib ki, qarşıdan gələn seçkiləri yaxından izləyəcəklər.

“Məhkəmə sistemi də daxil olmaqla, hüquqi islahatlarla əlaqədar hökumətdən daha çox səy göstərməsini gözləyirik. Ümid edirəm ki, iqtisadi sektorun daha da gücləndirilməsi və investorlar üçün daha cəlbedici mühit yaratmaq üçün səylərimizi birlikdə davam etdirəcəyik”, - deyə Hartsel bildirib.

Gürcüstan Xarici İşlər naziri David Zalkaliani xalqa müraciətində, 2014-cü ilin iyununda imzalanan bu müqaviləni Gürcüstanın daha güclü bir ölkəyə çevrilməsi üçün bələdçi adlandırıb. O deyib ki, Gürcüstanın Aİ ilə inteqrasiyası ölkənin ərazi bütövlüyünün bərpası və barışıq siyasəti ilə bağlıdır: “Münaqişələrin sülh yolu ilə həlli Gürcüstanla Aİ arasında siyasi dialoqun əsas məsələlərindən biridir”.

Gürcüstan Prezidenti Salome Zurabişvili də məsələ ilə bağlı açıqlama verib: “İllərlə davam edən kontaktlar və bir-biri ilə yaxınlaşma Avropaya inteqrasiya prosesinin alternativi olmadığını göstərdi. İndi Gürcüstan Avropa yolunda daha konkret addımlar atmağa hazırdır”.

Maraqlıdır, bu 6 ildə Gürcüstanda nələr və nə qədər dəyişib? Aİ ilə vizasız rejimin axırı nə oldu? Bəlkə, İttifaqla imzalanan Assosiasiya Sazişində illər keçəndən sonra üzə çıxan bəzi çatışmazlıqlar var?

Xatırladaq ki, siyasi vəziyyətin müəyyən dərəcədə dəyişməsi Azərbaycanın da Aİ ilə belə bir müqavilə imzalamasının mümkünlüyünü istisna etmir. Təəssüf ki, bu, hələ qismət deyil. Bu baxımdan xalqımızın Avropa ilə yaxınlaşmanı ehtiva etdiyi hansı üstünlüklərdən məhrum olduğunu kənar mütəxəssisin dilindən eşitmək də maraqldır.

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı mütəxəssisi Gela Vasadze AYNA-ya deyib ki, Aİ ilə Assosiasiya Sazişinin imzalanması Gürcüstanın 30 il əvvəl etdiyi seçimdir: “Bu seçim yalnız Avropanın yanında olmaq demək yox, həm də onun tamhüquqlu üzvü, bir hissəsi olmaqdır. Avropa bu gün hər şeydən əvvəl standartlardır - azad iqtisadiyyatı olan hüquqi, demokratik bir dövlətin standartları. Aydındır ki, ölkələrin xüsusiyyətlərindən asılı olaraq dövlətlərin tənzimləmə səviyyəsi və hüquqi bazası da fərqli ola bilər. Bu gün, hətta Avropa İttifaqı daxilində də normalar çox fərqlidir, amma əsas baza dəyərləri hamı üçün yenə də eynidir. Gürcüstan əhalisinin 80%-dən çoxu ölkənin Avropa ilə inteqrasiyasını dəstəkləyir”.

“Assasiasiya Sazişinə gəldikdə, bu barədə ilk olaraq, vizasız rejim və sərbəst ticarət müqaviləsi yada düşür. Əlbəttə ki, bunun ikisi də bizim üçün pozitiv faktordur. Bu gün Aİ Gürcüstanın əsas ticarət tərəfdaşıdır və ölkə vətəndaşları sərbəst şəkildə Avropaya gedə bilirlər. Buraya həm işgüzar səfərlər, həm də təhsil və turizm daxildir. Bundan əlavə, vətəndaşlarımızın Avropada qanuni işləmək imkanı var. Bu da olduqca vacibdir, çünki orada işləyən və ya oxuyanlar unikal təcrübə qazanırlar və geri qayıtdıqdan sonra həmin təcrübəni Gürcüstanda tətbiq edirlər”, - ekspert bildirib.

Vasadzenin sözlərinə görə, sərbəst ticarət razılaşması da az əhəmiyyət kəsb etmir: “Avropa İttifaqı dünyanın ən böyük bazarıdır və əslində bu gün yalnız bizim bu bazarı nə dərcədə mənimsəməyimiz biznesimizdən asılıdır. Bu proses bizim istədiyimiz sürətlə getmir. Belə ki, Avropa bazarı üçün çox yüksək standartlar mövcuddur. Lakin vaxt keçdikdən, o bazara adaptasiya olunduqdan sonra gələn gəliri digər bazarlarla müqayisə belə, etmək mümkün deyil. Yəni, hər şey bir anda baş verməyəcək. Ancaq bütün bunlar ən vacib məsələlər deyil - Assosiasiya Sazişinin Gürcüstanın demək olar ki, bütün sahələrdə Avropa standartlarına keçməsini təmin etməsi daha vacibdir. Aİ bu planların həyata keçirilməsində nəinki kömək edir, həm də bu standartlara riayət olunmasını təmin edir. Və bu, razılaşmanın əsas müsbət cəhətidir”.

“Bütün sahələrdə çatışmazlıqlar ola bilər. Məsələn, Avropa standartlarına keçid nəticəsində tütün məhsullarının qiymətlərinin çox artırılması məni narazı salan cəhətdir. Ancaq kimsə həmişə nəyisə bəyənməyə bilər – pozitiv cəhətlərin mənfilərdən daha çox olması vacibdir”, - o vurğulayıb.

O ki qaldı Aİ ilə Assosiasiya Sazişinin olmamasından Azərbaycanın bu vaxta qədər mümkün itkilərinə, gürcü ekspertin sözlərinə görə, əsas olan Avropa bazarıdır: “Şübhəsiz ki, Şimaldan Qərbə istiqamətləndirmə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün böyük fayda gətirə bilər. Və burada çox böyük potensial var. Bundan əlavə, bu, gələcək üçün vacib siyasi bir məsələdir. Onsuz da Bakı gec-tez əsas iqtisadi tərəfdaş kimi Rusiya Federasiyasından imtina etməli olacaq və fikrimcə, bu, nə qədər tez baş versə, bir o qədər yaxşıdır. Bununla yanaşı, bu saziş Moskvanı Azərbaycana qarşı ciddi siyasi təzyiq riçaqlarından məhrum edəcək. Unutmayın ki, Avropa əmək bazarı Rusiya bazarı ilə müqayisədə daha cəlbedicidir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR